Kağız sənəd erası başa çatır

Hazırda yeni sistem vasitəsilə hər ay bir milyondan çox kağız sənədin istifadəsinə qənaət edilir ki, bu da ildə təxminən 2000-dən çox ağacın kəsilməsinin qarşısını alır. Bununla yanaşı, Milli Məlumat Mübadiləsi Sistemi dövlət orqanları arasında operativ və etibarlı məlumat mübadiləsini təmin edir.
Azərbaycanda kağız daşıyıcılardan tamamilə imtina olunacaq, rəqəmsal hökumətə keçid baş verəcək. Bu, “Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb. Sənəddə deyilir ki, Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini, vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Bəs nəzərdə tutulan yeniliklər bizə nə verəcək? Vətəndaşların bu sistemə öyrəşməsi üçün işlər görülürmü?
Hər ay bir milyondan çox kağıza qənaət edilir
Prosesdə aparıcı qurumlardan biri kimi çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyindən (İRİA) “Kaspi” qəzetinə verilən məlumata görə, qurum tərəfindən həyata keçirilən ən mühüm təşəbbüslərdən biri Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsistemidir: “Bu sistem sayəsində dövlət qurumları arasında sənəd mübadiləsi tam rəqəmsal formada və təhlükəsiz şəkildə aparılır. Hazırda 2200-dən çox dövlət qurumu və alt strukturlar RSD altsisteminə qoşulub və bu sistem vasitəsilə hər ay bir milyondan çox kağız sənədin istifadəsinə qənaət edilir ki, bu da ildə təxminən 2000-dən çox ağacın kəsilməsinin qarşısını alır. Bununla yanaşı, İRİA tərəfindən təqdim edilən "digital.bridge" - Milli Məlumat Mübadiləsi Sistemi dövlət orqanları arasında operativ və etibarlı məlumat mübadiləsini təmin edir. Artıq vətəndaşlar dövlət qurumlarına bir çox sənədləri təqdim etmək məcburiyyətində deyil, çünki həmin məlumatlar birbaşa "digital.bridge" üzərindən əldə edilə bilir. Bu yenilik təkcə vətəndaşlara rahatlıq yaratmır, həm də dövlət xidmətlərinin sürətini artırır və bürokratik maneələri aradan qaldırır. Sistem vasitəsilə həyata keçirilən məlumat mübadilələrinin sayı bir milyardı ötüb və bu proses nəticəsində ildə 10 mindən çox ağacın kəsilməsinin qarşısı alınır”.
"23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib"
Qurumdan bildirilir ki, 2024-cü ildə yenilənmiş “mygov” rəqəmsal hökumət platforması çərçivəsində də mühüm addımlar atılıb: “Artıq vətəndaşlara həyat hadisələri üzrə rəqəmsal hökumət xidmətləri təqdim olunur. Məsələn, ailə qurmaq, valideyn olmaq, ailə üzvünün vəfatı kimi həyat hadisələri ilə bağlı bütün dövlət xidmətləri inteqrasiya olunub və elektron qaydada əlçatan edilib. Bununla yanaşı, vətəndaşlara aid bir sıra sənəd və məlumatlar da rəqəmsal formada təqdim edilir. Hazırda “mygov” platformasında 40-dan çox məlumat və rəqəmsal sənəd mövcuddur. Ölkə prezidentinin 16 iyul 2024-cü il tarixli Fərmanına əsasən, şəxsiyyət vəsiqəsi, doğum, ölüm və nikah haqqında şəhadətnamələrin rəqəmsal versiyaları artıq fiziki versiyaları ilə bərabər hüquqi qüvvəyə malikdir. Bu o deməkdir ki, vətəndaşlar artıq fiziki sənədləri təqdim etmədən, "mygov" üzərindən rəqəmsal şəxsiyyət vəsiqələrini və digər sənədlərini istənilən dövlət və özəl quruma təqdim edə bilərlər. Bundan əlavə, 2025-cü ildə qəbul edilən qanun dəyişiklikləri ilə daha 23 növ rəqəmsal sənədin hüquqi qüvvəsi təmin edilib. Bu isə ölkədə kağız sənədlərdən istifadənin daha da azalmasına və rəqəmsal hökumət konsepsiyasının genişlənməsinə töhfə verir”.
