• şənbə, 27 Aprel, 03:32
  • Baku Bakı 14°C

Hədəfdə kəndlərdir

15.07.14 09:15 1205
Hədəfdə kəndlərdir
Prezident İlham Əliyev yaxın hədəfdə kənd yerlərində infrastrukturun inkişafının dayandığını deyib. Nazirlər Kabinetində 2014-cü ilin ilk yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə çıxış edən ölkə başçısı bildirib ki, əsas hədəflərdən biri kənd yollarının abadlaşdırılması və kəndlərin qazlaşdırılmasıdır. “Üçüncü regional inkişaf proqramının icrası nəticəsində 2018-ci ilə qədər bizim bütün əsas infrastruktur və sosial məsələlərimiz öz həllini tapmalıdır” deyən İ.Əliyevin sözlərinə görə, Bakı və onun qəsəbələrinin inkişaf proqramı icra edilir və bu proqram daha qısamüddətlidir, 2016-cı ilə qədər başa çatmalıdır: “Hesab edirəm ki, bu sahədə də hər şey cədvəl üzrə gedir, heç bir problem yoxdur”.
Prezident bildirib ki, infrastruktur layihələri arasında son vaxtlar daha çox kənd yollarının tikintisinə diqqət göstərilir. Çünki buna böyük ehtiyac var: “Bəlkə ona görə ki, son illər digər infrastruktur layihələrinə, xüsusilə elektrik enerjisi, qazlaşdırma ilə bağlı böyük investisiyalar qoyulmuşdur. Ancaq bu sahədə vəziyyət hələ bizi tam şəkildə qane etmir. Buna baxmayaraq, müəyyən uğurlu addımlar atılıb. Kənd yolları isə hər bir insanı əlbəttə ki, narahat edən məsələdir. Bütövlükdə son illərdə kənd yollarının tikintisinə ayrılan vəsait artır və əhalimizin böyük əksəriyyəti, xüsusilə kəndlərdə yaşayan əhali yaxşı yollarla artıq təmin edilib. Ancaq hələ ki bərbad vəziyyətdə olan yollar çoxdur. Mənim bölgələrə səfərlərim zamanı bu məsələ daim müzakirə edilir. Yerlərdən gələn təkliflər sonra dövlət investisiya proqramına salınır. Üçüncü regional inkişaf proqramında kənd yollarının tikintisi xüsusi yer tutur. Eyni zamanda, vətəndaşlar tərəfindən il ərzində də müraciətlər olur. İl ərzində çalışıram ki, Prezidentin Ehtiyat Fondundan da kənd yollarının tikintisinə vəsait ayırım. Bəlkə də Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin böyük hissəsi kənd yollarının tikintisinə gedir. Çünki bu məsələ öz həllini tapmalıdır. Hesab edirəm ki, biz indiki templəri saxlasaq, növbəti 3-4 il ərzində Azərbaycanda bir dənə də təmirsiz kənd yolu olmayacaq. Məsələ də belə qoyulub. Bütün kənd yollarında asfalt olmalıdır, keyfiyyətli tikilməlidir ki, vətəndaşlar əziyyət çəkməsinlər”.
İçməli su və kanalizasiya layihələri haqda danışan İ.Əliyev qeyd edib ki, bu sahədə iş bütün ölkəni əhatə edir: “Dövlət büdcəsi hesabına böyük investisiyalar qoyulur, həm də kreditlər verilir. Şəhərimizdə artıq bir neçə belə layihə başa çatıb. Mən də açılışlarda iştirak etmişəm. Vətəndaşlarla söhbət əsnasında onların bu məsələyə müsbət yanaşmasını görmüşəm. Uzun illər keyfiyyətsiz sudan əziyyət çəkən vətəndaşlar bu gün artıq 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun olan içməli suya malikdirlər. Elə etməliyik ki, bütün şəhərlərimizə içməli su xətləri çəkək. Eyni zamanda, kəndləri də içməli su ilə təmin edirik. Həm “Azərsu” şirkəti, həm də Ekologiya və Təbii Sərvətlər Nazirliyi çaylar boyu yerləşən kəndlərdə modul tipli təmizləyici qurğular quraşdırır. O ərazilərdə yaşayan təxminən yarım milyona qədər vətəndaş indi təmiz içməli su ilə təmin olunub”.
Ölkə başçısı kəndlərin qazlaşdırılması məsələsi ətrafında da geniş fikir bildirib. Bu il bu prosesin bir qədər ləng getdiyini deyən İ.Əliyevin sözlərinə görə, qazlaşdırma əvvəlki illərdə daha sürətlə gedirdi: “Biz çalışmalıyıq ki, qazlaşdırmanı Azərbaycanda 95, bəlkə də 97 faizə qaldıraq. Ona nail olmaq üçün imkanlar var. Dövlət büdcəsində də vəsait nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti öz vəsaitindən də istifadə etməlidir. Bu sahədə işlər daha da sürətlə getməlidir. Mənə yeni qazlaşdırılan kəndlərin demək olar ki, hər ay mütəmadi qaydada siyahısı verilir. Ona görə, bu məsələ nəzarətimdədir. Son vaxtlar o arayışlarda hər ay bir, iki, maksimum üç kəndin qazlaşdırıldığı göstərilir. Bu, qəbuledilməzdir, dözülməzdir. Dövlət Neft Şirkəti, “Azəriqaz” bu işləri daha da sürətlə aparmalıdır”.
İlham Əliyev ölkədə həyata keçirilən meliorasiya tədbirləri barədə də danışıb. Bildirib ki, bu il Şəmkirçay su anbarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, böyük infrastruktur layihəsidir. On minlərlə hektar torpağı suvaracaq, Taxtakörpü su anbarı ilə birlikdə Azərbaycanda suvarma və içməli su ilə təminatı böyük dərəcədə yaxşılaşdıracaq: “Mən keçən müşavirələrdə də məsələni qaldırmışam ki, suvarılacaq torpaqların dəqiq ölçüləri olmalıdır. Çünki hələ ki mənə verilən məlumat daha çox şifahi xarakter daşıyır və deyilir ki, 10 min, 20 min, ya da 50 min hektar torpaq suvarılacaq. Ancaq hansı torpaq, bu uçotu kim aparıb, kim dəqiqliklə deyə bilər 10 min, ya da 20 min?! Ona görə, burada ciddi bir nəzarət sistemi olmalıdır. Biz bu məsələlərə böyük vəsait ayırırıq. Əlbəttə, bu layihələr ölkə iqtisadiyyatı, sosial məsələlərin həlli üçün çox vacibdir. Ancaq biz dəqiq bilməliyik ki, neçə min hektarda vəziyyət yaxşılaşdırılacaq və neçə min hektar suvarılacaq. Ona görə də yaxın aylarda belə məlumat əldə edilməlidir. Bütün aidiyyəti qurumlar işləsinlər və mənə məlumat versinlər. Ondan sonra biz baxacağıq kreditləri hansı sahələrə ayıraq, o torpaqlarda hansı kənd təsərrüfatı məhsulu yetişdirilməlidir ki, bu işlər kortəbii yox, sistemli şəkildə aparılsın”.
Göründüyü kimi, artıq kəndlərin inkişafı məsələsi ən yüksək səviyyədə diqqətdə saxlanılır. Qeyd edək ki, Azərbaycanda əhalinin böyük hissəsi kəndlərdə məskunlaşıb. Mövcud olan infrastruktur problemləri ucbatından son illərdə kənddən şəhərə axın baş versə də, hazırda bu proses dayanıb. İndi kəndlərdə yaşayış səviyyəsi artıb və artıq insanlar dolanışıq üçün şəhərə axışmır. Təbii ki, ölkə başçısının da vurğuladığı problemlər – qaz, su, yol çətinlikləri – həllini tapandan sonra zamanında kənddən şəhərə gələn insanlar geri dönəcəklər. Bu isə o deməkdir ki, kəndlərdə infrastrukturun yaxşılaşdırılması təkcə yerli problemlərin deyil, həmçinin iri şəhərlərdə yaranan sıxlıq probleminin həllidir. Bu baxımdan, ekspertlər ölkə başçısının açıqladığı hədəflərin ölkənin sosial-iqtisadi həyatı üçün vacib istiqamətlər olduğunu deyirlər. Üstəlik, kəndlərin yüksək inkişaf etməsi həm də şəhərlərin yüksək səviyyədə təmin olunması deməkdir.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər