AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gülər Əhmədova özünü təqsirli bilmədiyini dedi

Gülər Əhmədova özünü təqsirli bilmədiyini dedi

Cəmiyyət
28 Oktyabr 2013, 11:42 968
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlisultan Osmanovun sədrliyi ilə həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmə istintaqının başlanmasına qərar verilib. Dövlət ittihamçısı Eldar Həmzəyev ittiham aktını elan edib. Daha sonra Gülər Əhmədova ifadə verərək özünü qətiyyən təqsirli bilmədiyini deyib.

G. Əhmədova KİV-də barəsində fantastik yazılar yazıldığını bildirib: “Mən onların heç birinə reaksiya vermirəm. Vicdanlarına və Allaha buraxıram. Yaza-yaza hadisələri bir ananın həbs olunmasına gətirib çıxardılar. Məni KİV-də gedən materiallara görə həbs elədilər. Bu təxəyyülə əsaslanan yazılarla bağlı istintaq jurnalistlərdən heç nə soruşmadı. Mənim nüfuzuma zərbə vuraraq elə bir obraz yaratdılar ki, guya mən Bin Ladenəm. Xahiş edirəm jurnalistlərdən nə deyirəm, onu yazsınlar. Ya da proses jurnalistlərsiz keçirilsin. Mənə, anama, övladlarıma olan olub. Yazanda düzgün yazın. Hər gün 7-8 dərman qəbul edirəm. Bu dərmanların təsirindən məni yuxu basır və anlaqsız vəziyyətə düşürəm”.

Daha sonra G. Əhmədova sərbəst ifadə verib. O ifadəsində deyib ki, KİV-də yazılanlardan iki gün sonra deputat mandatından imtina barədə MSK-ya müraciət edib və ondan sonra komissiya qərar verib: “Mən bu addımı demokratiya naminə atdım. Təəssüf edirəm ki, heç kim bunu demokratik addımı kimi nəzərə almadı. Bu demokratiyanın təntənəsi idi. Lakin KİV bunu elə təqdim etdi ki, guya mən özümü günahkar bildiyim üçün belə etmişəm”.

Proses davam edir.

Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra Gülər Əhmədova mandatından imtina edib. Fevralın 13-də isə G. Əhmədova barəsində həbs-qətimkan tədbiri seçilib. Bundan sonra həmin müddət iki dəfə artırılıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.