• cümə, 29 Mart, 12:07
  • Baku Bakı 14°C

GERÇƏKLİYİN LİRİK-ROMANTİK ŞƏRHİ

28.11.20 15:41 1351
GERÇƏKLİYİN  LİRİK-ROMANTİK  ŞƏRHİ
Əməkdar rəssam Rafael Abasovun yaradıcılıq portreti

Təsviri sənətdə gerçəkliyin qədim tarixə və bir-birindən fərqli estetikaya malik olmasının kökündə, ilk növbədə onun daşıdığı bədii yükün həm də hər bir rəssamın arzuladığı mövzulara özünəməxsus bədii görkəm verə bilməsi ilə bağlıdır. Azərbaycan rəssamlığında bunun qədim miniatürlərdən başlayaraq bu günümüzə kimi davam etməsi də romantikaya bələnmiş estetikanın zamansızlığa qovuşmasından qaynaqlanır.

Romantik ruhun müasir təsviri sənətə qaytarılmasında ötən əsrin ortalarında sovet bədii məkanında canlandırılmasında Azərbaycan rəssamı Tahir Salahovun böyük xidmətləri olmuşdur. Onun diplom işi olaraq ərsəyə gətirdiyi "Növbədən qayıdanlar” (1957) tablosunda tapındığı romantik ənənələrin "Sərt üslub” tutumunda təqdimatının o vaxtlar hakim "sosialist realizmi” bədii prinsipini üstələməsi kifayət qədər görünən idi. Odur ki, bu cür estetikanın rəssamların ən müxtəlif nəsillərini ovsunlaması təbii idi. Onun sehrinə düşən gənc yaradıcılardan biri də Rafael Abasov idi. Əvvəlcə məşhur "Əzimzadə məktəbi”ndə (1960-1965), sonra isə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda (1968-1974) ixtisas alan gəncin "Sərt üslub”un yaradıcılarından sayılan Xalq rəssamı Nadir Qasımovla ünsiyyəti, onun yaradıcılığında həmin estetikaya tapınmasında az rol oynamamışdı. Beləcə, sənət yollarında kövrək addımlarını atan gənc rəssam sərgi salonlarına yol tapan müxtəlif janrlı elə ilk əsərlərində məşhurlaşmaqda olan üslubun bədii imkanlarını genişləndirməyə meyilli idi. Odur ki, onun bu günə kimi "Sərt üslub”a sadiq qalmasının uğurlu nəticələrə gətirib çıxarması da, yəqin ki, zamanında baş tutan bu seçimin düzgün olmasının görüntüsüdür...

Bu günlərdə ömrünün yetmiş yeddinci payızını arxada qoyan Rafael Abasovun yarım əsri əhatə edən bədii irsi, janr etibarilə kifayət qədər rəngarəngdir. Bu janrların hansının onun yaradıcılığında önəmli yer tutduğunu söyləmək çox çətindir. Belə ki, rəssam onların hər birində milli təsviri sənət saxlancımıza layiqli töhfə hesab olunacaq əsərlər yaratmağa nail olmuşdur. Bununla belə ilk növbədə onun ərsəyə gətirdiyi portretlərin adını çəkmək istərdik.
Rəssamın çoxsaylı portretlərində onun insan psixologiyasına nüfuzetmə bacarığı xüsusilə qabarıq duyulur. Bu mənada rəssamın "Düşüncə. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin portreti”, "Qayğılı anlar” (2009), "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin portreti” (2003), "Rəssam Nadir Qasımov”, "Akademik Məzahir Abbasov”, "Oğlum Rəşadın portreti”, "Hüquqşünas Səfa Mirzəyevin portreti, "Kəndli oğlan” və s. əsərləri özündə dəyişkən psixoloji yaşantıları hifz edən portretlər hesab etmək olar. Çox məşhur şəxsiyyətlər haqqında insanlarda əvvəlcədən yaranmış kifayət qədər məlumat və təəssürat olduğundan, onların fərqli obrazlarını yaratmaq nisbətən çətin olur. Bu baxımdan rəssama, uzun illər respublikaya başçılıq etmiş Heydər Əliyevin portretini yaratmaq heç də asan başa gəlməyib. Məkan və geyim seçiminin bu cür portretin yaradılması prosesində aparıcı və həlledici olduğunu etiraf etməli olsaq, demək olar ki, Rafael Abasov tanınmış siyasi xadimin obrazını yaddaqalan əldə etmək üçün çox uğurlu – səmimiyyətlə dolu kompozisiya həlli tapa bilmişdir.
İkinci Cahan savaşında şücaətlər göstərmiş məşhur təyyarəçi Məzahir Abbasovun həyatına bir neçə dəfə müraciət edən rəssam hər dəfə onun fərqli obrazını yaratmağa nail olmuşdur. Belə portret - kompozisiyaların birində müharibədən sonra tarix elmi sahəsinə xidmətlərinə görə akademik fəxri adına layiq görülmüş Məzahir Abbasov öz təzadlı xatirə - düşüncələrinin əhatəsində təsvir olunmuşdur. Bəyaz saçlı müharibə veteranının xəyallarla baş-başa qalan obrazı portretlər üçün gözoxşayıcı, yumşaq bir məkan əvəzinə, çox həyəcanlı bir müharibə səhnəsi qarşısında təqdim edilmişdir...

