İlham Əliyevin Vladimir Putinə zənginin əsas səbəbi nə idi?
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyəyə
rəsmi səfər edəcəyi xəbəri günlər öncəsindən yayılmışdı. Müdafiə naziri Zakir Həsənovun
Ceyhun Bayramovla birgə Ankaraya gedib Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğanla
görüşdüyü xəbəri isə həmin gün yayıldı. Ceyhun Bayramovun Türkiyəyə səfəri və
görüşləri geniş işıqlandırıldı, Zakir Həsənovun isə Ankarada hansı mövzuları
müzakirə etməsi haqqında məlumat yayılmadı.
Azərbaycan nümayəndə heyətinin Ankaraya səfərindən bir
gün sonra Türkiyənin müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi Yaşar Güler,
o cümlədən qardaş ölkənin müxtəlif qoşun növləri komandanları Azərbaycana gəldilər.
Üstəgəl Azərbaycanla Türkiyənin avqustun 10-da tamamlanması planlaşdırılan hərbi
təlimləri bir neçə gün də uzadıldı. Bütün bunlar təsadüfdürmü?
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın
indikindən daha üst səviyyəyə qaldırlması istiqamətində danışıqların getdiyini
vurğulamaq mümkündür. Bu əməkdaşlığın üst səviyyəsi iki addımın atılmasından ibarət
ola bilər:
Birincisi, Türkiyə Azərbaycanda hərbi bazaların formalaşdırılmasına
başlayır;
İkincisi, Naxçıvanın təhlükəsizliyinin qarantı olan Qars
müqaviləsinin bütövlüklə Azərbaycana şamil edilməsinə yönəlik saziş hazırlanır.
Bu prosesi müxtəlif səbəblərdən diqqətlə izləyən
ölkələr və birliklər bunlardır: Ermənistan, Rusiya, İran, NATO, Avropa İttifaqı
və ABŞ. Sonuncu üçünün Cənubi Qafqazdakı maraqları Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı
ilə tərs düşmür. Əlbəttə, Avropa İttifaqı və ABŞ Türkiyənin Aralıq dənizi
sahili ölkələrindən tutmuş Xəzər sahilinə qədər təhlükəsizlik zolağını uzatmasını
alqışlamır. Məsələn, Avropa İttifaqının iki dövləti olan Fransa və Yunanıstan
Türkiyənin Aralıq dənizi hövzəsində artan rolundan narahatdırlar. Ancaq Türkiyənin
Azərbaycanda hərbi varlığı bütövlükdə Avropa İttifaqının maraqlarına tərs deyil,
əksinə bu köhnə qitənin qazla təminatına başlayan Azərbaycanın təhlükəsizliyinin
gücləndirilməsi deməkdir. ABŞ-la Türkiyə arasındakı fikir ayrılıqlarına
baxmayaraq, Vaşinqton üçün də Azərbaycanın təhlükəsizliyinin təminat altına
alınması az əhəmiyyətli deyil.
İran Türkiyə-Azərbaycan hərbi əməkdaşlığından məmnun
deyil, ancaq Tehranın buna qarşı açıq siyasət ortaya qoyması gözlənilmir, əks
halda Azərbaycan və Türkiyə ilə münasibətlərdə gərəksiz gərginlik yaşaya bilər.
Türkiyə-Azərbaycan hərbi əməkdaşlığını diqqətlə izləyən
ölkələrin başında Rusiya gəlir. Kremlin keçmiş illərdə olduğu Türkiyə-Azərbaycan
hərbi təlimlərinə qarşı bəyanatı olmadı. Ancaq Rusiya mediasında yayınlanan
yazılardan hiss olunur ki, Moskva prosesi diqqətlə izləyir. Bu mənada prezident
İlham Əliyevin avqustun 12-də Rusiya prezidenti
Vladimir Putinə zəng etməsi təsadüfi deyil. Bu telefon danışığında Azərbaycan
prezidenti Rusiyanın himayə etdiyi Ermənistanın təxribatlarını bir-bir Putinin
diqqətinə çatdırıb.
Birincisi, İlham Əliyev deyib ki, iyulun 12-16-da Ermənistan-Azərbaycan
dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat və
təcavüz aktı nəticəsində Azərbaycanın hərbi qulluqçuları və bir nəfər mülki şəxs
həlak olub. İlham Əliyev ayrıca, Ermənistan silahlı qüvvələrinin sərhəd boyunca
kəndləri və yaşayış məntəqələrini artilleriya atəşinə tutması nəticəsində bir
çox evlərin dağıldığını və yararsız hala düşdüyünü bildirib.
İkincisi, İlham Əliyev Ermənistanın təxribatının məqsədini
Putinin diqqətinə çatdırıb: "Ermənistanın hərbi hücumunun əsas məqsədi üçüncü tərəfləri
Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək olub”. Yəni prezident demək istəyib
ki, Ermənistan Rusiyanın müdaxiləsini istəyib.
Üçüncüsü, dövlət başçısı Ermənistan-Azərbaycan sərhədində
baş vermiş toqquşmalardan sonra, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana
hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan
ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya prezidentinin
diqqətinə çatdırıb: "Ermənistan-Azərbaycan
sərhədində baş verən hərbi toqquşmadan dərhal sonra Rusiyadan Qazaxıstan, Türkmənistan
və İran İslam Respublikasının hava məkanından istifadə edərək bu günə qədər Ermənistana
daşınan hərbi təyinatlı yüklərin həcmi 400 tondan artıq olub və bu məsələ
aydınlaşdırılmalıdır”.
İlham Əliyevin Vladimir Putinə telefon zənginin əsas
səbəbi məhz üçüncü bəndlə bağlıdır. Azərbaycan prezidenti faktiki rusiyalı həmkarına
Rusiyanın Ermənistana hərbi dəstəyindən narazılığını açıq şəkildə bildirib. İlk
dəfədir ki, Azərbaycan prezidenti rusiyalı həmkarıyla telefon danışığı zamanı
bu cür iradlar səsləndirib. Azərbaycan prezidentinin rusiyalı həmkarına telefon
zənginin Türkiyənin müdafiə nazirinin Bakıda olması gününə təsadüf etməsi həm də
Kremlə mesajdır ki, "Rusiyanın Ermənistana hərbi dəstək siyasəti rəsmi Bakıya
Türkiyə ilə hərbi-strateji müttəfiqliyi üst səviyyəyə qaldırmaqdan başqa yol
qoymayıb”.
Elxan Şahinoğlu
"Atlas”
Araşdırmalar Mərkəzi