• cümə, 29 Mart, 06:30
  • Baku Bakı 5°C

Həcmi azalan Avrozona iqtisadiyyatı

29.06.20 17:15 753
Həcmi azalan Avrozona iqtisadiyyatı
Ekspertlər deyirlər ki, bu bölgədə müşahidə olunan neqativ situasiya dünyanın istənilən ölkəsinə birbaşa və dolayı təsir edəcək

Avrozona iqtisadiyyatı bu il 10%-dən çox azalacaq. Belə ki, Beynəlxalq Valyuta Fondu (BVF) bu il Avrozonada ÜDM istehsalının 10,2% azalacağını proqnozlaşdırır. Bu barədə BVF-nin "World Economic Outlook" (WEO) hesabatının iyun buraxılışında deyilir. Yeni proqnoz Fondun apreldəki mənfi gözləntisindən 2,7 faiz bəndi azdır. BVF 2021-ci ildə Avrozona iqtisadiyyatının bərpa olaraq 6% artacağını gözləyir. Bu, aprel proqnozundan 1,3 faiz bəndi çoxdur. Qeyd edək ki, 2019-cu ildə Avrozonada ÜDM istehsalı 1,3% artıb.
Pandemiya bir müddətdir ki, bütün dünya iqtisadiyyatını iflic vəziyyətinə salıb. Bu mənada, artıq ilkin göstəricilər və proqnozlar mənfi istiqamətdədir. Bəs görəsən Avroznada iqtisadiyyatın 10 faizədək azalmasının hansı mənfi təsirləri ola bilər? Azərbaycan üçün hansı risklər var?
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Avrozona dünya iqtisadiyyatının təxminən 20 faizinə nəzarət edən bölgədir. Bu bölgədə iqtisadiyyatın 10 faiz kiçilməsi, dünya iqtisadiyyatı üçün təqribən 2 faizədək azalma riski yaradır: "Bu isə son nəticədə məcmu istehlakın dünya səviyyəsində 2 faizədək azalmasına gətirib çıxaracaq. Təbii ki bütün bunlar ölkələrin iqtisadiyyatlarına öz neqativ təsirini göstərəcək. Əmtəə bazarlarında qiymətlərin aşağı düşməsi, Avrozonada istehsalın zəifləməsi, bu bölgədən ixrac edilən məhsulların qiymətinin müəyyən qədər artmasına gətirib çıxaracaq. Beləliklə, bütün Avrozona ilə əlaqəli olan iqtisadiyyatlarla yanaşı, Azərbaycan iqtisadiyyatına da təsirləri olacaq. Birbaşa təsirlərdən biri neftin qiyməti ilə bağlı neqativ situasiyadır. Azərbaycanın bu istiqamətdə gəlirlərinin aşağı düşməsinə səbəb olan faktlardan biri də məhz budur. Digər tərəfdən, Avrozonada məskunlaşıb yaşayan Azərbaycan vətəndaşlarının gəlirləri xeyli aşağı düşür. Onların sosial rifahının pisləşməsi, dolayısı ilə bölgədən Azərbaycana göndərilən pul həcminin də azalmasına gətirib çıxaran faktorlardan biri olacaq. Azərbaycanın strateji valyuta ehtiyatlarının əhəmiyyətli bir qismi məhz Neft Fondu vasitəsilə Avrozonanın aktivlərində yerləşdirilib. Bu isə o deməkdir ki, növbəti dövrlərdə Neft Fondunun aktivlərinin dəyərsizləşməsi prosesi daha dərinləşə bilər. Yəni itkilər gözləniləndir. Səhm bazarında baş verənlər, daşınmaz əmlak bazarında neqativ situasiya, avro və funt sterlinqdə yerləşdirilən vəsaitlərin, dolayısı ilə öz dəyərini itirməklə Neft Fondunun ümumi aktivlərinin həcminə mənfi təsir edə bilər. Azərbaycanla xarici ticarət dövriyyəsi növbəti dövrdə azala bilər. Əsasən Azərbaycandan Avropa ölkələrinə ixracın həcmində azalma müşahidə olunacaq. Bu isə ölkədə sahibkarlığın, xüsusilə qeyri-neft təyinatlı ixracın genişləndirilməsi siyasətinin qarşısında müəyyən çətinliklər yarada bilər. Avrozona kiçik bir iqtisadiyyat deyil, kifayət qədər böyük bir iqtisadi strukturdur. Bu bölgədə müşahidə olunan neqativ situasiya dünyanın istənilən ölkəsinə, istənilən sahibkarlıq subyektinin fəaliyyətinə birbaşa və dolayı təsir edəcək”.
Ekspert bildirdi ki, indiki dövrdə verilən proqnozlar qısamüddətli dövr üçün keçərlidir: "İkinci dalğa ilə bağlı qiymətləndirmələr bir neçə ssenari üzərində aparılır. Nəzərə almaq lazımdır ki, ikinci dalğa ilə bağlı təsəvvürlər tam olaraq formalaşmayıb. Bir çox mütəxəssislər hesab edir ki, ikinci dalğa baş versə belə, birinci dalğada olduğu kimi iqtisadiyyatların bloklanması ilə bağlı ciddi qərarlar qəbul edilməyəcək. Çünki cəmiyyətlər mərhələli şəkildə pandemiya şəraitində yaşamağa alışır. Həmçinin bunun iqtisadi fəsadları və dəstək proqramlarının maliyyələşdirilməsi imkanlarının məhdud olması nəticəsində, dövlətlərin bu qərarı verəcəyi gözlənilmir. İstənilən halda, ikinci dalğa olarsa, onun nəticələrini əvvəlcədən hesablamaq olmaz. Yəqin ki, ikinci dalğa bütün sferalarda ciddi problemlər yarada bilər. Bu, təkcə Avrozonada deyil, digər iqtisadiyyatlarda proqnozlaşdırılan zərərin daha da artmasına səbəb ola bilər.
Maliyyə məsələləri üzər ekspert Cəfər İbrahimli bildirir ki, Avrozona dünya iqtisadiyyatının əsas hissəsini təşkil edir. Qeyd olunan həcmdə azalma, təbii ki, bütün dünya iqtisadiyyatına mənfi təsir edəcək: "Əslində bu rəqəmin daha az olacağı proqnoz edilirdi. Çünki ticarət dövriyyəsinin böyük bir hissəsi Avropada istehsal edilən mallar üzərindən aparılır. İstənilən halda, belə bir həcmdə azalma çox təhlükəli bir situasiyadan xəbər verir. Azərbaycan iqtisadiyyatına gəldikdə isə bu təhlükə bizdən də yan keçməyəcək. Azərbaycanda da ÜDM-in həcminin azalacağı təxmin edilir. Neft-qaz ixracımızın böyük bir hissəsi Avropa üzərindən həyata keçirilir. Orada baş verən neqativ vəziyyət, istər-istəməz, bizə də təsir edir. Əslində bu təsirlərin ilkin mərhələsini artıq geridə qoymuşuq. Belə ki, ilkin mərhələdə ən ciddi təsir neftin qiyməti ilə bağlı idi. İndi neftin qiymətində stabilləşmə hiss olunur. Vəziyyəti ümumi dəyərləndirsək, görərik ki, koronavirusun iqtisadiyyatlara vurduğu mənfi təsirin birinci mərhələsi artıq keçməkdədir. Əgər Avropa ölkələrinin iqtisadiyyatında aktivlik müşahidə olunarsa, vəziyyəti idarə etmək olar. İqtisadi aktivlik təmin olunarsa, bizim üçün ciddi təhlükə gözlənilmir. Neftin qiyməti bundan aşağı düşməyəcəyi halda, bizim tədiyyə balansımızda ciddi fərq yaranmayacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər