• çərşənbə axşamı, 19 mart, 07:28
  • Baku Bakı 8°C

Əsrarəngiz Bakı və tarixi Şəki - Fotolar

28.10.17 10:30 9409
Əsrarəngiz Bakı və tarixi Şəki - Fotolar
Rusiyanın nüfuzlu RBK nəşri Azərbaycanı regionun ən gözəl və füsunkar bir ölkəsi kimi təqdim edən reportaj dərc edib. Müəllif yazır ki, "Azərbaycan bizlərə təsəvvür etdiyimizdən də yaxın məsafədə yerləşir və söhbət tək məsafədə deyil. Bakıda sovet dövrünün ən məşhur filmləri – "Brilyant əl”, "Amfibiya adam”, "Aytbolit-66” və s. çəkilib. Bu fotogenik ölkəyə istənilən səyahət həqiqətən də ekranlaşdırmağa layiqdir - heç olmasa özün və dostların üçün”. Reportajda qeyd edilir ki, Moskvadan Bakıya təyyarə ilə uçuş cəmisi iki saat yarımdır.
Müəllif yazır ki, "Bakı şəhəri ilk baxışdan gözəlliyi ilə göz oxşayır, çoxmərtəbəli yeni tikililərə, bahalı villa, mülk və evlərə rast gəlmək mümkündür. Bütün bunlar neft bumunun təsiridir. Bakı sözün bütün mənalarında isti bir şəhərdir. Günəş öz isti şüalarını səxavətlə ətrafa yayır, əla meyvələr, dünyada ən dadlı və tamlı pomidorlar, mehriban və qonaqpərvər insanlar. Hətta Bakının öz adı belə rahat səslənir. Dərhal Bakı kurabyesi, paxlava, Bakı çayı xatırlanır. Təəccüblü olan odur ki, şəhərin mərkəzi Şərqi az xatırladır. Hündür binalar, Avropa evləri getdikcə artır, küçələr boyu əsl cənub insanlarını harasa tələsən görməzsən”.

Müəllif daha sonra İçərişəhərin gözəlliyindən bəhs edir: "Azərbaycancada bu yerin adının tərcüməsi -"daxili şəhər” mənasını verir. Burada sakitlik, şərq gözəlliyi və dolanbac küçələr - tamam başqa bir aləmlə tanış olursan, makrokosma daxilində bir mikrokosm”. Məqalədə o da bildirilir li, İçərişəhər YUNÜSKO-nun ümumdünya mədəni irs siyahısına daxil edilib. "Bakının simvolu Qız Qalasıdır. İşərişəhərə xüsusi gözəllik verən bu tikili 12-ci əsr abidəsidir. Alimlər hələ də onun hansı məqsədlə tikildiyi üzərində baş sındırırlar. Bəziləri hesab edirlər ki, əvvəl bu tikilinin üzərində od məbədi olub – axı Azərbaycan lap qədimdən atəşpərəstlərin mərkəzlərindən biri kimi tanınıb. Lakin formasına görə qala Zərdüştlüyün "sükut qüllələri”ni xatırladır. Ölən şəxsləri vəhşi quşların didib-dağıtması üçün qoyurdular. Yalnız sümükləri dəfn edirdilər. Bu cür dəfn ən təmiz qayda hesab edilirdi. O da qeyd edilir ki, orta əsrlərdə qalanın üstündə mayak və orta əsr rəsədxanası yerləşib.
Qız Qalasının hündürlüyü 30 metrə çatır və onun ən yüksək yerindən şəhərə gözəl mənzərə açılır. Qalanın içində quraşdırılmış pilləkənlə ora qalxmaq mümkündür. Qalaya qalxarkən içəridə divarlara vurulmuş fotolarla şəhərin tarixi ilə tanış ola bilərsiniz. Burada həmçinin, xalq incəsənət, sənətkarlıq nümunələrinə rast gəlmək mümkündür. Qalanın üstündə mühafizəçi qoyulub və bununla da məqsəd onun adı ilə bağlı yaşanan hadisənin təkrarlanmasının qarşısını almaqdır. Belə ki, qalanın adı ilə bağlı rəvayətlərdə deyilir ki, xanın qızı öz əmisinə ərə getməmək üçün özünü buradan atıb. Qız tikilinin memarı Məsud ibn-Davudu sevib. Onların sevgisinin üstü açılıb, nəticədə memarı edam ediblər, qız isə özünü qaladan dənizə atıb. Qalaya qalxmaq kimin üçünsə bir idman rekordu hesab edilə bilər. Lakin bunu etməkdən peşman olmazsınız”, - deyə məqalədə vurğulanıb.

Qeyd edilib ki, buradan şəhərin amfiteatrı çox gözəl görünür: "Köhnə Bakı böyük bir konstruktor tikilini xatırladır. Məscidlərin minarələri, yaşayış məhəllələri həndəsi dəqiqliyi ilə tikilib. Köhnə küçələrdə yaşlı insanlar əllərində çay stəkanları xüsusi zövqlə nərd oynayır. Burada vaxtilə məşhur "Brilyant əl” filminin qəhrəmanı Senya "yıxılıb” və duranda "qolunda” gips ayılıb. Onun yıxıldığı yer İçərişəhərin ən gözəl hissəsindədir. Bu yol Şirvanşahlar sarayına aparır. L.Qayday İstanbul səhnəsini İçərişəhərdə çəkdikdən sonra indiyə qədər burada demək olar ki, heç nə dəyişməyib - kinoda olduğu kimi saxlanılıb. Bakıda bundan başqa Heydər Əliyev Mərkəzi də fəaliyyət göstərir. Zahi Hadidin müəllifi olduğu bu bina ilə yanaşı, Bakıda dünyaca məşhur xalça, kilim və palazların olduğu muzey fəaliyyət göstərir. Xüsusən də diqqəti Təbriz məktəbinin "ovçuluq xalçaları” çəkir. Bunların 400-dən artıq yaşı var”.


Müəllif daha sonra diqqəti Azərbaycanın digər bir əsrarəngiz məkanına - Şəkiyə çevirir: "Bakıdan Şəkini avtomobillə beş saatlıq yol ayırır. Eyni adlı xanlığın paytaxtı olan bu şəhərə gedərkən yol sizi yormur, əksinə - maşının pəncərəsindən kiçik evlər və məkanları görə bilərsiniz. Yol gedərkən qəfildən qarşınızda Böyük Qafqaz dağ silsiləsinin gözəl mənzərəsi açılır. Şəki Qafqazın ən qədim şəhərlərindən biridir və 2600 yaşı var. Burada gecəni karvansarayda qalmaq və gözəl gün keçirmək, qədim sənətkarlıq nümunələri almaq mümkündür. Ən yaxşı suvenir isə ancaq bu şəhərdə satılan Şəki halvasıdır. "Əgər Azərbaycanda qədim tikililər qalmasa belə, Şəki xan sarayı kifayət edər”, - deyə müəllif Azərbaycan şairlərindən birinin sözlərini sitat kimi çəkib. Və bu həqiqətən də belədir”.


Şəkidən sonra müəllif Naftalanda olub və buranı keçmiş sovet dövründə nadir xam nefti ilə məşhurlaşan müalicə mərkəzi kimi tanındığını yazıb. Qeyd edib ki, bura əsa ilə gəlib, Naftalan nefti ilə müalicə aldıqdan sonra əsasız gedən insanlar var. Hətta həmin əsaslar da muzeydə qoyulub. Məqalədə Naftalan neftinin bir sıra xəstəliklərə dərman olduğu xüsusi vurğulanır. "Hətta bu müalicəvi nefti məşhur Azərbaycan şairi Nizami Gəncəvi də vəsf edib. Ondan sonra məşhur səyahətçi Marko Polo öz əsərlərində buranı bir sıra xəstəliklərə dərman yeri kimi qələmə verib. Naftalan neftinin tərkibində təbii qaz və digər yüngül fraksiyalar azdır və bu səbəbdən də təhlükəsizdir - onun 50 faizi naftalindən ibarətdir. Dermatoloqlar bu neftlə psoriazı müalicə etməyin mümkünlüyünü bildirirlər. Sübut olunub ki, xam neft oynaqlarda ağrıları azaldır, ürək-damar xəstəlikləri və dəri xəstəliklərini 70 faiz müalicə edir. Hətta "tam sağlam” adamlara belə, kömək edir - əsəbləri sakitləşdirir”.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər