• cümə, 29 Mart, 17:30
  • Baku Bakı 14°C

Görünməyən qəhrəmanlar - Fotolar

04.05.20 18:22 6776
Görünməyən qəhrəmanlar - Fotolar
Koronavirusla mübarizədə ön cəbhədə yer alan səhiyyə işçilərimiz əsl fədakarlıq nümayiş etdirir, vətəndaşlarımızın sağlamlığının keşiyini çəkirlər

Ötən ilin son günündə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çin Ölkə Ofisi Çinin Hubei əyalətinin Vuhan şəhərində etiologiyası naməlum olan pnevmoniya ilə xəstələnmə halları haqqında məlumat verib. Cari il yanvarın 7-də bu fakt daha əvvəllər insanlarda rast gəlinməmiş yeni bir koronavirus (2019 Novel Coronavirus COVID-19) olaraq təsdiqlənib. ÜST-ünbaş katibi Tedros Adanom Gebreisus Cenevrədə mart ayında keçirdiyi brifinqdə yeni növ koronavirusu pandemiya elan edib. ÜST-ün mayın 3-də açıqladığı məlumata görə, dünyada koronavirusa yoluxma hallarının sayı 3,3 milyonu ötüb,238 mindən çox insan virusun qurbanı olub. Dünyada COVID-19-a yoluxma hallarının əksəriyyəti Avropada qeydə alınıb. Köhnə qitədə1 518 895nəfər virusa yoluxub, 142,6 mindən çox insan ölüb. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da koronavirusa qarşı mübarizə aparmaq, onun fəsadlarını minimuma endirmək istiqamətində mühüm addımlar atılıb, bütünlüklə səhiyyə sistemi səfərbər olunub. Beynəlxalq təcrübəyə uyğun olaraq koronavirus infeksiyalarının laborator diaqnostikası üçün ölkədə xüsusi dövlət tibb müəssisələri müəyyənləşdirilib. Xüsusi ayrılmış tibb müəssisələrindəki laboratoriyalar ÜST-ünmüəyyən etdiyi bütün biotəhlükəsizlik və digər keyfiyyət standartlarına tam uyğun qurulub, analizlərin yüksək ixtisaslı kadrlar tərəfindən icra olunmasına başlanılıb. Test nəticələrinin düzgünlüyünə xüsusi proqramlarla nəzarət edilir.

Bakıda və regionlarda ən müasir xəstəxanalar

Bundan başqa, koronavirusun yayıldığı ölkələrdən Azərbaycana gələn vətəndaşlarımız ilkin müayinədən keçirilir. İlkin müayinə nəticəsində xəstəliyin əlamətləri aşkar edilərsə, həmin şəxslər həkim nəzarəti altında karantinə yerləşdirilirlər. Bu yanaşma ölkə daxilində olan bütün vətəndaşlara da şamil edilir. Belə ki, respirator xəstəlik əlamətləri olan, yəni özündə qızdırma, halsızlıq, öskürək, ürəkbulanma, nəfəs darlığı hiss edən vətəndaşların dərhal103(Bakı daxili) və ya113(Bakıdan kənar) Təcili tibbi yardım nömrələrinə zəng edə bilməsi təşkil olunub. Müayinələr nəticəsində koronavirusa yoluxduğu şübhə doğuran vətəndaşlar dərhal nəzarətə götürülür, müalicəyə cəlb olunur, müvafiq xəstəxanalarda yerləşdirilir. Paytaxt Bakıda və regionlarda ən müasir xəstəxanalar bu məqsədlə ayrılıb, həmin səhiyyə müəssisələri bütün ləvazimatlarla təmin olunub. Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargahın 3 may 2020-ci il tarixinə olan məlumatına əsasən, hazırkı dövrədək ölkəmizdə 1932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1441 nəfər müalicə olunaraq sağalıb,25nəfər vəfat edib,466nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 19 nəfərin vəziyyəti ağır,26nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ailələrinin, doğmalarının üzünə həsrət qalanlar

