“İkinci əl” avtomobillər də bahalaşır
Dünya bazarında neftin qiymətinin aşağı düşməsinin
ciddi təsir göstərdiyi sahələrdən biri də avtomobil bazarı oldu. Bir müddət
bazarda "alan yox, satan isə çox” vəziyyəti hökm sürdü. Nəticədə "ikinci əl”
avtomobillərin qiyməti aşağı düşməyə başladı. Son günlər isə istər ilkin
avtomobil bazarı, istərsə də "ikinci əl” avtomobillərin qiymətində artım hiss
olunur. Bəs bu nə ilə bağlıdır? Ümumiyyətlə, avtomobil bazarında vəziyyət necədir?
Ekspert Azər
Allahverənov qəzetimizə
açıqlamasında bildirdi ki, "ikinci əl” avtomobillər bazara iki yolla daxil
olur. Birinci yolla daxil olanlar ölkəmizdə vaxtilə istismar olunub indi satışa
çıxarılan avtomobillərdir. Bu cür avtomobillərin qiymətində ucuzlaşma var: "O
avtomobillərdən söhbət gedir ki, onlar birinci devalvasiyadan əvvəl alınıb. Bu
cür avtomobillərin qiymətində ucuzlaşma ona görə baş verir ki, vaxtilə
istehlakçı onu manatla əldə edib. Avtomobil müəyyən müddət istismar edilir. Bu,
qiymətə də təsir göstərir. Manatla alınmış avtomobil müəyyən müddət istismar
edildikdən sonar bazara çıxarılarkən qiymətində ucuzlaşma olur”.
A.Allahverənov deyir ki, bazarda olan "ikinci əl”
avtomobillərin bir qismi də xaricdən satış məqsədi ilə yeni gətirilənlərdir.
Onların qiymətində isə ucuzlaşma yoxdur. Çünki bu avtomobillər xarici valyuta
ilə alınıb gətirilir: "2005-ci ildən sonra istehsal olunmuş avtomobillər var
ki, xaricdə satılır. Onu avtomobil satışı həyata keçirən şəxslər, firmalar əldə
edib, gətirib ölkəmizdə satışını həyata keçirirlər. Bu cür avtomobillərin qiymətində
elə də çox ucuzlaşma baş vermir. Çünki onlar avtomobili xaricdən gətirdikləri
üçün xarici valyuta ilə alırlar. İndi isə manat dollara nisbətdə xeyli ucuzdur.
Dollarla xaricdən avtomobil alıb, burda manatla ucuz qiymətə satmayacaqlar ki?
Ona görə də xarici ölkədən gətirilib bazara çıxarılan ikinci əl avtomobillərdə
qiymət ucuzlaşması müşahidə olunmur. Amma vaxtilə ölkəyə gətirilib bir xeyli
istismar edildikdən sonra bazara çıxarılan avtomobillərin qiyməti düşə bilir”.
Ekspertin sözlərinə görə, yeni istehsal olunmuş
avtomobillərin qiymətində ucuzlaşma olarsa belə, bu, müvəqqəti xarakter daşıya
bilər: "Hansısa avtomobil firması kampaniya keçirərək müəyyən müddət qiymətləri
aşağı sala bilər. Tutaq ki, yay mövsümü ilə bağlı endirim edə bilər. Amma yeni
istehsal olunmuş avtomobillərin qiymətində ucuzlaşma yoxdur. Çünki bu cür
avtomobillər xarici valyuta ilə alınıb ölkəyə gətirilir. Ona görə valyutanın məzənnəsində
hər hansı dəyişiklik baş verdikdə bu, həmin avtomobillərin qiymətinə də öz təsirini
göstərir”.
Qiymətlərin bundan sonra hansı istiqamətdə dəyişəcəyindən
danışan A.Allahverənov bildirdi ki, bazarın öz qayda-qanunları var. Baş verən
proseslərdən asılı olaraq fərqli istiqamətlərdə dəyişikliklər ola bilər: "Bazarda
qiymətlər əsasən tələb-təklifə görə dəyişə bilir. Təklif həcmi çox, tələb isə
az olarsa, bu zaman avtomobil satışı həyata keçirənlər, öz avtomobillərini
satanlar istər-istəməz bir qədər də ucuz qiymətə satmağa meyillidir. Çünki ona
avtomobili satmaq lazımdır. Əgər maşın bazarında alıcıların sayı çox olarsa,
alıcı rəqabəti müşahidə edilərsə, bu zaman qiymətlərdə də artım müşahidə oluna
bilər. Bazar bir neçə amillə bağlıdır. Deyək ki, banklar bu gün avtomobil kreditləri
vermir. Bir-iki aydan sonra banklar kredit verməyə başlasalar, biz bazarda
canlanma müşahidə edə bilərik. Əlində pul kütləsi olanların sayı çoxalanda bu
da avtomobil almağa imkan verəcək. Bazarda canlanma olduğu zaman avtomobil
satıcıları bazarın durğunluğu zamanı itirdikləri vəsaiti müəyyən mənada bərpa
etmək niyyətində olurlar. Bu da qiymətlərin artımına gətirib çıxarır. Yaxud
Naxçıvanda avtomobil istehsalı aparılır. Təxmini proqnozlara görə il ərzində 5 000
avtomobil istehsal olunur. İstehsal həcmi artarsa, qiymətlər hər bir orta
istehlakçının cibinə uyğun olarsa, insanlar "ikinci əl” deyil, yeni istehsal
olunmuş avtomobil almağa meyilli olacaqlar. Bu, ikinci əl avtomobillərin qiymətinin
düşməsinə səbəb ola bilər. Baş verən proseslərdən dolayı qiymətlərdə düşmə
davam edə də bilər, artım da ola bilər. Bu, proseslərin hansı istiqamətə doğru
cərəyan etməsindən asılı olacaq”.
"VİP Escort Motors”un baş direktoru, avtoekspert Rəşad
Quliyev mühərrikinin həcmi böyük olan avtomobillərin qiymətində ucuzlaşma olduğunu
desə də, "ikinci əl” avtomobillərdə bahalaşma getdiyini bildirdi: "Alıcı qiymətin
yüksək olmasından, satıcı isə alıcı qıtlığından şikayətlənir. Satıcılar alıcı
qıtlığı olduğunu deyirlər. Avtomobil idxalı 7 dəfəyədək azalıb. Yanvar-iyul
ayları ərzində ölkəmizə xaricdən müxtəlif təyinatlı
3000-ə yaxın avtomobil idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7
dəfəyə yaxın azdır. Mətbuatda oxuyuram, yazırlar ki, əvvəl 27 min dollara təklif
edilən avtomobil indi 27 min manata təklif edilir. Bu, alıcının olmaması ilə
bağlıdır. Yay mövsümü ilə əlaqədardır. 10 min manata qədər olan avtomobillərin
qiymətində 2-3 min manata qədər artım var. Hazırda bazarda qiyməti 10 min manata
qədər olan avtomobillər satılır. Ondan yüksək olanların satışı zəifdir”.
R.Quliyevin sözlərinə görə, hazırda avtomobil
bazarında vəziyyət yaxşı deyil. O deyir ki, milli valyutanın zəifləməsi,
bankların kredit verilişini dayandırması və s. kimi amillər avtomobil almaq istəyənlərin
sayına təsir edir. R.Quliyev bildirdi ki, yay ayları olduğu üçün kimlərsə
rayonda, kimlərsə də xarici ölkələrdə istirahətdədir. Ona görə bazarda
avtomobil qıtlığı da var: "Bazarda yaxşı avtomobil çox deyil. İstifadəyə
yararsız avtomobillər çoxdur. Onların qiyməti də ucuzdur. Bizdə alıcılarda belə
bir hal var ki, onlar qiymət ucuzlaşdıqca gözləmə mövqeyinə keçirlər. Daha da
ucuzlaşmasını gözləyirlər. Amma qiymət ucuzlaşması alıcı qıtlığına görədir.
Bazara alıcı daxil olan kimi qiymətlər də qalxacaq. Ucuzlaşmaya səbəb də odur
ki, kiməsə pul lazımdır, maşınını satmaq istəyir. Nəticədə bazardakı alıcının
cibinə uyğun satmağa məcbur olur. Avropadan xarici valyuta ilə alınıb gətirilən
avtomobillərin qiyməti aşağı düşmür”.Aygün Asimqızı