AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Görkəmli bəstəkar, pedaqoq və elm xadimi

Görkəmli bəstəkar, pedaqoq və elm xadimi

Mədəniyyət
05 Aprel 2021, 19:30 1122
Bu gün tanınmış bəstəkar Oqtay Rəcəbovun səksən yaşı tamam olur

Həmişə bu fikirdə olmuşam ki, yaradıcı insanların sənətə bəxş etdiyi əsərləri kimi, onların özləri də xalqın mənəvi varidatıdır. Minillər boyunca dünyaya gələn dahilərin, filosofların, ədəbi, tarixi şəxsiyyətlərin adının və sənət incilərinin əbədilik qazanması da Uca Yaradanın insana bəxş etdiyi ali dəyərlər sırasındadır. Tariximizin hansı səhifəsinə nəzər salsaq xalqımızın belə böyük, cahanşümul şəxsiyyətləri və onların bütün sahələrdə yaratdığı sənət nümunələri ilə rastlaşarıq. Bu gün də çağdaşımız olan görkəmli sənətkarların həyatı, yaradıcılığı gəncliyimizə örnəkdir.
Müasir Azərbaycan musiqi sənətinin inkişafından söz düşəndə adı ilklər sırasında olan sənətkarlar arasında görkəmli bəstəkar, pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbov da yada düşür. İndiki məqamda professorun bu sahədə yaratdığı, müxtəlif janrlarda ərsəyə gətirdiyi çoxsaylı əsərləri gözlərimiz qarşısına gəlir. Bəstəkarın yaşadığı ömrə yaradıcılığının işığında ekskurs edəndə bu əsərlərin həcmi, musiqimizə qazandırdığı dəyərlər bizi heyrətləndirir. Həqiqətən sənətkarın yaratdığı əsərlər də onun mənəvi övladlarıdır. Belə olduqda onlara bu qədər istəyin, bağlılığın kökü də dərin olur. Heç şübhəsiz, Oqtay Rəcəbovun da əsərlərində ruhunun çağlaması onları sevərək yaratması ilə bağlıdır...
AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Şəfəq Nasirin Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar, pedaqoji elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Rəcəbovun 80 illik yubileyinə həsr etdiyi "Görkəmli bəstəkar, pedaqoq və elm xadimi” yazısında yer alıb. Yazını təqdim edirik.
Hələ uşaqlıq çağlarından qəlbində musiqi sənətinə böyük sevginin ilkin işartıları görünməyə başlayanda onu ailədə ilk duyan anası oldu. 1948-ci ildə Bakıdakı 31 nömrəli məktəbin I sinfinə daxil olanda elə bil dünyanı verdilər ona. Bütün fənlərə, o cümlədən musiqiyə, təsviri incəsənətə daha çox maraq göstərirdi. Eyni vaxtda 1 nömrəli uşaq musiqi məktəbində skripka ixtisası üzrə təhsil almağa başlaması da bu həvəs və istəkdən yaranmışdı.
Orta məktəbi bitirdikdən sonra gənc Oqtay Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika və istehsalatın əsasları fakültəsində (1958-1963), ardınca da Fizika İnstitutunun aspiranturasında təhsil alır. İxtisasca riyaziyyatçı olan atası gələcəkdə oğlunu davamçısı görmək istəyirdi. Lakin uşaqlıqdan qəlbində çağlayan arzusu onu Azərbaycan Dövlət Konservatoriyasına gətirdi. 1969-cu ildə bu məbədgahı bitirdikdən sonra 116 nömrəli axşam məktəbində fizika, 1 nömrəli musiqi məktəbində isə musiqi fənnini tədris etməyə başladı. Musiqiyə bəslədiyi eşq həyatının axarını dəyişdi. Taleyinin qarşısına çıxardığı bu yolda cəsarətlə, inamla addımladı. Uşaqlıq arzusunun ciddi sənətə çevrildiyi illərdən başlamış, milli musiqimizin kökünə, incəliyinə vardı. Aradı, axtardı, yazıb-yaratdı. Bu sənətdə o, peşəkar kimi böyük yollar qət etdi. Nəticə isə ürəkaçan, uğurlu oldu. Azərbaycan musiqi sənətinə misilsiz töhfələr verdi...
50 ildən çox yaradıcılıq yolu keçmiş sənətkar bu dövrdə üç istiqamətdə fəaliyyət göstərmiş və onların hər birində – musiqi yaradıcılığı, musiqi pedaqoji-elmi və müəllim kimi böyük nailiyyətlər qazanmışdır. Bəstəkarın ilk mahnısı 1969-cu ildə o zaman çox populyar olan müğənni Anatollu Qəniyev tərəfindən Azərbaycan Televiziyasında səslənən "Faytonçu” mahnısı olmuşdur. Necə deyərlər, bu mahnının ayağı sayalı olmuş, bundan sonra bəstəkar yüzlərlə mahnılar yazmış və onlar bu gün də ölkəmizdə və xaricdə səslənməkdədir. Qeyd etmək lazımdır ki, bu mahnıların böyük payı uşaqlarımıza həsr olunmuşdur. Böyüklərə və uşaqlara həsr olunmuş mahnıların bir qismi təkcə Azərbaycanda deyil, Rusiya, Türkiyə, İran, Orta Asiya respublikalarında, Bolqarıstanda uzun illərdir ki, ifa olunur.
