AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İctimai nəzarət koronavirusla mübarizədə əsas faktora çevrilir

İctimai nəzarət koronavirusla mübarizədə əsas faktora çevrilir

Cəmiyyət
02 İyun 2020, 16:26 326
Deputatların fikrincə, virusla mübarizə gündəlik həyat tərzinə çevrilməlidir

Koronavirus (COVİD-19) infeksiyası yayıldığı müddətdən indiyədək Azərbaycan dövləti tərəfindən görülən tədbirlərin nəticəsi olaraq yoluxmada kütləviliyin qarşısı alınıb. Təbii ki, buna səbəb infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirlərin həyata keçirilməsidir. Təxirəsalınmaz işlərin nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Onu qeyd etmək lazımdır ki, xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib.
Bununla yanaşı, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb. Təbii ki, bunun səbəblərindən biri də insan faktorudur. Hazırkı dönəmdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayət etməsindən birbaşa asılıdır. Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən ictimai yerlərdə, iaşə obyektlərində xəstəlikdən qorunmaq üçün qaydalar işlənilib hazırlanıb. Həmin obyektlərin sahibləri, vətəndaşlar mütləq şəkildə bu qaydalara riayət etməli və sosial məsuliyyəti üzərilərindən atmamalıdırlar.
Hər bir şəxs özünü, yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün mövcud sanitar-gigiyenik qayda və tələblərə ciddi riayət etməli, başqalarını da məsuliyyətli olmağa çağırmalıdır. Karantin rejiminin yumşaldılması heç də o anlama gəlməməldir ki, artıq təhlükə sovuşub. Ona görə də xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır.
Ölkədə bu sahədə görülən işlərin nəticəsindən asılı olmayaraq, artıq Azərbaycanda koronavirusla mübarizənin ikinci mərhələsi başlanılıb. Günbəgün açıqlanan statistik göstəricilər onu deməyə əsas verir ki, virusla mübarizədə vətəndaşlar daha məsuliyyətli olmalı, sanitar-gigiyenik qaydalara əməl etməli, qoruyucu vasitələrdən istifadənin zəruriliyinə əmin olmalıdırlar. Çünki dünyada, o cümlədən Azərbaycanda pandemiya vəziyyəti hələ də davam edir və COVID-19 infeksiyasının müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd tapılmadığı üçün virusla mübarizə hər bir vətəndaşın gündəlik həyat tərzinə çevrilməlidir.
Qeyd edilən məsələlərə dəfələrlə Prezident İlham Əliyev tərəfindən münasibət bildirilib. Elə bu günlərdə Prezident İlham Əliyev Asiya İnkişaf Bankının təşəbbüsü ilə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da vurğulanıb ki, pandemiya dövründə göstərilən bütün səylər insanları xilas etmək, onların sağlamlığını, həyatlarını qorumaq məqsədi daşıyıb: "Azərbaycanın vaxtında gördüyü tədbirlər sayəsində biz minimum itki vermişik. Bunu Ümumdünya Səhiyyə Təşkilatının bəyanatları da göstərir. Belə ki, ÜST-ün bəyanatlarına əsasən, Azərbaycan pandemiya ilə mübarizədə nümunə hesab olunur. Biz, həmçinin böyük həcmdə vəsait ayırmışıq. İqtisadiyyatın pandemiyadan zərər çəkən sektorlarını dəstəkləmək, eləcə də işsizliyi, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayırmışıq.
Biz qeyri-formal məşğulluqla mübarizə aparırıq və ciddi tədbirlər görmüşük. Təkcə bu il işçilərlə şirkətlər arasında 100 mindən çox müqavilə imzalanıb. Lakin bununla belə, biz bu insanların bu problemdən əziyyət çəkdiyini başa düşürük. Bu səbəbdən də 4 ay ərzində iqtisadi artımımız çox az olmuşdur”.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan 30 ölkəyə dəstək verib: "Belə təsadüf edib ki, Azərbaycan iki təşkilata - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrlik edir. Ötən il bizim çox uğurlu Zirvə görüşümüz olmuşdur və Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bu təşkilata sədr seçilmişdir. Buna görə düşündük ki, bütün dünya üçün bu önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq bizim öhdəliyimizdir. Hər iki Zirvə görüşü uğurla keçdi. Sizə deyə bilərəm ki, biz nəinki təkcə koronavirusla mübarizə sahəsində fikir mübadiləsi apardıq, eyni zamanda, qarşılıqlı dəstək göstərdik. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar keçirilmişdir.
Biz ilk dəfə Ümumdünya Səhiyyə Təşkilatına beş milyon dollar ayıran ölkələr arasında birinci ölkələrdən idik, sonra isə Qoşulmama Hərəkatının sədri qismində əlavə beş milyon dollar ayırdıq. Biz Azərbaycan tərəfindən verilmiş humanitar dəstəklə artıq 14 ölkəni əhatə etmişik. Bu, həm maliyyə, həm avadanlıq, həm də tibbi ləvazimatlar dəstəyi olmuşdur. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə biz yardıma ən çox ehtiyacı olan 15 ölkəyə dəstək göstərəcəyik. Ümumdünya Səhiyyə Təşkilatı ilə razılaşmada bu 15 ölkə müəyyən olunub. Ona görə də bu müddət ərzində Azərbaycan demək olar ki, 30 ölkəyə dəstək verib. Düşünürəm ki, bu, bizim üzərimizə düşən məsuliyyətdir. Çünki bu çətin zamanda ölkələr və insanlar bir-birini dəstəkləməlidirlər”.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Rəşad Mahmudov deyib ki, bu gün koronavirusla əlaqədar olan suallara konkret cavablar yoxdur: "Statistikaya gəldikdə isə təzadlı mənzərə görünür: yoluxma sayı az olanda sərt karantin rejimi, yoluxma sayı çox olanda yumşaltma tətbiq olunur. Məsələyə bir az fərqli prizmadan yanaşaq. Bir vaxtlar ölkəmizdə koronavirusa yoluxmuş 50 xəstə olanda gün ərzində daha 10 xəstənin aşkar edilməsi 20 faiz artım demək idi. Bu gün ay yarım-iki ay əvvəl ilə müqayisədə ölkədə xəstəlikdən ümumən sağalanların sayını da nəzərə almalıyıq”.
R.Mahmudov deyib ki, pandemiyanın ilk günlərində söhbət dalğanın böyüklüyü və ona göstərilən müqavimətdən gedirdi: "İki ay əvvəl istər dünya, istərsə də ölkəmiz hazırlıqsız idi. Həmin dalğanın qarşısını hazırlıqsız almamaq üçün ciddi karantin tədbirləri həyata keçirildi və bunun nəticəsində həm vətəndaşların təhlükəsizliyi təmin olundu, həm də aidiyyəti qurumlar öz hazırlıq işlərini görə bildilər. Elə bunun nəticəsində bu gün Azərbaycan səhiyyəsinin xüsusi planı var. Buraya yeni müalicə müəssisələrinin, qısa müddətdə bir neçə modul tipli xəstəxananın açılmasını aid etmək olar. Bu gün dövlət tərəfindən sadəcə tibbi nöqteyi-nəzərdən deyil, iqtisadi, sosial, psixoloji və bir çox məsələlərə görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara uyğun olaraq karantin şərtlərinin yumşaldılması və məhdudiyyətlərin ləğv olunması həm hökumət, həm də cəmiyyət üçün arzuedilən yoldur və bu yol məharətlə keçilib.
Biz ən qısa zamanda bu problemlərdən uzaq və rahat bir həyata qayıda bilərik. Elm də, məntiq də, ağıl da, hökumətlər də, Ümumdünya Səhiyyə Təşkilatı da böyük iqtisadi və psixoloji təsirlərə, düşdükləri ziyana baxmayaraq, koronavirusla mübarizədə uğur qazanmaq üçün hər şeyi edirlər və şübhəsiz ki, uğur da qazanılacaq”.
Milli Məclisin deputatı Sədaqət Vəliyeva bildirdi ki, Azərbaycan dövləti koronavirus infeksiyası ilə mübarizə sahəsində bütün zəruri tədbirləri həyata keçirir: "Elə bunun nəticəsində ölkəmizdə pandemiya ilə əlaqədar məsələləri ciddi nəzarətdə saxlamaq, virusun geniş yayılmasının qarşısını almaq və insanların həyatını maksimum şəkildə qorumaq mümkün olub. Heç şübhəsiz xüsusi karantin rejimi dövründə yoluxma hallarının sayı minimuma endirilib, ölkəmizdə ölüm halları çox aşağı səviyyədə olub, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı yeni yoluxma hallarının sayını kəskin üstələyib”.
S.Vəliyeva qeyd etdi ki, xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başlayıb və əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmayıb: "Bu səbəbdən də indiki dövrdə pandemiya ilə səmərəli mübarizə bilavasitə vətəndaşların davranışı və məsələyə məsuliyyətlə yanaşmasından, eləcə də fəaliyyətinə icazə verilən sahələrdə rəhbər şəxslərin karantin rejimi qaydalarına riayətdən birbaşa asılıdır. Hesab edirəm ki, bu gün ictimai nəzarət və ictimai qınaq vacib şərtdir. Bu mənada xəstəliklə mübarizə tədbirlərinə, karantin rejimi qaydalarını pozanlara qarşı hamı səfərbər olmalıdır. Pandemiya hələ də davam etdiyindən virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə çevrilməlidir. Çox təəssüflər olsun ki, bəzi insanlarımız pandemiyanın başa çatdığını düşünərək ictimai nəqliyyatda, insanların çox olduğu ərazilərdə gigiyena qaydalarına riayət və maskalardan istifadə etmirlər. Maskasız olan şəxs əgər xəstədirsə, o, minimum 60 nəfəri koronavirusa yoluxdura bilər. Həmin 60 nəfər isə bir gün ərzində ən azı 3400 nəfəri virusa yoluxdurar. Bu da əlbəttə ki, xəstəliyin yenidən alovlanmasına və ölkəmizdə xüsusi karantin rejiminin yenidən tətbiqini labüd edə bilər”.
 
BƏXTİYAR