• şənbə, 20 Aprel, 11:59
  • Baku Bakı 14°C

“Gender bərabərliyi fundamental insan hüquqlarından biridir” - Fotolar

05.12.18 17:48 2593
“Gender bərabərliyi fundamental insan hüquqlarından biridir” - Fotolar
Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində "Gender bərabərliyi və media” mövzusunda növbəti dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Avropa Şurasının Bakı Ofisinin rəhbəri Zoltan Hernyes açaraq, layihə barədə qısa məlumat verib. Bildirib ki, layihə çərçivəsində cari ilin mart ayında da "Gender bərabərliyi və media” mövzusunda dəyirmi masa keçirilib.O, müasir cəmiyyətin qurulmasında kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin oynadığı rola diqqət çəkərək, burada gender bərabərliyi, xüsusən də qadınların mediada təqdim olunması ilə əlaqədar bəzi məsələlərin narahatlıq doğurduğunu vurğulayıb.
Z.Hernyes bildirib ki, "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsi çərçivəsində "Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” adlı 4-cü prinsip hazırlanıb və media ictimaiyyətinin müzakirəsinə təqdim edilib. Müzakirələrdən sonra həmin prinsip 1 noyabr 2018-ci ildə Azərbaycan Mətbuat Şurası tərəfindən təsdiqlənib və "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na əlavə edilib. Səfirin sözlərinə görə, əlavədən sonra gender bərabərliyi perspektivindən yenilənmiş versiya Avropa Şurasının layihəsi çərçivəsində nəşr edilib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Vüqar Səlimov Avropa Şurasının "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin sadəcə paytaxtı deyil, regionları da əhatə etdiyini, bu mövzuda silsilə tədbirlər keçirildiyini söyləyib. Onun sözlərinə görə, ümumilikdə layihə Azərbaycanda gender bərabərliyi və media sahəsində maarifləndirmə tədbirlərinə yeni bir təkan verib, jurnalistlərin bu istiqamətdə peşəkarlığının daha da artırılmasına xidmət edib. Administrasiya rəsmisi deyib ki, vətəndaş cəmiyyəti, media təmsilçiləri də qeyd olunan layihənin həyata keçirilməsində iştirakçı olub, müvafiq tövsiyə və təkliflər irəli sürülüb. O, layihə çərçivəsində "Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” prinsipinin hazırlanmasını və "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na əlavə edilməsini müsbət hal kimi qiymətləndirib.
Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, təmsil etdiyi qurum "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsini ilk gündən dəstəkləyib. Onun sözlərinə görə, bu layihə Azərbaycan mediasının peşəkarlaşması və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır: "Bu layihə çoxşaxəli olub. Layihədə jurnalistlərin etik kodeksində yeniliklərin edilməsi, jurnalistika təhsili üzrə yeni proqramların hazırlanması, Azərbaycan jurnalistləri, xüsusən də regionlarda fəaliyyət göstərən media mənsubları üçün təlimlərin, konfransların keçirilməsi nəzərdə tutulub və həyata keçirilib. Bütün bunları nəzərə alsaq, layihə çoxşaxəli olmaqla, bütün regionlarımızı əhatə edib. Regionlarda keçirilən tədbirlərdə Mətbuat Şurasının təmsilçiləri də yaxından iştirak edib, yerli media təmsilçiləri ilə görüşüblər. Layihə çərçivəsində "Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”na 4-cü prinsip də əlavə olunub. İndiyə qədər dünyanın əksər ölkələrinin, o cümlədən beynəlxalq təşkilatların hazırladıqları etik kodekslərdə gender məsələsi ilə bağlı yalnız kiçik bir qeyd nəzərdə tutulub. Bütün etik kodekslərdə göstərilir ki, jurnalist insanları irqinə, cinsinə və sairə görə ayırmamalı, ayrı-seçkiliyə məruz qoymamalıdır. Lakin ilk dəfə Azərbaycanda cinsi ayrı-seçkilik ilə əlaqədar prinsip jurnalistlərin peşə davranışı qaydalarına əlavə edilib. Hesab edirik ki, Azərbaycanda bu istiqamətdə atılan addım gələcəkdə digər ölkələrdə də tətbiq olunacaq”.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlısöyləyib ki, Avropa Şurası son illər Azərbaycan dövləti ilə əməkdaşlıq çərçivəsində insan haqları ilə əlaqədar bir sıra layihələr həyata keçirir. Onun sözlərinə görə, bütün bu layihələrdə iki mühüm sahə - gender bərabərliyi və media azadlığı məsələləri xüsusilə diqqət çəkir. A.Səfixanlı "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin də bu kontekstdə mühüm əhəmiyyət kəsb etdiyini, uğurla həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, layihə çərçivəsində görülən işlər, o cümlədən jurnalistlərin etik kodeksinə edilən əlavə gələcəkdə bu istiqamətdə yeni addımların atılmasını zəruri edir. Aparat rəhbəri təklif edib ki, Avropa Şurası ölkəmizlə bağlı gələcək layihələrində regionları daha geniş miqyasda nəzərə alsın, etik kodeksə edilən əlavə ilə əlaqədar jurnalistlərin maarifləndirilməsi təşkil edilsin.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi Xuraman İsmayılovaqeyd edib ki, gender bərabərliyi fundamental insan hüquqlarından biri olmaqla hələ 1945-ci ildə qəbul edilmiş BMT Nizamnaməsində yer alıb. Onun sözlərinə görə, ümumiyyətlə cinsi əsaslı ayrı-seçkiliyin qadağan olunması insan hüquqları sahəsində qəbul edilmiş bütün beynəlxalq sənədlərdə əksini tapıb və bu məsələnin əhəmiyyəti heç kəsdə şübhə doğurmur. XİN nümayəndəsi deyib ki, cinsi ayrı-seçkiliyə yol verilmədən bütün vətəndaşların hüquqlarının təmin edilməsi, gender bərabərliyinə nail olunması Azərbaycan hökumətinin də daim diqqət mərkəzində olub. X.İsmayılova bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi öz səlahiyyətləri çərçivəsində bu siyasətə dəstək olmağa çalışır.

Tədbirdə "Jurnalistlərin peşə davranışı qaydalarının gender bərabərliyi perspektivindən yenilənməsi və onun icrası üçün növbəti addımlar” mövzusunda AŞ-nin Şurasının eksperti Leyla Dervişagik və "Azərbaycanda gender bərabərliyi və media azadlığı” layihəsinin rəhbəri Pərvanə Bayramova təqdimatlarla çıxış ediblər. Ardınca "Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartlar: problemlər və perspektivlər” mövzusunda çıxışlar olub.
Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, media eksperti, hüquqşünas Ələsgər Məmmədli çıxış edərək fikirlərini bildiriblər.
"Jurnalistika fakültələri üçün "gender bərabərliyi və media azadlığı” kursu üzrə proqramın ilkin versiyası” istiqamətində media eksperti Aynur Bəşirovanın və Vyana Universitetinin media eksperti Krisztina Rozgonyinin fikirləri dinlənilib.

Tədbir müzakirələrlə davam etdirilib.

Rufik İSMAYILOV


banner

Oxşar Xəbərlər