AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Hüseyn Cavid. Əsərləri“ (ilk Türkiyə nəşri, 2013)“ kitabının təqdimatı olub

“Hüseyn Cavid. Əsərləri“ (ilk Türkiyə nəşri, 2013)“ kitabının təqdimatı olub

Mədəniyyət
15 Noyabr 2013, 13:06 1168
Bu gün Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təşəbbüsü və "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda nəşr olunmuş "Hüseyn Cavid. Əsərləri" (ilk Türkiyə nəşri, 2013)" kitabının təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbir Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutu, "Kaspi" qəzeti- Kaspi Təhsil Mərkəzinin və Hüseyn Cavidin Ev Muzeyinin təşkilatçılığı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, millət vəkili, akademik İsa Həbibbəyli kitabın əhəmiyyətini vurğulayıb.

İ.Həbibbəyli H.Cavidin həyat və yaradıcılığından söhbət açaraq qeyd edib ki, Hüseyn Cavid böyük ədəbi xidmətləri olan, öz məktəbini yaradan, romantizim ədəbi cərəyanın banisidir: "Etiraf etmək lazımdır ki, bu cərəyanın yaradıcısı və ən böyük sənətkarı Hüseyn Caviddir. Eyni zamanda, Hüseyn Cavid Azərbaycanda fəlsəfi ədəbiyyatın da böyük yaradıcılarından biridir".
Millət vəkili əlavə edib ki, Hüseyn Cavid Türkiyədə təhsil alıb və Azərbaycan ədəbiyyatına ümumtürk məfkurəsini gətirən ilk adamdır: "Hüseyn Cavidin bir çox əsərləri çap olunub, ancaq bu gün təqdim edilən nəşr çox möhtəşəmdir".
Kitabın ilk dəfə çap olunduğunu deyən İ.Həbibbəyli qeyd edib ki, bu kitab Huseyn Cavidin əsas əsərlərini əhatə edir: "Bu kitab Hüseyn Cavidi Azərbaycan xalqına və dünyaya daha yaxşı tanıtdırmaq baxımından mühüm əhəmiyyətə malikdir. Bu nəşr Hüseyn Cavidin əsərlərini təqdim etmək üçün önəmli bir nümunədir. Bu kitab ilə Hüseyn Cavid irsinin öyrənilməsində yeni bir mərhələ açılacaq. Nəşr Hüseyn Cavidin öyrənilməsi üçün mükəmməl mənbələrdən biridir".

Daha sonra çıxış edən filologiya elmləri doktoru, professor Kamran Əliyev qeyd edib ki, bu nəşr fürsət verir ki, biz yenidən Hüseyn Cavidi araşdıraq: "Yazıçının əsərləri yenidən çap olunursa, o, yenidən doğulur. Bu nəşr Hüseyn Cavidin yenidən doğuluşudur".

Tədbirdə çıxış edən filologiya üzrə fəlsəfə doktoru, "Kaspi" qəzetinin rəhbəri, Hüseyn Cavid əsərlərinin İstanbul nəşri layihəsinin rəhbəri Sona Vəliyeva kitabın əhəmiyyətini qeyd edib.

S.Vəliyeva deyib ki, bu gün Hüseyn Cavid yaradıcılığına qayıtmamaq mümkünsüzdür, cünki, Hüseyn Cavid Azərbaycan xalqının və bu gün dövlətimizin əsası olan türkçülük məfkurəsini işləyib: "Hüseyn Cavid məfkurəsi əbədidir, çünki o millətin dilini, mənəviyyatını, millətin məxsus olduğu bütün dəyərləri birləşdirərək türkçülük məfkurəsini əbədi hesab etdi və yazdığı bütün əsərlərində türkçülük ideyasını əsas qoydu. Çünki, Hüseyn Cavid bilirdi ki, türk dünyasının xilası, onun tarixdə duruşu və millətin millət kimi bütün təhlükələrdən qurtuluşu türkçülük məfkurəsinin olmasındadır".

S.Vəliyeva bildirib ki, bu gün Hüseyn Cavidin əsərlərini oxuduqdan sonra onun ilahi missiyalı bir insan olduğu aydın olur: "Hüseyn Cavidin dünyəvi məktəbdə təhsil alması və həyatında baş verən digər hadisələr Tanrının yazısı idi. Onun dini təhsil alması da irfan mədəniyyətinin formalaşması üçün lazım idi. Hüseyn Cavidin İstanbula gəlməsi və təhsil alması onun dünyagörüşündə mühüm rol oynadı".

S.Vəliyeva əlavə edib ki, ulu öndər Heydər Əliyev Hüseyn Cavidə məqbərə ucaltdı və bu da ümummilli liderin Hüseyn Cavidə olan məhəbbətinin və ehtiramının göstəricisi idi: "Bu gün Hüseyn Cavid haqqında çox danışmaq olar, hətta danışmaqla bitməz. Bu kitabın Hüseyn Cavidin tədqiq edilməsində, onun dünyaya tanıdılmasında böyük rolu olacaq".

Tədbirdə çıxış edən digər iştirakçılar da Hüseyn Cavidin həyat və yaradıcılığı haqqında danışıb və kitabın Hüseyin Cavid irsinin tədqiq edilməsində əhəmiyyətli bir mənbə olacağını vurğulayıblar.

P.S. Tədbirdən geniş reportajı yaxın saatlarda təqdim edəcəyik.