“Vətəndaşlar buna hazırdırmı” sualına gəldikdə isə, İRİA-dan bildirilir ki, vətəndaşların rəqəmsal hökumət həllərinə daha rahat və səmərəli şəkildə inteqrasiya olunması üçün müxtəlif istiqamətlərdə işlər görülür: “İlk növbədə, dövlət xidmətlərinin əlçatanlığını artırmaq məqsədilə istifadəçi dostu interfeyslərə malik rəqəmsal hökumət xidmətləri, platforması təqdim olunur. Bu, vətəndaşların mürəkkəb texniki biliklərə ehtiyac duymadan rəqəmsal xidmətlərdən asanlıqla yararlanmasına imkan verir. Bununla yanaşı, mütəmadi maarifləndirmə kampaniyaları təşkil edilir, xüsusi təlim proqramları, seminarlar həyata keçirilir”.
Qurumun məlumatına görə, Azərbaycanın rəqəmsal hökumətə keçid istiqamətində həyata keçirdiyi tədbirlər gələcək üçün də böyük əhəmiyyət kəsb edir: “Əsas hədəf rəqəmsallaşma vasitəsilə cəmiyyət, biznes və dövlət arasında daha dərin əlaqə qurmaq, ölkədə rəqəmsal mədəniyyəti formalaşdırmaq və hər bir şəxsin texnologiyalardan faydalanmasını təmin etməkdir. Bu yanaşma, sadəcə idarəetmədə çeviklik deyil, həm də yeni nəsil texnologiyalarla Azərbaycanın beynəlxalq rəqəmsal ekosistemə inteqrasiyasını sürətləndirmək məqsədini daşıyır”.
Bu transformasiya özlüyündə ciddi islahatlara yol açacaq
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov deyir ki, bu transformasiya ciddi islahatlara yol açacaq: “Bu keçid idarəetmədə çeviklik, şəffaflıq və operativlik baxımından mühüm üstünlüklər vəd edir. Kağız daşıyıcılar vasitəsilə aparılan fiziki proseslərin azalması, dövlət xidmətlərinin elektron platformalar üzərindən göstərilməsi bürokratik maneələri aradan qaldıracaq, nəzarət mexanizmlərini avtomatlaşdıracaq, ekoloji baxımdan da müsbət nəticələr doğuracaq. Eyni zamanda, rəqəmsal idarəetmə böyük həcmli məlumatların daha effektiv təhlilinə, süni intellekt və analitika vasitəsilə daha optimal qərarların qəbuluna imkan verəcək”.
Kibertəhlükəsizlik də diqqət mərkəzində saxlanmalıdır
Mütəxəssisin sözlərinə görə, rəqəmsal hökumətə keçid təkcə texniki yeniliklərdən ibarət deyil: “Vətəndaşların yeni sistemə uyğunlaşması üçün geniş maarifləndirmə və təlim proqramlarının həyata keçirilməsi vacibdir. Eyni zamanda, kibertəhlükəsizlik məsələləri də diqqət mərkəzində saxlanılmalıdır ki, rəqəmsal ekosistem mümkün risklərdən qorunsun. Bundan əlavə, bu transformasiya qanunvericiliyin də dinamik inkişafını tələb edir. Rəqəmsal idarəetməyə keçid zamanı hüquqi bazanın operativ yenilənməsi, elektron imza, rəqəmsal identifikasiya, məlumat təhlükəsizliyi və süni intellektin tətbiqi ilə bağlı yeni hüquqi çərçivələrin formalaşdırılması zəruridir. Qanunvericiliyin bu sahədə çevik şəkildə inkişafı və uyğunlaşdırılması rəqəmsal hökumətin effektivliyini və hüquqi dayanıqlığını təmin edəcək. Ümumilikdə, kağızdan imtina və rəqəmsal texnologiyalara əsaslanan dövlət idarəçiliyi Azərbaycanın innovativ gələcəyinə doğru atdığı ən vacib addımlardan biridir. Bu prosesin uğurlu olması üçün dövlət, biznes və vətəndaş cəmiyyəti birlikdə fəaliyyət göstərməlidir”.
Aygün Əziz
