AZE | RUS | ENG |

Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi

Heydər Əliyev xalqımızı acı tale yaşamaqdan xilas etdi
Əli Əhmədov: “Heç bir sahədə bacarıq göstərə bilməyən o zamankı hakimiyyətə cəmi bir il kifayət etdi ki, ölkəni bütünlüklə talan etsin”

"AXC – Müsavat cütlüyünün cəmi 13 ay davam edən hakimiyyəti Azərbaycanı dövlət müstəqilliyini itirmək, ölkəni bölünmək, xalqı isə müsibətlər yaşamaq taleyi ilə üzbəüz qoydu. Ölkə xaos, anarxiya, dərəbəylik, özbaşınalıq girdabında boğulurdu”.

Bu barədə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov özünün "facebook” səhifəsində yazıb.

"İqtisadiyyat bütünlüklə çökmüşdü”

O qeyd edib ki, həmin dövrdə sözün həqiqi mənasında yaşamaq uğrunda mübarizə gedib, çörək növbələri 1993-cü il Azərbaycanda həyatın ən acı mənzərələrindən birinə çevrilib, inflyasiya 1000 faizlə ölçülüb. İcra katibinin sözlərinə görə, o dövrdə milli valyuta sözün əsl mənasında dəyərsiz kağız parçası olub: "İqtisadiyyat bütünlüklə çökmüşdü. Vaxtilə minlərlə insanın çalışdığı fabrik və zavodlar sökülüb dəzgahları metal kimi dəyər-dəyməzinə xaricə satılırdı. İş o yerə çatmışdı ki, dəmir yol relsləri, tramvay xətləri, vaxtilə Azərbaycana böyük valyutalar gətirən şərab çənləri daşınıb xaricdə "əridilirdi”. Digər heç bir sahədə bacarıq göstərə bilməyən o zamankı hakimiyyətə cəmi bir il kifayət etdi ki, ölkəni bütünlüklə talan etsin”.

"Silahlı güvvələr hakimiyyət savaşına cəlb olunmuşdu”

Ə.Əhmədov qeyd edib ki, o dövrdə Ermənistanla müharibə vəziyyətində olan ölkədə nizami ordu da yaradılmayıb, ayrı-ayrı qruplara, maraqlara, hətta siyasi partiyalara xidmət edən silahlı dəstələr ordunu əvəz edib, hərbi vəzifələrdən daha çox siyasi vəzifələrə qulluq göstərib: "Silahlı güvvələr hakimiyyət savaşına cəlb olunmuşdu. Ermənilər isə bundan istifadə edib Azərbaycanın torpaqlarını zəbt etməkdə davam edirdi. Dövlətin və mərkəzi hakimiyyətin ifrat zəifliyindən istifadə edən məkrli qüvvələr separatçı hərəkata rəvac vermişdilər. Cənubda Talış-Muğan respublikası elan edilmiş, şimalda "Sadval” hərəkatı baş qaldırmışdı. Azərbaycanın parçalanması demək olar ki, artıq baş vermişdi. AXC-Müsavat hakimiyyəti bütünlükdə iflasa uğrayıb taqətini itirmişdi. Azərbaycanı acı tale gözləyirdi. Dövləti idarə edən siyasətçilərin görməli və qiymətləndirməli olduğu təhlükələri onlar deyil, müdrik Azərbaycan xalqı görür və qiymətləndirirdi. Xalq hökmünü vermişdi: Hakimiyyət dəyişməli, siyasətdə naşıları siyasətin nəhəngi əvəz etməlidir. Beləliklə, xalq Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Azərbaycanın fəlakətdən, xalqın müsibətdən qurtulması naminə”.

Azərbaycanın müasir tarixinin yeni mərhələsi

İcra katibi vurğulayıb ki, Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müasir tarixinin yeni mərhələsi başlayıb, xaos, anarxiya aradan qaldırılıb, sabitlik təmin edilib, inflyasiya və iqtisadi tənəzzül cilovlanıb, islahatlar həyata keçirilib, Azərbaycana firavanlıq gətirən neft strategiyası reallaşıb, nizami ordu yaradılıb, erməni təcavüzü dayandırılıb, separatizmin kökü kəsilib, Azərbaycanın bütövlüyü qorunub saxlanılıb: "Çörək növbələri, 1000 faizlik inflyasiya, separatizm, AXC-Müsavat hakimiyyətinin digər "şedevrləri” indiki gənclərə yəqin ki, fantaziya kimi gəlir. Ancaq bütün bunlar yaşadığımız tarixin qaranlıq bir parçasıdır. Daha dəqiq ifadə etsək, bizə yaşadılan bir tarix, bir müsibətdir”.

Azərbaycan başqa bir tale yaşamağa məhkum olacaqdı

Ə.Əhmədov bildirib ki, əgər xalq vaxtında o zamankı hakimiyyəti devirməsəydi və siyasət nəhəngi Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan başqa bir tale yaşamağa məhkum olacaqdı: "Yalnız Heydər Əliyevin sayəsində, onun müdrikliyi və 2003-cü ildən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət sayəsində Azərbaycan güclü, qüdrətli, firavan, təhlükəsiz dövlət və ölkə kimi tanınır və qəbul olunur. Ən başlıcası isə insanlar rahat yaşayır, gələcəyə ümidlə baxır. Ona görə də xalq 1993-cü ilin iyun ayında Heydər Əliyevin qayıdışını Milli Qurtuluş günü kimi qeyd edir”.

Uğursuzların özlərini qəhrəman kimi göstərməsi

İcra katibi qeyd edib ki, Azərbaycan xalqı hər il böyük coşqu ilə Milli Qurtuluş bayramını qeyd etdiyi halda, 26-27 il bundan əvvəl ölkəni dəhşətli böhrana salaraq insanlara müsibətlər yaşadanların qalıqlarının indiki hakimiyyəti və bütünlükdə reallıqlarımızı yalan-böhtan əsasında tənqid etmələri istər-istəməz acı təbəssüm yaradır: "Uğursuzların özlərini qəhrəman kimi göstərməsi tarixin ironiyasıdır. Lakin tarixi o tarixi yaşamış insanlara unutdurmaq mümkün deyil”.

Azərbaycan daha böyük uğurlar qazanacaq

Ə.Əhmədov Milli Qurtuluş məfkurəsinin Azərbaycanın qarşısında geniş perspektivlər açdığını diqqətə çatdıraraq, ölkəmizin uzun illər bu yolla gedəcəyinə və daha böyük uğurlar qazanacağına dərindən inandığını vurğulayıb. İcra katibi yazısının sonunda Azərbaycan xalqını Milli Qurtuluş Günü bayramı münasibətilə təbrik edib.

Alpər TURAN


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8739
GEL 1 1 Gürcüstan larisi 0.5724
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1224
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1753
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.5963
TRY 1 1 Türkiyə lirəsi 0.2962