• cümə, 26 Aprel, 09:15
  • Baku Bakı 12°C

Çikaqoda Birinci İllinoys - Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək

06.02.19 12:34 451
Çikaqoda Birinci İllinoys - Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək
ABŞ - Azərbaycan Ticarət Palatası (USACC) və İllinoys Ticarət Palatasının birgə təşkilatçılığı ilə bu ilin 4-5 aprel tarixlərində ABŞ-ın aparıcı maliyyə və ticarət mərkəzlərindən olan Çikaqo şəhərində Birinci İllinoys - Azərbaycan Kənd Təsərrüfatı Forumu keçiriləcək.
Forumun məqsədi həm Azərbaycanda, həm də ABŞ-ın nəhəng kənd təsərrüfatı ştatlarından olan İllinoys ştatında fəaliyyət göstərən kənd təsərrüfatı bizneslərini bir araya gətirməklə tərəflər arasında aqrar sahədə əməkdaşlığın yaradılması, məhsuldarlığın artırılması ilə bağlı ABŞ istehsalı olan texnologiyalarla, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində tətbiq olunan yeni metodlarla tanışlıqdır.
Forum çərçivəsində Azərbaycanda kənd təsərrüfatı sahəsində çalışan şirkətlərdən ibarət İllinoys ştatına ticarət missiyasınıntəşkili nəzərdə tutulur. Bütün maraqlı fiziki və hüquqi şəxslər https://www.agroforum.us/ saytında forumun proqramı ilə tanış ola bilər və qeydiyyatdan keçməklə ticarət missiyasına qoşula bilərlər.
İki günlük proqram çərçivəsində Azərbaycan şirkətlərinin İllinoys ştatının aparıcı istehsal müəssisələri, ferma və tədqiqat mərkəzlərinə, eləcə də gübrə və protein istehsalı sahələrinə səfərlərinin təşkili nəzərdə tutulur.
Forum Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi, ABŞ-ın Azərbaycan Respublikasındakı Səfirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), İllinoys ştatının Kənd Təsərrüfatı Departamenti, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Avropa Yenidənqurma və İnkişaf Bankı, CNFA, GlobalChamber, JohnDeere və Dentons şirkətlərinin tərəfdaşlığı və BrandBuild şirkətinin media tərəfdaşlığı ilə təşkil olunur.
Azərbaycan Dövlət İnformasiya Agentliyi- AZƏRTAC forumun əsas informasiya təminatçısıdır.
Birinci İllinoys - Azərbaycan Kənd Təsərrüfatı Forumu ABŞ - Azərbaycan Ticarət Palatasının Azərbaycanın ABŞ ştatları ilə biznes və ticarət əlaqələrinin genişləndirilməsi proqramı çərçivəsində təşkil edilir.
Qeyd edək ki, İllinoys ştatı ABŞ-ın aparıcı 10 kənd təsərrüfatı ştatları sırasındadır. Ştatın torpaq ərazisinin 75 faizini əkin sahələri təşkil edir. Ştatın yalnız kənd təsərrüfatı məhsullarının satışından illik gəliri 19 mlrd ABŞ dolları həcmindədir.
banner

Oxşar Xəbərlər