Rəssamın "Kəndli oğlan” əsərinibir çox bədii-estetik məziyyətlərinə görə, ötən əsrin sonuncu qərinəsində Azərbaycan portret janrında yaradılan ən uğurlu nümunələrdən biri hesab etmək olar. Bir-birinə söykənmiş kənd evlərinin fonunda qayğısız baxışlarını tamaşaçıya zilləmiş qırmızı köynəkli oğlanın obrazı, ilk növbədə cizgilərinin səmimiliyinə görə yadda qalır.Əsərə görə rəssamın Şri-Lankada keçirilən beynəlxalq sərgidə diploma layiq görülməsi də, onun sənətkarlığına verilən qiymətin göstəricisidir...
Təsviri sənətimizdə özünəməxsus dəst-xətti ilə tanınan görkəmli fırça ustası Nadir Qasımovun obrazını yaradan rəssamın, mahir dəniz sənayesi mənzərələri ustasını, elə mavi suların fonunda öz işləmə manerasına uyğun bədii şərhdə təqdimatını uğurlu seçim hesab etmək olar. Bütünlükdə portret yaradıcılığında psixoloji yaşantıların ifadəsinə üstünlük verən Rafael Abasov bu əsərində də yaşlı həmkarının yaradıcı duyğularını bədii görüntüyə çevirə bilmişdir, desək, yanılmarıq...
"Sərt üslub”da mənzərə janrının uğurlu nümunələrini yaradan yaşlı həmkarlarından fərqli olaraq, əsərlərinin estetikasına lirik-romantik çalarlar qatan Rafael Abasov, çoxsaylı tablolarında duyğulandırıcı estetik aura yaratmağa nail olmuşdur. Rəssamın Azərbaycanın müxtəlif guşələrinə yaradıcılıq səfərlərindən sonra yaranan mənzərələri, duyulası dərəcədə özünəməxsus məziyyətlərə malikdir. Bu lövhələrdə günün və fəsillərin dəyişkənliyi, dağların möhtəşəmliyi, bağların füsnkarlığı, dənizin şıltaqlığı elə sənətkarlıqla ifadə olunub ki, tamaşaçı onların qarşısında istər-istəməz ovqat bolluğuna düşdüyünü güman edir. "Şirvanşahlar sarayı”, "Meşə mənzərəsi”, "Payız”, "Dəniz sahili”, "Abşeronda”, "İsmayıllı mənzərəsi”, "Qala kəndində axşam çağı”, "Lerik motivi” və s. mənzərələri zəngin bədii dəyərləri özündə yaşadantablolardır. Bu və adlarını çəkmədiyimiz neçə-neçə mənzərələrində rəssam hamının gördüyü yerlərdə gözəlliklə yanaşı, bunun yaranmasını şərtləndirə biləcək səbəblərə də yaradıcı insan münasibətini təqdim edir, həm də ilk baxışda gözəlliyin işartıları belə görünməyən guşələrdəki həmin bu qeyri-adi məziyyətləri bizə də aşkarlamağa çalışır. Adətən rəng əlvanlığına meyillənməyən rəssam eyni uğurla İsmayıllı meşələrinə, Şirvan və Muğan çöllərinə, Quba bağlarına xas olan bərəkətli zümrüdü-qızılı ovqatı ifadə edə bilmişdir...