Oqtay müəllim musiqiyə gəldiyi vaxtları indi də həyəcanla, sevgi ilə xatırlayır. Deyir, bir gün 9-10-cu siniflərdə mənə dərs deyən Xalq artisti Fikrət Əmirovla Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında rastlaşdıq. O, məndən nə işlə məşğul olduğumu soruşdu, dedim ki, Fizika İnstitutunda aspiranturanın II kursunda oxuyuram, amma bu heç mənim ürəyimcə deyil. O, isə cavabında mənə belə dedi:
– Siz fiziklər atom bombası yaradıb dünyanı məhv etmək istəyirsiniz. Biz liriklər isə, sizdən fərqli olaraq, gözəlliklər yaratmaqla siz fiziklərin əlindən dünyanı qurtarmaq uğrunda çalışırıq. İndi sən özün fikirləş!
Bu sözlər mənə o qədər təsir etdi ki, dərhal taksiyə minib Fizika İnstitutuna gedib, aspiranturadan çıxmaq haqqında ərizə verdim və elə bil ki, azadlığa çıxdım. Həmin vaxt konservatoriyaya daxil olmaq üçün ərizə qəbulu başlamışdı. Sənədlərimi təqdim etdim və imtahanları müvəffəqiyyətlə verərək Konservatoriyanın bəstəkarlıq şöbəsinə daxil oldum. Beləliklə, özümü bütünlükdə musiqiyə həsr etdim və bundan heç də peşman deyiləm. Konservatoriyada müəllimim Xalq artisti, Dövlət mükafatları laureatı Cövdət Hacıyev olmuşdu. O, çox böyük bəstəkar və filosof idi. Beləliklə, mən həyatda ikinci müəllim qazandım...
Bəstəkarın bir çox musiqi əsərləri, o cümlədən "Göyçək Fatma” cizgi filmi, "Xeyir və Şər”, "Sərçəcik” uşaq operaları, "Əlin cibində olsun”, "Şeytanın yubileyi” musiqili komediyaları, 4 saylı Simfoniya, Simli orkestr üçün 5 saylı Simfoniyası Azərbaycan Televiziyasında və teatr səhnələrində özünəməxsus yer tutmuş, həmişəyaşarlıq qazanmışdır.
Uzun illərdir bəstəkar Oqtay Rəcəbov yaratdığı musiqi incilərilə başqa məmləkətlərdə də tanınır. Bəstəkar Azərbaycanda və bir sıra xarici ölkə və şəhərlərdə (İran, Türkiyə, ABŞ, İsrail, Paris, Böyük Britaniya, Rusiya) səslənən və nəşr olunan 9 simfoniyanın, 3 oratoriyanın ("Heydər”, "Çingiz”, "Xocalı”), 3 kantatanın, 4 konsertin, 7 operanın (onlardan 5-i uşaqlar üçündür), 3 operettanın, 23 müxtəlif janrlı filmlərin (onlardan 4-ü İran İslam Respublikasına, 1-i Rusiyanın Mərkəzi Telekanalına məxsusdur), musiqinin, 400 mahnının (onlardan 200-ü uşaqlara aiddir), çoxlu sayda instrumental və xor əsərlərinin, ümumtəhsil məktəbləri üçün Azərbaycan, rus və gürcü dillərində 18 "Musiqi” dərsliyinin və müəllimlər üçün bir çox vəsaitin, uşaq musiqi məktəbləri üçün 1 fortepiano və "Elementar musiqi” nəzəriyyəsi dərsliyinin, 10 elmi monoqrafiyanın, 100-dən çox məqalənin, "Azərbaycan musiqisinə dair ensiklopediya”nın (680 səhifəlik), 7 cildlik "Azərbaycan bəstəkarlarının uşaq mahnıları” antologiyasının müəllifidir. 2006-cı ildə Azərbaycan, ingilis, rus dillərinin əlifbalarını musiqi vasitəsilə öyrənmək üçün İngiltərənin "World in Need” xeyriyyə cəmiyyətinin maliyyə dəstəyilə yaratdığı və 4 (dörd) min tirajla nəşr olunan "Nəğməli əlifba”, "Myuzkl ABC”, "Muzıkalnaya azbuka” kitabları və kasetlərdən təhsil sahəsində yeni texnologiya kimi Bakı, London, Moskva, Astana, Kiyev şəhərlərində artıq neçə illərdir tədris vəsaiti kimi istifadə olunur.
Professor Oqtay Rəcəbovun 1978-1992-ci illərdə Azərbaycan Dövlət Televiziyasında ayda 2 dəfə yayımlanan "Məktəblilərin Musiqi Klubu” verilişinin yaradıcısı və aparıcısı olduğunu yaxşı xatırlayıram. Həmin verilişin izləyici auditoriyası da böyük idi.
O.Rəcəbovun təklifi və məsləhəti ilə Bakı şəhərində quruluşuna və məzmununa görə dünyada 3-cü olan "Respublika İncəsənət Gimnaziyası” adlı unikal bir tədris ocağı yaradıldı və bəstəkar 10 il bu təhsil ocağının rəhbəri oldu. Bu dövrdə gimnaziya şagirdlərinin 65-i beynəlxalq müsabiqələrin laureatı, diplomantı və sertifikat alanları kimi qələbələr qazanmışlar. Bu yerdə onu da əlavə edək ki, O.Rəcəbovun haqqında Az.TV və İTV-də 1 saatlıq film də çəkib. Bəstəkar, pedaqoq son 15 ildə 10 fəlsəfə və elmlər doktoru yetişdirib.
Pedaqoji elmlər doktoru, professor Oqtay Rəcəbovla cəmiyyətdə elmin, təhsilin sənətkarların, ümumən insanların ictimai şüuruna, həyata baxışlarına təsirini formalaşdıran amillər ətrafında bir neçə dəfə görüşüb söhbətlər etmişik. Hər dəfə də bu böyük yaradıcı şəxsiyyətin istedadına, zəhmətə qatlaşaraq daim yeni axtarışlarda olmasına, xalqımıza xidmətdə ərsəyə gətirdiyi xeyli sayda işlərinə heyrət etmişəm. Oqtay müəllim söhbətlərimizdə həmişə özünün xoşbəxt bəstəkar olduğunu etiraf edir. Deyir, yazdığım mahnılar və digər əsərlər respublikamızda, həm də İran, Türkiyə, Fransa və ABŞ-da bu günə kimi ifa olunur. Bir sıra xarici ölkələrin filmlərinə musiqilər bəstələmişəm və bu gün böyüməkdə olan gənc nəsil mənim yazdığım "Musiqi” dərslikləri ilə təhsil alır, yetişir, püxtələşir və cəmiyyətə öz töhfələrini verir. Bəstəkarın bu fikirləri onu da deməyə əsas verir ki, əslində, bütün sahələrin inkişafının əsasında mükəmməl təhsil dayanır.
Oqtay müəllimin bütün əsərləri – mahnılardan, opera, komediya, simfoniyalardan başlamış, çoxsaylı dərslikləri, monoqrafiyaları uşaqların, ümumən musiqiçilərin, musiqi tədqiqatçılarının yetişməsində böyük əhəmiyyət kəsb edir. Böyüməkdə olan gənc nəslin təhsilə olan marağını artırır. Belə əhəmiyyətli, dəyərli əsərlər yazan sənətkar özünü xoşbəxt sanmaya bilərmi...
Bəstəkarın Azərbaycan musiqi sənətindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Oqtay Rəcəbov "Əməkdar müəllim” (1987), "Əməkdar incəsənət xadimi” (2019) adlarına layiq görülüb, "Tərəqqi” medalı (2006) ilə mükafatlandırılıb. Vaxtilə Komsomol və Y.Məmmədəliyev mükafatlarının laureatı olub. Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının akademiki Oqtay Rəcəbov 2011-ci ildən Prezidentin fərdi təqaüdçüsüdür.
Eşidib-bildiyimə görə bəstəkar Oqtay Rəcəbovu "Qafqazın Kabalevskisi” adlandırıblar. Bu adın özü də məndə böyük maraq doğurduğundan ötən il hazırladığımız bir müsahibədə ondan həmin ada aydınlıq gətirməsini xahiş etmişdim. Professor bununla bağlı qeyd etdi ki, bu adı mənə mərhum bəstəkar, uzun illər dostluq etdiyim Xalq artisti Tofiq Quliyev vermişdir. O, 1997-ci ildə "Respublika” qəzetində "Oqtay Rəcəbov Azərbaycanın Kabalevskisidir” adlı bir məqalə ilə çıxış etmişdi. O vaxta qədər xalq arasında, Moskvada elmi dairələrdə və musiqiçilər arasında həmişə məni məhz belə adlandırırdılar. Tofiq Quliyev isə bu geniş auditoriyada yayılmış "Qafqazın Kabalevskisi”ni öz məqaləsində bir növ rəsmiləşdirdi...
...Bu gün milli musiqimizin inkişafında böyük xidmətləri olan professor Oqtay Rəcəbovun 80 yaşı tamam olur. Bu münasibətlə bəstəkarı təbrik edir, ona sağlam həyat və yeni yaradıcılıq uğurları arzulayırıq.