Onu da vurğulayaq ki, koronavirus infeksiyasının yeni növünün ən geniş yayılmış klinikəlaməti pnevmoniyadır və xəstəliyin ağır formasından əziyyət çəkən pasiyentlərin əksəriyyətində kəskin respirator distress sindrom qeydə alınır. Yeni növ koronavirusun hazırda təsdiqlənmiş xüsusi virus əleyhinə müalicəsi olmadığı üçün bu xəstəliyə yoluxan insanlar simptomları yüngülləşdirmək üçün dəstəkləyici müalicə ala bilirlər. Ağır hallarda müalicəyə həyati vacib orqanların funksiyalarının dəstəklənməsi tədbirləri daxil edilir. Təbii olaraq bütün bu tədbirlər, yəni insanların müalicəsi həkimlər tərəfindən həyata keçirilir. Yeni növ koronavirusun pandemiya elan olunduğu vaxtdan indiyə qədər Azərbaycanın səhiyyə işçiləri əsil fədakarlıq nümayiş etdirir, yeni növ koronavirusa yoluxan vətəndaşlarımızın tam sağalıb ayağa durması üçün əllərindən gələni əsirgəmirlər. ÜST-ün tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib. Öz peşə borcunu ləyaqətlə yerinə yetirən tibb işçilərimiz bu müddət ərzində hər bir xəstəni daim nəzarətdə saxlayır, özləri də karantin rejiminin qaydalarına riayət edərək, həftələrlə ailələrinin, doğmalarının üzünə həsrət qalırlar.


Klinikaya gətirilən xəstələr arasında ölən olmayıb

Bu yazımızda həmin fədakar həkimlərdən, görünməyən qəhrəmanlardan bir neçəsini sizlərlə tanış edəcəyik. Azərbaycan Tibb Universitetinin (ATU) I Cərrahi Xəstəliklər Kafedrasının baş laborantı, tibb üzrə fəlsəfə doktoru Teyyub Əliyev aprel ayının 1-dən koronavirusla mübarizə tədbirlərinə cəlb edilib, 15 gün müddətində gecəli-gündüzlü xəstələrin müalicəsi ilə məşğul olub. Bu müddətdə o da ailəsindən təcrid olunub: "Tədris Cərrahiyyə Klinikası bizim kafedranın bazası olduğu üçün ora gətirilən xəstələrə tibii xidmət göstərir, onları təcili yerləşdirirdik. Yüksək təchizatımız var idi. Xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərilirdi. 15 gün ərzində klinikaya gətirilən xəstələrin hamısını müalicə edib ümumi ağır vəziyyətdən çıxardıq. Bunun nəticəsində də Tədris Cərrahiyyə Klinikasına gətirilən koronavirus xəstələri arasında ölən olmadı. Hamısını sağaltmağı bacardıq. 140 çarpayılıq xəstəxanamızda müalicə alan koronavirus xəstələrinin sağlamlığının bərpasında, onların həyatda qalmasında bütün tibb personalının əməyini xüsusi qeyd etmək istərdim. Klinikamızda müalicə alıb sağalan, evə yola salınan xəstələrin yerinə yenisi yerləşdirilir və bu proses davamlı hal alırdı. Demək olar ki, klinikamıza gətirilən xəstələrin 80 faizdən çoxu ağır vəziyyətdə olurdu. Onlarda kəskin tənəffüs çatışmazlığı, yüksək hərarət, hətta bəzilərində yanaşı gedən xəstəliklər, o cümlədən hipertoniya, şəkərli diabet olurdu. Onlara vaxtlı-vaxtında tibbi xidmət göstərir, həyatda qalmalarını təmin edir, sağaldırdıq. Şadam ki, şərəfli həkim peşəsi ilə ölkəmə xidmət edir, vətəndaşların sağlamlığının qayğısına qalıram”.


Səhiyyənin əsgərləri

ATU-nun Ağciyər Xəstəliklər Kafedrasının assistenti, ftiziator Şəfa Vəliyeva da koronavirusla mübarizəyə cəlb olunan səhiyyə işçilərindəndir. Onun sözlərinə görə, pandemiya elan olunduqdan bir müddət sonra ATU-nun həkim kollektivinin əksər üzvləri öz təşəbbüsü ilə koronavirusun fəsadlarının minimuma endirilməsi, bu virusa yoluxduğu şübhə doğuran vətəndaşların müayinə və müalicəsi prosesinə cəlb ediliblər. Ş.Vəliyeva inkişaf etmiş Avropa dövlətləri ilə müqayisədə Azərbaycanda qabaqlayıcı tədbirlərin zamanında tətbiq edildiyini, bunun sayəsində də ölkəmizdə bu xəstəliyə yoluxanların azlıq təşkil etdiyini vurğulayıb: "Bizim əməkdaşlar bilavasitə tibb müəssisələrində xəstələrin müalicəsinə cəlb edildilər. Mənim payıma düşən isə reionlarda koronavirusla mübarizə üçün təşkil edilmiş xəstəxanalarda tibb personalına təlimlər keçmək oldu. Bu təlimlər həm nəzəri, həm də praktiki olurdu. İmişli, Masallı, Goranboy, Şəmkir və Gəncədə belə təlimlər keçirdik. Hər rayonda iki gün olmaq şərtilə günün birinci yarısında nəzəri təlimlər keçirdik. Bu təlimlərə qonşu rayon və şəhərlərin tibb personalı da cəlb olunurdu. Günün ikinci yarısında isə xəstəxanalarda koronavirusdan müalicə alan xəstələrə tibbi xidmət göstərməklə paralel olaraq praktiki təlimlər keçirdik. Aparılan müalicələrin protokola uyğun olub-olmamasını təyin edir, hansı qrup xəstələrin olmasını aydınlaşdırır və sair bu kimi fəaliyyətlə məşğul olurduq. Eyni zamanda tibb personalının xüsusi geyimlərlə, qoruma vasitələrilə təmin olunub-olunmamasına, onlardan düzgün istifadə edilməsinə nəzarət edirdik. 10 gün ərzində təlimlərdə oldum, Bakıya qayıdandan sonra müayinədən keçdim, testimin cavabı mənfi çıxandan sonra 14 gün özünütəcrid vəziyyəində, 24 saat maskada qaldım. Ailəmdə bütün şəxsi gigiyena əşyalarım, hətta qab-qacağım da ayrı idi. Bütün çətinliklərə və məhrumiyyətlərə baxmayaraq, şadam ki, həkim peşəsinin sahibiyəm. Öz ixtisasımı və peşəmi sevirəm, vəzifə borcumu yerinə yetirirəm. Səhiyyənin əsgəri olaraq koronavirusla mübarizədə də ön cəbhədə yer alıb bəşəriyyətə, insanlara, Vətənimə, xalqıma xidmət edirəm”.


Koronavirus bəlasına qalib gələcəyik

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim radioloqu Müşfiq Bayramov bildirir ki, pandemiya elan olunduğu vaxtdan qısa müddət sonra çalışdığı xəstəxananın Xüsusi Təhlükəli İnfeksiya Şöbəsi tam hazırlıq vəziyyətinə gətirilib və Azərbaycanda koronavirusa yoluxduğu şübhə doğuran bəzi xəstələr məhz bu şöbədə yerləşdirilib. Həkimin sözlərinə görə, elə həmin vaxtdan etibarən o, COVİD-19 daşıyıcılarını və ikitərəfli pnevmaniya olan COVİD mənfi göstəricisi olan xəstələrin rentgendən keçirilməsi, rentgenlərinə baxılması prosesinə cəlb edilib: "Mən pulmonologiya bölməsi üzrə korpusda radioloq işləyirəm və əsasən rentgenlə məşğul oluram. Bizim institut da karantinə bağlıdır. Bu səhiyyə müəssisəsi COVİD-19 daşıyıcılarını və ikitərəfli pnevmaniya olan COVİD mənfi göstəricisi olan xəstələri qəbul edir. Onların hər birinin rentgeninə mən baxıram. Əvvəllər dünyada yayılan quş və donuz qripi kimi virusların zamanında da bu xəstəlik şübhəsi ilə bizim xəstəxanaya gətirilən vətəndaşların rentgeninə mən baxmışam. İşlədiyim yerə, ixtisasıma və peşəmə uyğun olaraq belə xəstələrin, o cümlədən koronavirusa yoluxma şübhəsi olan vətəndaşları rentgen aparatından keçirir, onların rentgeninə baxır, vəzifə borcumu yerinə yetirirəm. Hansısa xəstənin sağalıb ayağa durmasında azacıq da olsa əməyim olursa, bundan zövq alır, peşəmlə qürur duyuram. İnanıram ki, həkimlərimizin fədakarlığı sayəsində koronavirus bəlasına da qalib gələcəyik”.


İnsanların sağalmasına, həyatda qalmasına çalışanlar

ATU-nun Tədris Terapevtik Klinikasının tibb bacısı Leyla Abbasova mart ayının 21-dən etibarən koronavirusla mübarizə tədbirlərinə cəlb edilib. O, tam 45 gün ailəsindən təcrid olaraq, həkim kollektivi ilə birlikdə böyük əmək sərf edib, xəstələrin sağalmasına, həyatda qalmasına çalışıb: "Mart ayının 21-dən etibarən bizim klinikaya koronavirusa yoluxduğu şübhə doğuran xəstələri gətirməyə başlayıblar. Həmin tarixdən etibarən də növbəli şəkildə bu xəstəliklə mübarizəyə, yəni koronavirusa yoluxan xəstələrin müalicəsinə cəlb olunduq. Qaydalara uyğun olaraq karantin rejiminə biz də riayət etdik, ailələrimizdən təcrid olunduq. Əvvəl klinikada, sonra oteldə yerləşdirildik. Səhər saat 08:00-dan 16:00-a qədər birinci, 16:00-dan 00:00-a qədər ikinci, 00:00-dan 08:00-a qədər üçüncü növbədə ardıcıllıqla peşə fəaliyyətimizi yerinə yetirirdik. Hər gün növbəyə yarım saat öncədən gəlir, müayinədən keçir, xüsusi geyimləri geyinir, əlcəklərimizi, maskamızı, eynəyimizi taxır, 8 saat ərzində daim palatalara daxil olur, xəstələrlə ünsiyyətə girir, onlara lazımi xidməti göstərirdik. Növbəmiz başa çatdıqdan sonra xüsusi geyimləri təhvil verir, dezinfeksiya olunur və klinikanı tərk edərək yerləşdiyimiz məkana qayıdırdıq. Hər gün eyni qaydada öz peşə borcumuzu yerinə yetirirdik. Ailəmizdən təcrid olunduğumuz üçün bu müddət ərzində onlarla yalnız onlayn əlaqə yaradır, videogörüntü vasitəsilə bir-birimizdən, o cümlədən azyaşlı övladlarımızdan xəbər tuturduq. Bir ay ərzində bu qaydada işlədim. Bunun ardınca analizlər verərək 14 gün ərzində karantində qaldım. Analizlərin cavabı neqativ çıxdı və 45 gündən sonra ailəmin üzünü görə bildim. Sevinirəm ki, çətin günündə öz peşəmlə, əməli fəaliyyətimlə ölkəmin, vətəndaşlarımın yanında ola bildim, ağır xəstəliyə düçar olan insanlara qulluq etməklə onların sağalmasına, həyatda qalmasına çalışdım”.


Həkimlər ən yüksək qiymətə layiqdirlər

Sonda onu da qeyd edək ki, Azərbaycanda səhiyyə işçilərinin bu fədakarlığı xalqımız tərəfindən, eyni zamanda ölkənin ali rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir, həkimlərimizə həmrəylik və dəstək üçün müxtəlif aksiyalar keçirilir. Prezident İlham Əliyevin martın 18-də imzaladığı "Yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Sərəncamla yeni növ koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib. Eyni zamanda Nazirlər Kabinetinə tapşırılıb ki, yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinin və könüllülərin əməyinin ödənilməsi şərtləri də müəyyən olunsun, sərəncamdan irəli gələn digər məsələləri həll edilsin. Martın 28-də Bakıda "Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edən dövlət başçısı İlham Əliyev xəstəxananın kollektivi qarşısında çıxış edərək, tibb işçilərinin öz vəzifə borcunu ləyaqətlə yerinə yetirmələrinə diqqət çəkib. Bildirib ki, onlar Hippokrat andına sadiq qalaraq, xalqımıza xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirir, öz həyatlarını risk altına ataraq xəstələrə xidmət göstərirlər. Prezident ilham Əliyev həkimlərin ən yüksək qiymətə layiq olduğunu vurğulayıb.

Rufik İSMAYILOV




banner

Oxşar Xəbərlər