• şənbə, 20 Aprel, 13:30
  • Baku Bakı 23°C

Ermənistanı qorxuya salan Batumi görüşü

24.05.17 10:30 1021
Ermənistanı qorxuya salan Batumi görüşü
Batumidə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib. Gürcüstanın müdafiə naziri Levan İzoria üç ölkə arasındakı əlaqələrdən, müdafiə sahəsində əməkdaşlığın perspektivlərindən, regionda və dünyada gedən proseslərdən, qlobal terrorizm və separatizmdən danışıb.Üçtərəfli görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın perspektivləri, regional təhlükəsizlik, bölgədə həyata keçirilən iqtisadi layihələrin birgə mühafizəsi və digər məsələlər müzakirə olunub. Bildirilib ki, üçtərəfli əməkdaşlıq regionda təhlükəsizliyə töhfə olacaq. Regional layihələrin birgə mühafizəsi təkcə layihələrin təhlükəsizliyinə deyil, regionda sabitliyə, xalqlarımızın sosial rifah halının yaxşılaşmasına və inkişafa təkan verəcək.İclasda Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü, Türkiyədəki proseslər diqqət mərkəzində olub. Tərəflər Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini, Dağlıq Qarabağ və Cənubi Osetiya probleminin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduqlarını bildiriblər. Sonda üç ölkənin müdafiə nazirləri birgə protokol imzalayıb.
Bu görüşün əhəmiyyətini "Kaspi” qəzetinə şərh edən Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycan dövlətinin xarici siyasətində ikitərəfli münasibətlər formatı prioritet təşkil edir: "Cənab prezident dəfələrlə, xüsusilə diplomatlarla görüşlərində bunu qeyd edir ki, ikitərəfli münasibətlər yüksək səviyyədə olanda, bu, çoxtərəfli münasibətlərin də inkişafına gətirib çıxarır. İkitərəfli münasibətlərimiz ayrı-ayrı dövlətlərlə yaxşı olduqda, bu, nəticə etibarı ilə üçtərəfli formatı formalaşdırır. Hazırda Azərbaycan üçtərəfli formatda ayrı-ayrı region dövlətləri ilə sıx əməkdaşlıq edir. Bu nöqteyi-nəzərdən Azərbaycan-Türkiyə-Gürcüstan formatı çox mühüm əməkdaşlıqdan biridir”.
E.Nəsirovun sözlərinə görə, Azərbaycanın ikitərəfli formatda həm Türkiyə, həm də Gürcüstanla strateji tərəfdaşlıq münasibətləri var: "Belə olan vəziyyətdə üçtərəfli format üçün çox münbit şərait yarandı və reallaşdı. Üçtərəfli format nəticə etibarilə geniş spektrli məsələləri özündə ehtiva edir. Yəni burada həm iqtisadi, ticarət, humanitar, həm də hərbi-texniki əməkdaşlıq əlaqələrindən söhbət gedir. Eyni zamanda müdafiə sahəsində də əlaqələrin inkişafı burada ehtiva olunur. Gürcüstanın Batumi şəhərində Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin keçirdiyi görüş də üçtərəfli formatın müdafiə sferasında əlaqələrin inkişafını əhatə edən addımdır. Strateji tərəfdaş olan üç dövlət müdafiə sahəsində əlaqələndirilmiş, koordinasiya olunmuş fəaliyyətlərini müzakirə edir, eyni zamanda perspektivlərlə bağlı mövqelərini ortaya qoyurlar. Hər üç dövlətin hərbi, o cümlədən müdafiə sahəsindəki əməkdaşlığını genişləndirməsi nəticə etibarilə regionda sülhə və təhlükəsizliyə xidmət edən addımdır. Eyni zamanda regionda bir çox çağırışlara və təhlükələrə qarşı birgə mübarizə məsələlərini özündə ehtiva edir. Söhbət ilk növbədə beynəlxalq terrorizmə, o cümlədən bu kimi müxtəlif qorxulu tendensiyalara qarşı birgə mübarizə aparmaqdan gedir. Hesab edirəm ki, müdafiə nazirlərinin Batumi şəhərində keçirilən görüşü regionda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsi yönümündə atılmış addımdır. Həmçinin üç dövlətin strateji tərəfdaşlıq münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar açan bir görüşdür”.
"Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Azərbaycan-Türkiyə-Gürcüstan müdafiə nazirlərinin Batumi görüşünün ölkəmiz üçün çox böyük əhəmiyyəti var: "Çünki həm Türkiyə, həm də Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. Bu bölgə dövlətlərinin ortaq sərhədləri var. Ona görə də müttəfiq olan dövlətlərin birgə hərbi təlimlər keçirməsi, müdafiə nazirlərinin tez-tez görüşməsi zəruridir. Bu üç ölkəni ümumi sərhədlərdən əlavə, böyük enerji layihələri və boru xətləri də birləşdirir. Üstəgəl, yaxın günlərdə Bakı-Tblisi-Qars dəmir yolu da istifadəyə veriləcək. Bu layihələrin təhlükəsizlik məsələləri ön planda tutulmalıdır. Çünki bölgəmizdə çox böyük təhlükəsizlik problemi var. Belə ki, Gürcüstanın və Azərbaycanın torpaqları işğal altındadır. Qarabağda hər an hərbi toqquşma ehtimalı ola bilər və əgər bu olarsa, böyük layihələrə də müəyyən təhlükələr yaranar. Ona görə də hər üç dövlət birgə hərbi təlimlər keçirməklə, təhlükəsizlik sahəsində daim əməkdaşlıq etməklə əslində həmin layihələrin mühafizəsini təşkil edir”.
E.Şahinoğlu söylədi ki, bölgədə iki qeyri-rəsmi hərbi blok formalaşıb: "Bunlardan biri Rusiya-Ermənistan hərbi blokudur. Rusiyanın Ermənistanda hərbi bazaları var və faktiki, bu ölkənin işğalçı siyasətini dəstəkləyir. Hətta erməni generalları deyirlər ki, Rusiya-Ermənistan qoşun birləşmələri Azərbaycan ərazisində də müharibə apara bilər. Rusiya rəsmiləri bu sözlərə etiraz etmirlər. Ona görə də bunun qarşılığında Azərbaycan-Türkiyə-Gürcüstan hərbi ittifaqı güclənməlidir və buna ehtiyac var. Türkiyə NATO dövlətidir, Gürcüstan bu quruma sıx inteqrasiyaya çalışır, Azərbaycan özü də ordusunu NATO standartlarına yüksəldir. Bu üç ölkənin hərbi ittifaqı Rusiya-Ermənistan blokuna qarşı deyil, amma öz təhlükəsizliyi baxımından əməkdaşlıq etmələri çox vacibdir”.
Bəxtiyar MƏMMƏDLİ
banner

Oxşar Xəbərlər