• şənbə, 27 Aprel, 01:55
  • Baku Bakı 14°C

Ermənistanda anti-Rusiya aksiyası

21.05.13 09:31 2056
Ermənistanda anti-Rusiya aksiyası
Ermənistanda əhalinin sosial-iqtisadi durumuna təsir edən daha bir addım atılıb. Bu dəfə zərbə Ermənistanı özünün Cənubi Qafqazda forpostu elan edən Rusiyadan dəyib. Belə ki, Moskva Ermənistana satdığı qazın qiymətini artırmaq qərarına gəlib.
Artıq “Armrosqazprom” (Ermənistan-Rusiya Qaz Sənayesi) şirkəti istehlakçılar üçün təbii qazın qiymətini 64 faiz artırmaq təklifi ilə Ermənistan İctimai Xidmətlərin Nizamlanması üzrə Komissiyasına müraciət edib. Şirkətin təklifi qəbul olunarsa, qazın qiyməti 1000 kubmetr üçün 132 min dramdan (təxminən 318 dollar) 221 min dramadək (təxminən 530 dollar) artacaq. Bundan başqa, “Armrosqazprom” qaz təchizatı xidmətlərinin də qiymətlərini artırmaq istəyir. Şirkətin mətbuat katibi Şuşan Sardaryan bununla bağlı bildirib: "Komissiyaya təqdim edilən ərizə ciddi iqtisadi hesablamalara əsaslanır. Şirkət əsaslandırılmış və məntiqəuyğun tarif təklif edir”. Hesablamalara görə, Rusiyanın təbii qazın qiyməti ilə bağlı tələb etdiyi 64 faiz bahalaşma ən azı 640 min erməni ailəsinin sosial vəziyyətinin pisləşməsi deməkdir. Əhali ölkədə bununla əlaqədar ərzağın qiymətinin də artacağından narahatdır. Erməni iqtisadçılar bildirir ki, qazın qiymətinin 64 faiz artırılması ölkədə həm də yeni etiraz dalğasının başlamasına səbəb olacaq. Artıq sosial şəbəkələrdə qazın qiymətinin artmasına qarşı etiraz çağırışları başlayıb. İqtisadçılar bildirirlər ki, mavi yanacağın qiymətinin artırılması ölkədə istehlak mallarının, nəqliyyatın, elektrik enerjisinin və ən əsası ərzağın qiymətinə təsirsiz ötüşməyəcək.
“Ermənistan öz ərazisindəki Rusiya hərbi bazasına torpaq sahələrini pula verməlidir”. Bu sözləri isə Ermənistan parlamentinin dünənki iclasında İrs Partiyasından olan deputat Zarui Postancyan bəyan edib. Deputat bunu Rusiyanın Ermənistana satdığı qazın qiymətinə etiraz əlaməti olaraq deyib: “Biz öz məhsulumuzu pulsuz əsaslarla təqdim edirik, onlar isə malını bizə pulla verirlər. Bu, bizim xarici siyasətin uğursuzluğudur, bu. Respublika Partiyasının yarıtmaz siyasətinin nəticəsidir”.
Ermənistan parlamentinin spikeri Ovik Abramyan isə bunun cavabında bildirib ki, Ermənistan təkbaşına qaza tarif müəyyən edə bilməz və əlavə edib ki, mayın 23-də parlamentdə bununla bağlı müzakirə aparılacaq. Müzakirələrdə Ermənistanın baş naziri Tiqran Sarkisyan və energetika və təbii resurslar üzrə nazir Armen Movsisyan iştirak edəcək. Bundan sonra spiker deputat Postancyanın mikrofonunu söndürüb. Belə ki, deputat xanım xalqı qaz tariflərinin qaldırılmasına etiraz olaraq parlament qarşısında toplaşmağa çağırıb.
“Facebook” sosial şəbəkəsində yaradılmış təşəbbüs qrupu Ermənistanın qazla təchiz edilməsi ilə məşğul olan inhisarçı "Armrosqazprom" şirkəti tərəfindən qazın qiymətinin artırılmasına sərt etirazın vaxtının çoxdan çatdığını bildirib. Onlar əhalini səfərbər olub öz hüquqlarını müdafiə etmək üçün küçəyə çıxmağa çağırıblar. Bəyanat minlərlə internet şəbəkəsi istifadəçisinə göndərilib və onların bir hissəsi etiraz aksiyasında iştirak etmək niyyətində olduğunu təsdiq edib. Artıq Ermənistanda hökumət binasının qarşısında təbii qazın qiymətinin artırılmasına etiraz olaraq aksiya keçirilib. Aksiya iştirakçıları bir daha bildiriblər ki, qazın tarifinin qalxması ümumilikdə ölkədə həm də un məmulatlarının, elektrik enerjisinin, ərzağın qiymətinin artmasına gətirib çıxaracaq. Etirazçılar "Qazın qiymətini artırın, biz də vergiləri ödəməyəcəyik!", "Qazın bahalaşması hökumətin məhvinin başlanğıcı olacaq!" yazılmış şüarlar qaldırıblar. Aksiya iştirakçıları bildiriblər ki, bir yerə toplaşmaqla birlikdə olduqlarını və öz hüquqlarının müdafiəsinə qalxdıqlarını nümayiş etdirmək istəyirlər. Etirazçılar qazın qiymətinin artmasının Ermənistanın yanlış daxili və xarici siyasətinin nəticəsi olduğunu və bunun da ölkədə kasıbçılığa gətirib çıxaracağını və insanların sosial vəziyyəti nəzərə alınmasa, vergi ödəyə bilməyəcəklərini bəyan ediblər.
Belə bir vaxtda Ermənistanda fermerlər dövlət əhəmiyyətli Armavir-Yerevan yolunu bağlayıblar. Onlar dolu nəticəsində dəyən zərərin dövlət tərəfindən ödənilməsini tələb edirlər. Kommersiya bankının nümayəndələrinin kəndə gələrək kənd təsərrüfatı kreditlərinin ödənilməsi ilə bağlı xəbərdarlığı isə kəndliləri daha da hiddətləndirib. Nazirlər Kabinetinin nümayəndəsinin hadisə yerinə gələrək müəyyən vədlər verməsi gərginliyi bir qədər azaltsa da, kəndlilər tələbləri yerinə yetirilməyənədək aksiyanı davam etdirəcəklərini bəyan ediblər.
Bir faktı da qeyd edək ki, belə bir dönəmdə “Facebook”da “Qafqaz onlayn”da dərc edilən “Ermənistan Rusiyanın tərkibinə daxil edilə bilər” başlıqlı məqalə geniş müzakirə olunur. Anonim erməni diplomatik mənbələrinə istinadən qeyd edilir ki, Moskvanın qənaətincə, postsovet məkanında artıq bu məsələ ilə bağlı aktiv iş aparmaq gərəkdir. Bir sıra məlumatlara görə, artıq Moskva Ermənistan prezidenti Serj Sarkisyanın dəstəyini qazanıb. Bu birləşməyə əsas kimi müəllif Ermənistanın ağır sosial-iqtisadi vəziyyətini göstərir və ermənilərin bu vəziyyətdən öz qüvvələri ilə çıxa bilməməsini göstərir. “Bundan əlavə, bu, Ermənistanın xaricdən, ilk növbədə Azərbaycandan gələn təhlükəsini sovuşdurmaq üçün zəruridir” - deyə iddia edilib. Son illər Ermənistan Rusiyadan iqtisadi cəhətdən asılı vəziyyətdədir. Ermənistanın əsas sahələrinin və müəssisələrinin Rusiyaya borcu var. Ermənistanın nəzarəti altında olan müəssisələr mütəmadi olaraq şimal qonşusunun nəzarətinə keçir və belə bir hal artıq “Armavia» ilə bağlı yaşanıb. Özü də Moskva heç bir zaman Ermənistan iqtisadiyyatına investisiya yatırmağa tələsməyib və ola bilsin bu, onun Yerevanla bağlı gələcək siyasəti ilə bağlı olub. Serj Sarkisyanın prezident seçildikdən sonra Moskvaya etdiyi səfər zamanı bu məsələni razılaşdırdığı da iddia edilib. Ermənistanda narazılıqlar baş qaldırmasın deyə, bunu gizli şəkildə həyata keçiriblər. Prezidentin ardınca xarici işlər naziri də bu ölkəyə səfər edib və o Ermənistanın Rusiya tərkibinə daxil olması ilə bağlı məsələnin texniki tərəfini müzakirə çıxarıb. Məqalədə vurğulanır ki, Ermənistanın Rusiyanın bir subyekti kimi onun tərkibində fəaliyyət göstərəcək.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər