“Güllə Yağışı” abidəsi önündə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – Fotolar
Biləcəri qəsəbəsi "Güllə Yağışı” abidəsinin
önündə 20 Yanvar faciəsinin 27-cı ildönümünə həsr olunmuş anım mərasimi
keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyəti
başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti
başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Aparatın şöbə müdirləri,
rayonun hüquq mühafizə orqanları və icra strukturlarının
rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri,
fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin
xatirəsinə ucaldılmış "Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin
qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan
xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə
yazdıqları şərəfli səhifədən danışıb.
Tədbirdə "20 Yanvar” Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz İsmayılov, 20 Yanvar şəhidi Fərizə
Allahverdiyevanın anası Bağda Nəbiyeva və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının
birinci müavini İlqar Süleymanov çıxış edərək 20 Yanvar faciəsindən
27 il ötməsinə baxmayaraq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi
həkk olunduğunu diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, həmin gün Azərbaycan
tarixində qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil. Bu tarix
Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin
oyanış günü idi. Natiqlər çıxışlarında vurğulayıblar ki, bütün sahələrdə həyata
keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət
mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva
müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük
qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,
faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası
istiqamətində mühüm işlər görür. O cümlədən, çıxışlarda qələbə gününün uzaqda
olmadığını diqqətə çatdıran natiqlər bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli
uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı,
Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli
addımlarının da zəmanət verdiyini bildiriblər.
Daha sonra tədbirdə Şirzad Pirallahının ifasında vətənpərvərlik şeri və
Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik
mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai
Birliyinin sədri Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnısı ifa
edilib.
Anım mərasimi bitdikdən sonra gecə
saatlarına qədər tədbir iştirakçıları və rayon ictimaiyyəti "Güllə Yağışı” abidəsinin
önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin
ruhuna öz ehtiramlarını bildiriblər.