"Human Rights Watch" Azərbaycanda nüfuzu olmayan, xalqın boykot etdiyi siyasi subyektlərlə müttəfiqlik edir

Cəmiyyət
19 Yanvar 2020, 20:00 438
"Human Rights Watch" (HRW) beynəlxalq təşkilatının Azərbaycanla bağlı ənənəvi qərəzli mövqeyi dəyişmir. Təşkilat ölkəmizdə insan hüquqları və demokratiya ilə bağlı yaydığı bəyanat və hesabatlara cüzi texniki dəyişikliklər etməklə hər il bunu təkrarlayır.
 
Bunu təşkilatın bu günlərdə dərc olunan növbəti hesabatında əks olunan məqamlarla bağlı Trend-in suallarını cavablandıran "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. Onun sözlərinə görə, materialla tanış olan zaman hesabatın birtərəfli hazırlandığı dərhal başa düşülür: "Bütün bunlar elə bir vaxtda baş verir ki, Azərbaycan reallıqları sürətlə dəyişilir, təkmilləşir. Eləcə də sabitlik, təhlükəsizlik və hərtərəfli inkişaf parametrlərinə görə Azərbaycan dünyanın reytinq siyahılarında öncül mövqelərini daha da möhkəmləndirir, Ermənistan tərəfdən bitməmiş hərbi təcavüz şəraitində belə stabil inkişaf və qeyri-neft iqtisadiyyat modeli nümayiş etdirir. Bəzi Avropa təsisatları ilə çox illər əvvəlki dövrlərə xas olan "mübahisəli məhbuslar" deyilən problemin həlli istiqamətində böyük addımlar atıldığı halda "Human Rights Watch" təşkilatı hələ də hüquq və azadlıqların məhdudlaşdırılmasından danışır. "Human Rights Watch"un son hesabatı da Azərbaycana qaralayıcı münasibətin davam edən bariz nümunəsi kimi özünü göstərdi".
 
Ekspertin sözlərinə görə, Azərbaycandakı reallıqlara uyğun olmayan qərəzli münasibətin arxasında bir neçə aydın başa düşülən məqam var: "Əvvala, təşkilatın monitorinq siyasətinin Azərbaycanla barışmaz neqativ mövqeli qüvvələr tərəfindən idarə edildiyi şübhəsizdir. İkincisi, "Human Rights Watch"un məsələyə yanaşma üsulları və qiymətləndirmə meyarlarının tam köhnəlməsi onun ötən əsrin 90-cı illərinin atmosferinə uyğunluğunu göstərir. Üçüncüsü, hesabatda Azərbaycan reallıqlarından narahatlıq təzahürlərini görürük. Nəhayət, təşkilat Azərbaycan reallıqlarını gözdən salmaqla ölkəmizin dünyada mövqeyinin möhkəmlənməsi prosesini əngəlləmək istəyir".
 
Baş redaktor qeyd edib ki, "Human Rights Watch" təşkilatının qərəzli siyasəti, hər şeydən əvvəl onun özünün ikili standartların və müəyyən dairələrin əlində alət olduğunu ortaya qoyur: "Hesabat son illərdə Azərbaycandakı inkişafı öz gözləri ilə görmüş minlərlə dünya siyasi və dini elita nümayəndələrinin müsbət rəylərindən əsaslı şəkildə fərqlidir. Bakıda keçirilən nüfuzlu beynəlxalq tədbirlərin timsalında Azərbaycandakı real vəziyyət dünya üçün geniş açıldıqca "Human Rights Watch" kimi təşkilatların hesabat və bəyanatları özü-özünü ifşa edir. Reallığa üyğun olmayan hesabat və bəyanatlar bu təşkilatın dünya ictimaiyyətini aldatmağa cəhd etdiyini bir daha nümayiş etdirir".
 
A.Quliyev əlavə edib ki, radikal müxalifəti təmsil edən Əli Kərimli və Milli Şuraya daxil olan digər qurumların timsalında bu qərəzli hesabatın daxili müdafiəçiləri tapılır: "Heç şübhə yoxdur ki, "Human Rights Watch" təşkilatı öz subyektiv hesabatlarını məhz Milli Şura kimi radikal təşkilat təmsilçilərindən alır. Lakin Əli Kərimli və digər onun kimi iflas içində olan partiya rəhbərlərinin pərakəndə dəstəyi "Human Rights Watch"un mövqeyini qətiyyən gücləndirmir və gücləndirə də bilməz. İctimaiyyətimiz və bütün dünya da görür ki, Azərbaycanda "Human Rights Watch" təşkilatının bəyanatlarına dəstək yalnız sosial bazası olmayan qurumlardan gəlir. Ölkəmizdə təsirli sosial bazası olmayan radikal partiyaların qərəzli beynəlxalq hesabatlara dəstəyi ciddi siyasi nəticələr doğura bilməz. Proseslər göstərir ki, "Human Rights Watch" ümidlərini Azərbaycanda real gücü və nüfuzu olmayan dairələrə bağlayıb və Azərbaycan xalqının boykot etdiyi siyasi subyektlərlə müttəfiqlik edir. "Human Rights Watch" təşkilatı və onu dəstəkləyən Əli Kərimlinin partiyası kimi qüvvələr dərin tənəzzül içində olduqlarını bir daha sübut edir. Ən vacib məqam isə odur ki, Azərbaycanda xalq "Human Rights Watch"un bəyanatına heç bir dəstək və önəm vermir".