İnformasiya ombudsmanı müstəqil olmalıdır
Ötən gün
Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanın İnsan haqları
üzrə müvəkkilinin 2017-ci üzrə hesabatı təqdim olunub. Hesabatın müzakirəsi
zamanı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək
məruzədə ombudsmanın ümumi fəaliyyəti ilə bağlı dolğun məlumatın əksini
tapdığını bildirib. Bununla yanaşı, o, təəssüflə vurğulayıb ki, belə müsbət
fikirləri məruzənin informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı söyləmək
qeyri-mümkündür: "Görülən işlərdən söhbət açmaq əvəzinə, burada ümumi
xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alıb. Mən ötən il müvəkkilin
hesabatı müzakirə olunan zaman bildirmişdim, yenə də həmin fikrimin üstündə
qalıram. Nə qədər ki, ombudsman məlum qanunun tələblərindən irəli gələn
vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq. Söz və ifadə azadlığının
dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir. Cənab prezident
İlham Əliyev bunu dönə-dönə vurğulayıb. Dövlət bu istiqamətdə olan proseslərə
hər zaman böyük önəm və dəstək verib. Belə olan halda müvəkkilin informasiya
əldə etmək haqqında qanundan irəli gələn tələblərini yerinə yetirmək resursunun
olmamağı təəccüblüdür. Artıq neçə ildir ki, hesabatda ombudsmanın bu
istiqamətdə strukturunun təkmilləşməsi, bu məqsədlə ştat və maliyyənin
ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs
olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə
öyrənilməlidir”.
Əflatun Amaşovun ombudsmanın hesabatına iradlarını nəzərə alaraq
media ekspertlərinin də bu məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.
Mətbuat Şurasının
İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədr Yadigar Məmmədli deyilən
iradlar əslində yeni olmadığı, uzun müddətdir ki, səsləndirildiyini bildirdi: "2005-ci
ildə "İnformasiya azadlığı haqqında” qanun qəbul edilən zaman onun böyük bir
fəsli media ombudsmanın yaradılmasına həsr olundu. Amma təəssüf ki, bu iş 2009-cu
ilə qədər yerinə yetirilmədi. Və həmin il bu funksiya Elmira xanımın rəhbərlik
etdiyi insan hüquqları üzrə ombudsmana həvalə edildi. İşin genişliyinin,
spesifikliyinin müəyyən çətinliklər yaradacağını bilirdik. Biz informasiya
sahəsində ombudsmanının ayrı olmağının tərəfdarı idik. Və ona görə də bu qərara
qarşı çıxdıq. Çünki bu sırf jurnalistika ilə bağlı deyil. Bizim hər bir
vətəndaşımız informasiya əldə etmək hüququna malikdir və bu, qanunda da öz
əksini tapıb. Yəni dövlət qurumları həmin şəxslərə informasiya verməlidir. Amma
çox təəssüf ki, bəzi məqamlarda qurumlar informasiya verməkdən yayınır”.
Müsahibimiz
jurnalistlərin informasiya əldə etməklə bağlı problemlərinin olduğunu qeyd etdi:
"Hamıya məlum məsələdir ki, jurnalistlərin informasiyanı ilkin mənbədən əldə
etmək imkanları çox məhduddur. Bir sıra qurumlar jurnalistlərə açıq deyillər.
Yaşanan bu və ya bu kimi problemlər mütləq surətdə öz həllini tapmalıdır. Cənab
prezident də bununla bağlı dəfələrlə fikir bildirib. Ona görə də biz istəyirdik
ki, ayrıca bir qurum yaradılsın. İnformasiya sahəsində ayrıca bir müvəkkilin
olması işin xeyrinə olardı. Elmira xanımın da son hesabatındakı fikirlər
informasiya sahəsində olan bütün nüansların hamısını əhatə etmirdi. Belə ki, bu
sahədə yaşanan problemlər orada qaldırılmadı, görülən işlərdən danışılmadı. Bu
baxımdan düşünürəm ki, müəyyən tənqidlər olmalı idi. Mətbuat Şurasının sədri
Əflatun bəyin fikirləri də çox yerində bildirilmiş iradlar idi. Şəxsən mən də
onunla həmfikirəm. Çünki təcrübə göstərir ki, ombudsmana həvalə edilən bu iş
kifayət qədər keyfiyyətli görülmür. İşin keyfiyyətli görülməsi üçün ayrıca bir
quruma ehtiyac var. Təbii ki, yeni qurumun yaradılması üçün ilk olaraq
qanunvericilik bazası olmalıdır. "İnformasiya azadlığı haqqında” qanunda
ombudsmanla bağlı olan həmin fəsil yenidən yerinə qaytarılmalıdır. Yalnız
bundan sonra qanunvericilik əsasında müəyyən addımlar atmaq olar. Hazırda
texnika və texnologiyanın inkişaf etdiyi, informasiyanın operativ şəkildə
yayıldığı bir zamanda belə bir quruma mütləq şəkildə ehtiyac var. Məncə, artıq
bu qurumun yaradılmasının zamanı çatıb. Həmin qurum yaradılarsa, informasiya
sahəsində yaşanan bir çox problemlər də öz həllini tapar”.
Mətbuat Şurası
sədrinin müavini, media eksperti Müşfiq Ələsgərli deyir ki, əslində
Əflatun müəllimin çıxışını irad yox, təklif kimi qiymətləndirmək daha
məqsədəuyğundur: "Yəni təkcə Əflatun Amaşovun yox, hamımızın düşüncəsi bu
istiqamətdədir. Bildiyimiz kimi, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında”
qanun qəbul edildi. Həmin qanun nəinki ölkəmizdə, həmçinin Avropa məkanın bu
sahədə qəbul olunan ən yaxşı qanunvericilik aktlarından biridir. Qanun təkcə
jurnalistlərin deyil, bütün vətəndaşların informasiya əldə etmək hüququnu
tənzimləyir. Qanunda çox haqlı olaraq nəzərə alınıb ki, informasiya verməli
olan orqan məlumatı verməkdən imtina edərsə, gecikdirərsə müəyyən məsuliyyətə
cəlb olunacaq. Yəni belə deyə bilərik ki, qanun və dövlət qurumların üzərinə
informasiya vermək öhdəliyi qoyub. Əgər qurum bu öhdəliyi yerinə yetirməzsə, buna görə
məsuliyyət daşıyır. Həmin məsuliyyəti də müəyyən edən orqanlardan biri də
informasiya ombudsmanıdır. Qeyd etdiyim qanunda göstərilirdi ki, informasiya
ombudsmanı informasiya əldə etmək istəyən tərəfin hüquqlarını tənzimləyir. Kiminsə
bu hüququ pozularsa, ombudsman dərhal müdaxilə edib məsələlinin həlli
istiqamətində müəyyən tədbirlər həyata keçirməlidir. Həmçinin qanunda nəzərdə
tutulmuşdu ki, informasiya ombudsmanı müstəqil bir qurum kimi yaradılmalıdır.
Amma çox təəssüf ki, 2009-cu ildə gözlənilmədən qanunda dəyişiklik edildi. Və
dəyişikliyə əsasən, müstəqil qurum yaradılması yerinə, onun səlahiyyətləri
insan hüquqları üzrə ombudsmana verildi. Lakin ombudsman aparatı bu sahədəki
işləri idarə etmək üçün lazım olan mexanizmi qura bilmədi. Bu məsələ ilə bağlı
dərc olunan yazıları oxudum. Bəziləri məsələni yanlış qiymətləndirərək Əflatun
müəllimin Elmira xanımı ittiham etdiyini zənn edib. Amma burada söhbət konkret
olaraq Elmira xanımın işindən getmir. Bu xanım öz işini kifayət qədər lazımı
səviyyədə həyata keçirir. Lakin bu sahə o qədər genişdir, dövrümüzdə o qədər
informasiya bolluğu yaşayırıq ki, onu hansısa başqa bir qurumun tərkibinə
calayıb iş görmək çətin məsələdir. Ötən 8 ildəki təcrübə də bunun bariz
nümunəsidir. Bu sahədə olan boşluğun əsas qaynağını tapıb, məsələni həll etmək
lazımdır. Bunun üçün də informasiya ombudsmanına böyük ehtiyac var. Çünki
hazırda bu sahədə mövcud olan problemlərin həlli birbaşa olaraq informasiya
ombudsmanının səlahiyyətlərinə daxildir”.
Ekspert həmçinin qeyd etdi ki, bu qurumu yaratmaq
üçün ilkin olaraq qanunu dəyişmək lazımdır. Hansı ki, 2005-ci ildə necə qəbul
olunmuşdusa, elə həmin varianta qaytarmaq və icrasına nail olmalıyıq.
Günel Azadə