• çərşənbə axşamı, 16 aprel, 21:18
  • Baku Bakı 18°C

Hərbi sahədən yazan bir qrup jurnalist cəbhəyanı zonada olublar

23.09.19 17:11 663
Hərbi sahədən yazan bir qrup jurnalist cəbhəyanı zonada olublar
Müdafiə Nazirliyinin dəstəyi ilə "Dinc Dünya” Araşdırma Mərkəzinin nəzdində fəaliyyət göstərən Konfilikt Jurnalistikası Məktəbinin (KJM) təşəbbüsü ilə hərbi sahədən yazan bir qrup jurnalist sentyabrın 21-i və 22-də cəbhəyanı rayonlara səfər ediblər. Jurnalistlərin əvvəlcə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovla görüşü olub. Görüş zamanı E.Hüseynov Ermənistanın ölkəmizə qarşı təcavüzü, münaqişənin tarixi kökləri, Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal edilməsi, həyata keçirilən soyqırımı və etnik təmizləmə aktları, Dağlıq Qarabağ ərazisində azərbaycanlılara qarşı törədilmiş erməni vəhşiliyindən, münaqişənin müharibəyə çevrilməsi mərhələləri barədə ətraflı məlumat verib. O, 2016-cı ilin aprel ayında düşmən üzərində qazanılan qələbənin əhəmiyyətindən danışıb, xalqımızın daha böyük qələbələr qazanacağına əminliyini ifadə edib. İcra başçısı jurnalistləri maraqlandıran sualları da cavablandırıb.
Sonra jurnalistlər ön xəttə yerləşən N saylı hərbi hissə ilə tanış olublar. Media nümayəndələrinə hərbi hissənin tarixi, keçdiyi döyüş yolu, hazırda burada yaradılan xidməti və sosial-məişət şəraiti barədə məlumat verilib. KİV təmsilçiləri əsgər yataqxanaları, tibb məntəqəsi, ideoloji otaq, məişət otağı, yeməkxana, hamam, əşya anbarı, avtopark və döyüş texnikası üçün saxlanclar, bölmələrin istifadəsində olan döyüş texnikaları və silahlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub.
Səfər çərçivəsində Ağdam rayonuna gələn jurnalistlər Heydər Əliyev Mərkəzində olublar. Daha sonra Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyini ziyarət ediblər.
Muzeyin direktoru Sahib Məmmədov bildirib ki, muzey Ağdam rayonunun cəbhə xəttində yerləşən Mahrızlı kəndində fəaliyyət göstərir. Əsasən Qarabağ döyüşlərində şəhid olmuş Vətən övladlarına aid eksponatların saxlandığı muzey ziyarətçilərin böyük marağına səbəb olur. Muzey 1990-cı ildə Mahrızlı kənd sakini Rahib Məmmədovun şərəfinə yaradılıb.

Rahib Məmmədov 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra "Qırmızı Ulduz” ordeni ilə təltif olunub. Əvvəllər yalnız R.Məmmədovun şəxsi əşyalarının nümayiş olunduğu muzeyin hazırda iki minə yaxın eksponatı var. Onların əksəriyyəti 1992-1994-cü illərdə Qarabağ müharibəsində şəhid olmuş Vətən övladlarına məxsus geyim, foto və digər əşyalardır. Muzeydə yaradılmış "Vətən fədailəri”, "Rahib Məmmədov”, "20 Yanvar” guşələri, Azərbaycanın Milli Qəhrəmanlarının şəkilləri, kitab, qəzet və jurnallar, şəhidlərə məxsus müxtəlif əşyalar, geyimlər, bədənlərindən çıxarılmış güllə və mərmi qəlpələri, 1992-ci ildə yaralı əsgərlərimizin daşındığı xərək, düşmən tərəfindən atılmış top mərmisi və digər eksponatlar muzeyin qonaqlarında böyük təəssürat yaradır.
Daha sonra "Dinc Dünya” Araşdırma Mərkəzinin sədri Əlisafa Mehdiyev bildirib ki, ekstremal şəraitdə işləyən jurnalistlər üçün qanunvericilik aktlarının öyrənilməsi, ekstremal şəraitdə jurnalistlərin praktiki davranmaları ilə bağlı təcrüblərin keçirilməsi, jurnalistin psixoloji hazırlığı, konkret situasiyalarda davranış mexanizmləri, əldə edilmiş informasiyanın işlənməsi, beynəlxalaq təcrübələrdən də yararlanma kimi məqamlar var Onun sözlərinə görə, bu layihənin əhəmiyyəti hərbi mövzuda yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, bu sahədə yazan jurnalistlərin yetişdirilməsi baxımından mühüm addımdan ibarətdir.
Media nümayəndələri cəbhəyanı kəndlərdə əhalinin yaşayışı, rayon ərazisində aparılan tikinti-quruculuq işləri ilə də tanış olublar.
BƏXTİYAR
banner

Oxşar Xəbərlər