AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Fransa nəhayət ki, əsl sifətini açdı

Fransa nəhayət ki, əsl sifətini açdı

Cəmiyyət
26 Noyabr 2020, 13:51 189
Fransa Senatı dünən özünün həqiqi sifətini göstərərək, qondarma "Arsax” rejimini- Dağlıq Qarabağın "dövlət müstəqilliyi"ni tanıdı. Qərar tövsiyə xarakterlidir və Fransa hökümətinə tövsiyə olunur ki, "Dağlıq Qarabağın dövlət müstəqilliyini tanısın!
Senatın mövcud qərarında həm də "Azərbaycan və Türkiyənin hakimyyət dairələrinin  muzdlular vasitəsilə həyata keçirdiyi silahlı aqressiya qətiyyətlə pislənir".
Açıq yalan və uydurma ittihamlar üzərində qurulmuş bu sənəd həm də Azərbaycanı "son hərbi əməliyyatlar nəticəsində tutduğu əksər ərazilərdən öz qoşunları dərhal çıxarmağa" çağırır!
 
Senat Fransa hökumətindən tələb edir ki, "ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olaraq Qarabağda sərhədlərin 1994-cü ilin mayında atəşkəslə bağlı imzalanmış müddətsiz üçtərəfli anlaşmaya uyğun olaraq bərpası üçün bütün gərəkli addımları atsın"...
Hüquqşünasların fikrinə görə, bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur, lakin bu tipli yanaşmaların dünyadakı analoji münaqişələrə və gələcək sülhyaratma proseslərinə mənfi təsiri də qaçılmazdır.   
 
Fransızlar belə bir absurd qərar qəbul etməklə, Azərbaycan dövləti ilə özünün bütün xoşməramlı və qarşılıqlı-faydalı əməkdaşlıq sərhədlərini yandırdı, Fransa siyasətinin və siyasətçilərinin gerçək sifətini ortaya qoydu.
Mütəxəssislər hesab edir ki, əslində Fransa Senatına nə Dağlıq Qarabağda yaşayan ermənilər, nə də ki, Qarabağ münaqişəsində kimin qalib, yaxud məğlub olması o qədər də maraqlı deyil. Bu kəsim üçün əsas olan öz ölkəsinin bölgədəki hərbi-geosiyasi və geoiqtisadi maraq dairəsidir.
 
O da həqiqətdir ki, Fransanın Xarici İşlər Nazirliyi ölkəsini təmsil edən senatorların tələm-tələsik belə bir kəskin və subyektiv qərar verməsindən dərhal narahat oldu və dünən açıqladığı bəyanatda XİN rəsmisi "Senatın Dağlıq Qarabağın müstəqilliyi”ni birtərəfli tanımasının nə Ermənistana, nə Qarabağ xalqına, nə də Fransanın özünə hər hansı bir fayda verməyəcəyini” xüsusi vurğuladı. Görünür, Fransanın baş diplomatiya idarəsi ölkəsinin prezidenti Makronun bir az əvvəl erməniləri açıq dəstəkləməsinin ardından, indi də Senat üzvlərinin erməni diasporuna yarınmaq və ən başlıcası, Cənubi Qafqazdakı proseslərdən kənarda qalmamaq təşəbbüsünə qoşularaq belə bir absurd qərar qəbul etməsinin hələ dünyada çox-çox ciddi nəticələrə yol açacağının fərqindədir.
Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsinin gedişində qazandığı rəşadətli qələbə və sıraladığı zəfərlər, görünür ağır daş olub, hələ neçə-neçə erməni himayədarlarının başına düşəcəkdir. Məncə, Azərbaycanın cavabı özünü çox gözlətməyəcək və yəqin ki, qardaş Türkiyənin nümunəsi ilə Fransa ilə bütün əlaqələri yenidən gözdən keçirmək lazım gələcəkdir!
 
Bir də BMT TŞ-nin və ATƏT-in Minsk qrupunun üzvü olan və beynəlxalq sülhyaratma prosesində "tərəfsiz vasitəçi” missiyasını öz üzərinə götürmüş Fransa adlı ölkənin Makron kimi prezidentinin müharibənin gedişində açıq-aşkar işğalçı Ermənistanı dəstəkləməsi, ardından da bu ölkənin Senatının belə bir ədalətsiz və absurd qərar qəbul etməsi yəqin ki, dünyada gələcəkdə neçə-neçə Dağlıq Qarabağ tipli separatçı hərəkatlara və milli-etnik müharibələrə rəvac verəcək. Belə qərəzli qərarlar heç zaman izsiz ötüşmür və dünyada mövcud olan kövrək sülhü və dövlətlərarası nizamı pozur, xalqlar arasında nifaq salır.
 
Əli HƏSƏNOV, Professor