Rəssamın süjetli kompozisiyalarına xas olan reallığın səmimiliyi onun istedadlı ifadəsi ilə yaddaqalandır. Onun bilavasitə fərdi təəssüratı əsasında çəkdiyi "Lahıc misgəri”, "Şəki bazarı”, "Təmirçilər”, "Nehrəm qocaları” və s. tabloları bu qəbildəndir. Rafael Abasovun "Nehrəm qocaları” əsərini köhnə kişilərin ağlı-qaralı yaşantılar toplusunun ifadəsi hesab etmək olar. Kənd mənzərəsi fonunda üçü doqqazın yanındakı kürsülükdə, ikisi isə yerdə bardaş quraraq oturmuş ağsaqqalların həm tamaşaçıya zillənmiş, həm də ondan qaçırılan baxışlarında kifayət qədər hiss-duyğu yaşanır. "Lahıc misgəri” tablosunda qədim el sənəti ənənələrinin qorunduğu məkanı - misgər emalatxanasını həm də ənənəvi peşə estafetinin nəsildən-nəslə ötürülməsi kimi təqdimatı duyulan və təqdir olunandır...
Natürmortamünasibətdə ənənə şəklini almış klassik təqdimatdan uzaqlaşmaq nə qədər çətin olsa da, Rafael Abasov bu janra fərdi yanaşmasını nümayiş etdirməyə çalışmışdır.Bu da ilk növbədə kompozisiyalara daxil edilmiş ən müxtəlif əşyaların duyulası dərəcədə reallığa yaxınlaşdırılmasında, fakturasının belə hiss etdirilməsində ifadə olunur. Qədim mis və saxsı qablara, şamdanlara, güllərə, meyvələrə və parçalara xas olan təbii canlılığa nail olan rəssam, əslində onların qərar tutduğu məkanda insan nəfəsinin, hərarətinin mövcudluğuna tamaşaçını inandıra bilir. Odur ki, canlılığı duyulan bu atributlar da seyrçini keçmişdən daha çox bu günə, çağdaş duruma qaytarır...

Rafael Abasovsənətinin şöhrəti çoxdan ölkənin sərhədlərini aşıb. Bunu ilk növbədə onun bir çox xarici dövlətlərdə, o cümlədən də ABŞ, Avstriya, Almaniya, Türkiyə və İranda təşkil olunmuş fərdi sərgiləri şərtləndirmişdir. Bu gün Yaponiya, İran, Türkiyə, Meksika, Kipr, Ukrayna, Litva, Özbəkistan, ABŞ, Avstriya və s. ölkələrdəki nüfuzlu şəxsi kolleksiyaları onun əsərləri bəzəyir. Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsmlər Qalereyasında, eləcə də Sumqayıt, Şirvan, Masallı, Neftçala, Lerik rəsm qalereyalarında əsərlərinin nümayiş etdirilməsi də, ölkə daxilində onun yaradıcılığının dəyərləndirilməsinin göstəricisidir. 2006-cı ildə ölkə Prezidenti İlham Əliyevinsərəncamı ilə Rafael Abasova "Azərbaycan Respublikasının əməkdar rəssamı” fəxri adının verilməsi də onun milli təsviri sənətimizin inkişafına xidmətinə verilən qiymətin ifadəsidir....

Ziyadxan Əliyev,
Əməkdar incəsənət xadimi, professor







banner

Oxşar Xəbərlər