Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalı zavodunun təməli qoyulub
Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində
"Azərmaş” ASC-nin Rusiya Federasiyasının "Qaz Qrup” şirkəti ilə birgə həyata
keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı
zavodunun təməli qoyulub. Tədbirdə İqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu,
Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi
nümayəndə heyəti, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak
ediblər.
Tədbir iştirakçılarına məlumat
verilib ki, istehsal gücü ildə 1000 ədəd avtomobil olan zavodda 100 yeni iş
yerinin yaradılması nəzərdə tutulur. Dəyəri 14 milyon manat olan layihə üzrə
Anlaşma Memorandumu ötən ilin aprelində imzalanıb. Layihənin icraçısı olan "Azərmaş”
ASC-yə Hacıqabul Sənaye Məhəlləsinin iştirakçısı statusu verilib. Sənaye Məhəlləsində
avtomobil istehsalı zavodunun yaradılması köməkçi sənaye istehsalı və xidmət
sahələrinin inkişafı üçün də əlverişli imkan yaradacaq.
Sonra tədbir iştirakçıları
zavodda istehsal edilməsi nəzərdə tutulan avtomobil modelləri və Hacıqabul Sənaye
Məhəlləsində sahibkarlar üçün yaradılmış şəraitlə tanış olublar.
İştirakçılara məlumat verilib ki
Hacıqabul Sənaye Məhəlləsində dövlət tərəfindən sahibkarlar üçün bütün zəruri
infrastruktur yaradılıb. 20 hektar ərazidə yaradılmış Sənaye Məhəlləsi 10 min
kvadrat metr olan 4 istehsal təyinatlı binadan, 937 kvadrat metr olan inzibati
və texniki binalardan ibarətdir. Hacıqabul Sənaye Məhəlləsinin inzibati
binasında toplantı və təlimlərin keçirilməsi üçün iclas otağı, məhəllənin
iştirakçılarına müxtəlif xidmətlər göstərəcək müasir ofis sahələri, sərgi-satış
mərkəzi, tibb məntəqəsi, poçt, yeməkxana və Sənaye Məhəlləsinin idarəedici təşkilatının
istifadəsi üçün nəzərdə tutulan sahələrdən ibarətdir. Sənaye Məhəlləsində
sahibkarlara mühasibatlıq, hüquq, bank və sığorta, poçt və internet, logistika,
tibbi xidmətlər göstəriləcək. Hacıqabul Sənaye Məhəlləsində ümümi dəyəri 60
mln. manatdan çox olan 7 layihə üzrə maşınqayırma, kompozit materialları,
avtomobil, tikinti materiallarının istehsalı üçün avadanlıqlar, gübrə, plastik
qablar,
tikinti materialları istehsalında istifadə olunan avadanlıqların istehsalı sahələri
yaradılıb. Bu layihələr çərçivəsində 900-dən çox iş yerinin yaradılması nəzərdə
tutulur.
Hazırda istehsal sahələrində
avadanlıqların yerləşdirilməsi və istehsala digər hazırlıq işləri aparılır.
Sonra Hacıqabul Sənaye Məhəlləsində
Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında görüş keçirilib.
İqtisadiyyat naziri Şahin
Mustafayev Azərbaycan və Rusiya arasında siyasi əlaqələrin yüksək səviyyədə
olduğunu, əməkdaşlığın bütün sahələrdə inkişaf etdiyini, əlaqələrin genişlənməsinin
Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsinin göstəricisi olduğunu
vurğulayıb. Diqqətə çatdırılıb ki, təkcə ötən il Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasına 3 dəfə səfər edib, Rusiya
Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda
IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib, iqtisadiyyatın bir sıra
sahələrində Azərbaycan və Rusiya əməkdaşlığına dair dəyirmi masalar təşkil
olunub.
Görüşdə qeyd edilib ki, Azərbaycan-Rusiya əlaqələrinin
əsas istiqamətlərindən biri də iqtisadi-ticarət və qarşılıqlı investisiya
qoyuluşlarıdır. Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox,
Rusiya isə Azərbaycana 4,2 milyard dollardan artıq sərmayə yatırıb. "SOCAR
Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin
yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın "Kamaz” və "Ural” zavodları ilə
əməkdaşlığı və s. qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdir.
Azərbaycanın sənaye, tikinti, ticarət, xidmət, bank
və sığorta, rabitə, nəqliyyat, kənd təsərrüfatı sahələrində 700-dən çox Rusiya
kapitallı şirkət fəaliyyət göstərir. Rusiya şirkətləri bir sıra layihələrdə
podratçı qismində də iştirak edirlər. Nəqliyyat-tranzit yükdaşımaları sahəsində
ikitərəfli əməkdaşlığın uğurlu istiqamətlərindən olduğunu vurğulayan Şahin
Mustafayev mühüm layihələrdən olan "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin
əhəmiyyətini diqqətə çatdırıb, Rusiya ilə birgə həyata keçirilən Samur çayı üzərindən
körpünün tikintisinin iqtisadi-ticarət, nəqliyyat-tranzit əməkdaşlığının
inkişafına önəmli töhfə verəcəyini qeyd edib.
Rusiya Federasiyasının İqtisadi
İnkişaf naziri Maksim Oreşkin dost və qonşu ölkələr olan Rusiya və Azərbaycanın
dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən intensiv görüşlərinin və
imzalanmış sənədlərin ölkələrimiz arasında əməkaşlığın inkişafına böyük stimul
verdiyini vurğulayıb. Maksim Oreşkin iqtisadi sahədə əlaqələrin inkişafı üçün
böyük potensialı qeyd edərək bu gün təməli qoyulan "QAZ” avtomobilləri
istehsalı zavodunun uğurlu layihə olacağını diqqətə çatdırıb. İqtisadiyyatın
müxtəlif sahələrində əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşən
rusiyalı nazir Hacıqabul Sənaye Məhəlləsində sahibkarlar üçün yaradılmış əlverişli
imkanlardan məmnunluğunu ifadə edib.
Görüşdə Azərbaycan və
Rusiya arasında iqtisadi-ticarət, nəqliyyat-tranzit, sənaye, kənd təsərrüfatı,
humanitar və s. sahələrdə əməkdaşlığın inkişafı, birgə müəssisələrin
yaradılması məsələləri müzakirə edilib.