AZE | RUS | ENG |

İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə davam edir

İcbari tibbi sığortanın tətbiqi mərhələli şəkildə davam edir
Musa Quliyev: “Azərbaycan balaca ölkədir, bu sistemi 5 ilə ölkənin hər yerində tətbiq etmək imkanımız olacaq”

Ölkədə icbari tibbi sığortanın tətbiqi üçün elan olunmuş son müddət uzadılıb. 2019-cu ilin dövlət büdcəsi paketinin parlamentdə müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, bütün ölkə ərazisində İTS-in tətbiqi 2020-ci ilə planlaşdırılıb və 2019-cu ildə yekun hazırlıq işləri aparılacaq. Nazir, həmçinin qeyd edib ki, 2019-cu il dövlət büdcəsində İTS üzrə 224 milyon manat ayrılacaq və İTS-in tətbiqi üçün xüsusi fondda vəsaitlərin yığılması məsələsinə baxılacaq. Hazırda İTS-in tətbiqi pilot xarakter daşıyır, bu sistem Mingəçevir şəhərində, Yevlax və Ağdaş rayonlarında tətbiq olunur. Bu istiqamətdə işləmək üçün beynəlxalq məsləhətçi olan "McKinsey & Company" şirkəti də cəlb olunub. Bu şirkət Azərbaycan ərazisində İTS-ə mərhələli keçid üçün yol xəritəsi hazırlanmasında iştirak edəcək. Qeyd edək ki, Azərbaycan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi daha öncə 2019-cu ildə məcburi tibbi sığortanın tam istifadəsinin planlaşdırıldığını, habelə bu istiqamətdə xüsusi yol xəritəsi hazırladığını elan etmişdi.
Məlumat üçün bildirək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta, eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.
İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir. Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur. Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Prezidentin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tətbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur. Əhalinin sosial təminatı hazırda dövlətin prioritet məsələlərindən biridir. 6 noyabrda Milli Məclisin Mədəniyyət, Əmək və sosial siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil və Səhiyyə komitələrinin birgə keçirilən iclasında çıxış edən Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib ki, gələn il ölkədə icbari tibbi sığorta daha geniş vüsət alacaq: "Bunun ən əhəmiyyətli tərəflərindən biri həkimlərin əmək haqlarının artırılmasıdır. Güman edirəm ki, 2020-ci ildə bu məsələ öz həllini tapacaq”.
Deputat, həmçinin qeyd edib ki, qeyri-qanuni məşğulluğun qarşısının alınması ən vacib məsələlərdən biridir və DOST sisteminin yaradılması sosial təminat sahəsində böyük dəyişikliyə səbəb olacaq. O, xüsusilə vurğulayıb ki, biz passiv sosial müdafiədən aktiv sosial müdafiə sisteminə keçməliyik. 
Təbii ki, haqqında bu qədər danışılan, icrası istiqamətində müəyyən addımlar atılan işlə bağlı bəzi suallar ortaya çıxır və həmin suallara cavab almaq üçün Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyevlə həmsöhbət olduq.
Millət vəkilindən icbari tibbi sığorta üçün 2019-cu ilin büdcəsindən ayrılacaq 224 milyon manatın bu işi həyata keçirmək üçün kifayət edib-etməyəcəyini soruşduq: "İlkin mərhələdə icbari tibbi sığorta bütün ölkəni və bütün sahələri əhatəyə etməyəcək. Əlbəttə, başlanğıc üçün çox normal məbləğdir və xüsusi hesablamalardan keçərək geniş ictimaiyyətə təqdim edilib. Bu məbləği müəyyənləşdirmək üçün İcbari Tibbi Sığorta Agentliyi, İqtisadiyyat, Səhiyyə və Maliyyə nazirlikləri birgə çalışıb. İcbari tibbi sığorta mərhələli şəkildə tətbiq ediləcək, onu bir anın içində bütün ölkəyə şamil etmək olmaz. Hətta dünya təcrübəsində də belədir. Bir sistemin oturması üçün zaman tələb olunur. Sistemin tam oturuşması üçün 8-10 il vaxt lazım olur, amma Azərbaycan balaca ölkədir, 5 ilə ölkənin hər yerində tətbiq etmək imkanımız olacaq. Onu da qeyd edim ki, sistemin tətbiqində heç bir ləngimə yoxdur. Sadəcə, bayaq da dediyim kimi, proses mərhələli şəkildə irəliləyir”.
"Bir şəxs üçün icbari tibbi sığorta haqqı 120 manat müəyyən edilib. Bu məbləğ çox deyilmi” sualımıza müsahibimiz belə cavab verdi: "Bir adamın həkim müayinəsinə gedəndə nə qədər pul xərclədiyini hesablamısınız? 120 manat onun yanında nə puldur ki? Aylara böləndə, bir aya 10 manat düşür. 10 manat heç 1 müayinənin pulu deyil. Həmin 120 AZN ilə bir il ərzində istənilən müayinədən keçmək mümkün olacaq. Məncə, bu, az məbləğdir. Məsələn, bizdə planlaşdırılır ki, 3% əmək haqqından götürülsün. Amma Avropa ölkələrində bu rəqəm, 15-17% arası dəyişir. Zamanla bizdə də gəlib həmin faizə çatacaq, amma başlanğıc üçün 3% çox az göstəricidir. Mən hətta düşünürdüm ki, bu məbləğin az olduğunu deyəcəksiniz, siz əksinə, çox olduğunu bildirirsiniz. Bir məsələni də nəzərə çatdırım ki, uşaqlar, fiziki məhdudiyyətlilər və pensiyaçılar üçün bu məbləği dövlət, işləyən adamın haqqını isə iş yeri ödəyəcək. İşləməyən adam özü bilər. Ödəmək istəməzsə, onu məcbur etmək olmaz. Həmin adam sağlam olduğunu düşünə bilər. Müayinə lazım olduğu təqdirdə də gedib özəl qaydada yoxlanışdan keçər. Yəni vətəndaşa belə bir seçim azadlığı verilib”.
M.Quliyev deyir ki, icbari tibbi sığorta sisteminin tətbiqi həkimlər arasında xidmət səviyyəsini artıracaq: "Düşünürəm ki, İTS-nın tətbiqi həkimlərin işinə çox yaxşı təsir göstərəcək. İlk növbədə həm həkimlər, həm klinikalar arasında sağlam rəqabət yaranacaq. Digər tərəfdən, icbari tibbi sığortada xidmət haqqı qiymətləri müəyyən edildiyinə görə, özəl klinikalarda da müayinənin qiyməti aşağı düşəcək. Yəni icbari tibbi sığortaya qatılmayan klinikalar da məcbur olub qiymətlərdə endirim edəcəklər”.  
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mövqeyini öyrəndik. Agentlikdən verilən açıqlamaya əsasən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Yol Xəritəsi hazırlanıb. Hazırda Yol Xəritəsi müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Növbəti ildə Yol Xəritəsində dövlət tibb müəssisələrinin icbari tibbi sığortanın prinsiplərinə əsasən hazırlanması və səhiyyə sisteminin icbari tibbi sığortaya tam inteqrasiyası nəzərdə tutulub. Həmçinin Yol Xəritəsində maliyyə dayanıqlığının təmin edilməsi üçün icbari tibbi sığortanın müxtəlif mənbələrdən maliyyələşdirilməsi nəzərdə tutulur. Bu maliyyə mənbələrinə dövlət büdcəsi, əhalidən toplanan sığorta haqları və alternativ maliyyə mənbələri aiddir. Növbəti ilin dövlət büdcəsində icbari tibbi sığorta üçün nəzərdə tutulan vəsait alternativ maliyyə mənbələrinə aiddir və yol xəritəsinin tələblərindən irəli gələn məsələlərin icrası üçün rezerv (ehtiyat) vəsaitdir.
 
Günel Azadə

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9267
GEL 1 1 Gürcüstan larisi 0.6343
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1743
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.6884
KWD 1 1 Küveyt dinarı 5.5875
TRY 1 1 Türkiyə lirəsi 0.3163