Gündəlik siqaretə 3-4 manat pul xərcləyənlər sığorta üçün 15 qəpik ödəmək istəmir
Ekspertlər bunu məlumatsızlıqla, təbliğatın az
aparılması ilə əlaqələndirilər
Prezident İlham Əliyev 2020-ci ilin yanvarın 13-də
keçirdiyi müşavirədə əmlakın sığortalanması ilə bağlı ciddi maarifləndirmə işlərinin
aparılması və əmlakın sığortalanması məsələsinin müasir standartlara
uyğunlaşdırılması ilə əlaqədar tapşırıq verib. Diqqətə çatdırılıb ki, maarifləndirmə
ilə yanaşı, marketinq işləri də aparılmalı, vətəndaşların əmlakın
sığortalanmasında maraqlı olmaları üçün müvafiq tədbirlər görülməlidir. Çünki, əmlakın
sığortası vətəndaşların da mənafelərinə cavab verir. Vətəndaşlar daşınmaz əmlaklarını
icbari qaydada sığortalamaqla, fövqəladə hallarda riskləri minimuma endirmiş
olurlar. Yanvarın 24-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə
müşavirə keçirilib və Prezident İlham Əliyevin icbari sığorta ilə bağlı
tapşırıqları müzakirə edilib. Baş Nazir qeyd edib ki, dövlət başçısı əmlakın
sığortalanması işinin vətəndaşla sığorta şirkətlərinin qarşılıqlı maraqları çərçivəsində
həyata keçirilməsinə üstünlük verir. O, bu məsələdə də maarifləndirmənin mühüm
amil olduğunu vurğulayıb.
Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu il 21 may
tarixli sərəncamı ilə təsdiq edilmiş "Sığorta sektorunun inkişafına dair
2019-2021-ci illər üçün Tədbirlər Planı”nda nəzərdə tutulmuş işlərin sürətləndirilməsinin
və bununla bağlı mütəmadi hesabat verilməsinin vacibliyini bildirib. Qeyd
olunub ki, aqrar sığorta sahəsində qəbul edilmiş qərarların da icrası daim diqqətdə
saxlanılmalı, bu istiqamətdə işlər sürətləndirilməlidir. Qarşıya qoyulan vəzifələrin
uğurla yerinə yetirilməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq
tapşırıqlar verən Baş Nazir Ə.Əsədov görülmüş işlərin nəticələrinin 3 aydan
sonra yenidən müzakirə ediləcəyini bildirib.
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov "Kaspi” qəzetinə açıqlamasında bildirib ki,
bütövlükdə maliyyə sferasında, maliyyə bazarında sığortanın özünün xüsusi çəkisi
var. Onun sözlərinə görə, bir çox ölkələrdə sığorta şəbəkəsi və sığorta sistemi
bank sektorunu dəfələrlə qabaqlayıb: "Sığortanın özü iqtisadiyyatda əsas
aparıcı maliyyə institutlarından biridir. Əlbəttə, bu getdikcə ölkəmizdə də formalaşır,
bununla bağlı qanunlar qəbul olunur. Bilirsiniz ki, ayrı-ayrı sahələr üzrə, o
cümlədən kənd təsərrüfatı, tibbi sığorta ilə bağlı çox mühüm addımlar atılıb.
Ancaq bununla yanaşı, biz etiraf etməliyik ki, bütövlükdə sığorta sistemi ilə
bağlı vətəndaşlarımızın, xüsusilə iş adamlarının, sahibkarların bu sahədə yetərincə
fəaliyyəti görünmür. Biz onu "Diqlas” və "Eurohome” ticarət mərkəzlərində baş
verən yanğınlar zamanı, eləcə də digər sahibkarlıq subyektlərində hansısa təbii
fəlakət nəticəsində ortaya çıxan problemlər səviyyəsində müşahidə etmişik.
Bütün hallarda yük əsasən dövlətin üstünə düşüb. Bu ölkə prezidentinin vətəndaşa
olan diqqətinin bir nümunəsi idi ki, zərərçəkənlərə dövlətin dəstəyi oldu.
Ancaq bütövlükdə dünya təcrübəsində belə bir şey yoxdur. Dünya praktikasında bu
kimi məsələlər birbaşa sığorta sektoruna, sığortalı və sığorta edən arasındakı
münasibətlərlə tənzimlənir”.
Millət vəkili deyib ki, sığorta sahəsində özünü büruzə
verən, dövlət başçısının da qarşıya qoyduğu vəzifələrdə yer alan məsələlərin həlli
üçün ilk növbədə maarifləndirmə işi görülməlidir: "Ciddi maarifləndirmə prosesi
getməlidir. Bir tərəfdən hər bir iş adamı müqavilə bağlayanda ətraflı izahat
işi aparılmalıdır. Digər tərəfdən, ümumiyyətlə, bu sferada çalışan insanlar,
xüsusilə, bizim biznes strukturunun subyektləri çox önəmli iş görməlidirlər. Bu,
həm sığorta bazarının genişlənməsini təmin edəcək, həm də bütövlükdə ölkə
iqtisadiyyatının mühüm qolunu inkişaf etdirəcək. Digər tərəfdən, baş verən hər
hansı hadisə zamanı dəyən ziyanın ödənilməsində dövlətin yükünü azaldacaq. Ona
görə də qəbul edilən qanunlar, Nazirlər Kabinetinin normativ aktları ilə
yanaşı, həm də maarifləndirmə işi çox geniş şəkildə həyata keçirilməlidir. Eyni
zamanda, burda bir məsuliyyət məsələsi də özünü büruzə verməlidir”.
Sığorta eksperti Hikmət
Allahverdi isə qəzetimizə
açıqlamasında deyib ki, 8 ildir qüvvədə olan "İcbari sığortalar haqqında” qanunun
icrası ilə bağlı cidi addımlar atılmalıdır. Onun sözlərinə görə, ilk növbədə əhali
arasında geniş təbliğat aparılmalıdır: "Nazirlər Kabinetinə tapşırılan məsələlərdən
sadəcə cərimələrin tətbiqi icra mexanizmi qalıb. Qanun 8 ildir qüvvədədir.
Hüquqi şəxslərin istifadəsində olan əmlaklarla bağlı bu qanun tamamilə işləyir.
Sadəcə, fiziki şəxslərə bağlı müəyyən problemlər yarandı. Ola bilsin bu, seçki
ilə bağlıdır. Lakin reallıq budur ki, 8 ildir qüvvədə olan qanunla bağlı nəzarəetedici
orqanın qismən də olsa işlər aparılıb. Sığorta şirkətləri də təbliğ aparıblar.
Sanki kimlərsə, sadəcə, keçən ilin son aylarında bu işi daha aktivləşdirdilər,
ancaq sonradan nədənsə anidən geriçəkilmə oldu. Təbii ki, təbliğat məsələsi əhali
arasında geniş aparılmalıdır. Bu bir reallıqdır ki, əhalinin böyük bir qismi ətraflı
məlumata sahib olmadan sığorta şirkətlərinə böyük bir axın etdi, əmlakını
sığortalatdı. Amma onlar bunu sığortanın məğzini bilmədən, sadəcə, cərimə məsələsini
eşidib etdilər. Lakin bu cərimə mexanizminin tətbiqinin mümkün olmayacağı barədə
məlumat yayılan kimi dərhal əhali sığorta şirkətlərinə axını dayandırdı. Ona görə
də bu mexanizm üzərində işləmək lazımdır. Cərimə mexanizmi hansı formada olmalıdır,
necə edilməlidir və sair dəqiqləşdirilməlidir. Əgər səhv etmirəmsə, bu cərimə
protokollarının formasını Nazirlər Kabineti təsdiq etməlidir. Paralel olaraq əhali
arasında geniş təbliğat işlərinin aparılması vacibdir”.
Ekspert bildirib ki, dünya təcrübəsində əmlakın
özünün icbari sığortası az-az rast gəlinən hallardır: "Qonşu Türkiyəni götürsək,
ora aktiv zəlzələ bölgəsi olduğuna görə deprem sığortası deyilən bir sığorta
növü var ki, bu, məcburidir, tətbiq olunur. Yəni, burada söhbət insanların öz
mülkiyyətində olan əmlakının sığortalanmasından gedir. Bu, bizdə də tətbiq
olunur. Sadəcə, bizdə risklər kifayət qədər geniş əhatə olunub. Burda sadəcə zəlzələ
deyil, yanğın, partlayış, bütün növ təbii fəlakətlər, subasma, üçüncü şəxslərin
qəsd hərəkətləri nəzərdə tutulub. Bu baxımdan götürsək, bizdəki qanun daha
geniş əhatə olunub və çox ucuz qiymət qoyulub sığorta üçün. Bu qanunu hardasa
sosial bir layihə kimi də düşünə bilərik. Qanun Kür daşqınlarından sonra qəbul
olunub. Səhv etmirəmsə, 2012-ci ildə qüvvəyə mindi. Praktikada belədir ki, əgər
bu mülkiyyət şəxsə məxsusdursa, bununla bağlı bütün qərarları vermək şəxsin
özünə aiddir. Sadəcə, dövlət qəza anında insanlara yardım məqsədi ilə bu qanunu
qəbul etmişdi. Əhalinin alıcılıq qabiliyyətini nəzərə almaq lazımdır. Görünür
ki, böyük əksəriyyətin il ərzində 50 manatı ödəməyə, yumşaq desək, həvəsi
yoxdur. Halbuki, bu, günə heç 15 qəpik etmir. Gündə 3-4 manat siqaretə pul xərcləyən
adam nədənsə sığorta üçün 15 qəpik ödəmək istəmir, bunda maraqlı deyil. Bu da təbii
ki, məlumatsızlıqdan, təbliğatın az aparılmasından irəli gəlir”.
Alpər TURAN