• çərşənbə, 24 Aprel, 08:40
  • Baku Bakı 13°C

“İki şəhid-iki zirvə” adlı kitabın təqdimat mərasimi keçirilib

10.06.18 10:21 1190
“İki şəhid-iki zirvə” adlı kitabın təqdimat mərasimi keçirilib
Muxtar respublikanın Kəngərli rayonunun Yurdçu Kənd Mərkəzində filologiya üzrə fəlsəfə doktoru, şair-publisist Elxan Yurdoğlunun "İki şəhid-iki zirvə” kitabının təqdimatı olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, kitab ötən əsrin 90-cı illərində Naxçıvan Muxtar Respublikasına qarşı mənfur ermənilərin silahlı hücumları zamanı Vətənin müdafiəsi uğrunda şəhid olmuş Yurdçu kəndinin iki şəhidi – Müşfiq Səfərov və Kamran Məmmədovun ömür yoluna həsr olunub.
Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin üzvü, şair Yadulla Zaman çıxış edərək bildirib ki, tarixən Azərbaycan torpaqlarına iddialı olan ermənilər 1989-cu ilin dekabrın 14-dən başlayaraq muxtar respublikanın Ermənistanla sərhəddə yerləşən yaşayış məntəqələrini güclü atəşə tutublar. 1990-cı ilin yanvarın 19-dan isə hücumlar daha intensiv hal alıb, Sədərək, Havuş, Günnüt, Biçənək, Şada, Gərməçataq kəndləri erməni hücumlarına məruz qalıb. 1990-1993-cü illərdə ermənilərin hücumları zamanı təkcə Sədərək 109 şəhid verib. Həmin döyüşlərdə iştirak edən Müşfiq və Kamran şücaət göstərib, qədim diyarın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksəliblər. Tanınmış şair-publisist Elxan Yurdoğlunun "İki şəhid-iki zirvə” kitabında da həmin şəhidlərin gənc nəslə nümunə olan həyatından söhbət açılır.
Tədbirdə çıxış edən Yurdçu kənd kitabxanasının müdiri Samirə Məmmədova, rəssam Fizzə Quliyeva, jurnalist Rauf Kəngərli, şəhidlərin döyüş yoldaşı Zaur Abdullayev, şəhid Müşfiq Səfərovun qardaşı Zahid Səfərov və digərləri qeyd ediblər ki, Müşfiq və Kamranın müdafiəsində iştirak etdiyi hərbi post və Şərurun Günnüt kəndi bu gün yüksək döyüş qabiliyyətinə malik olan Əlahiddə Ümumqoşun Ordunun igid əsgərlərinin nəzarətindədir, burada üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanır.
Hər iki şəhidin döyüşlərdə göstərdikləri igidliklərə görə fəxr etdiklərini bildirən çıxışçılar gənclərə vətənpərvərlik hissi aşılayan belə bir kitabı ərsəyə gətirdiyinə görə Elxan Yurdoğluna minnətdarlıqlarını bildiriblər.
Kitabın müəllifi Elxan Yurdoğlu nəşrin gənclər tərəfindən maraqla qarşılanacağına ümidvar olduğunu deyib.
Sonra Yurdçu kənd məktəbliləri vətənpərvərliklə bağlı şeirlər səsləndiriblər.
Sonda tədbir iştirakçıları Yurdçu kənd kitabxanasında təşkil olunan "Müqəddəs amal uğrunda şəhid olanlar” adlı sərgiyə baxıblar. Sərgidə hər iki şəhidə məxsus fotoşəkillər, albomlar yer alıb. Rəssam Fizzə Quliyeva kətan üzərində yağlı boya ilə çəkdiyi Müşfiq və Kamranın portretini Yurdçu kənd kitabxanasına hədiyyə edib.
banner

Oxşar Xəbərlər