• cümə, 26 Aprel, 09:27
  • Baku Bakı 12°C

Ermənistan yenə də danışıqlardan qaçır

02.05.17 10:30 1211
Ermənistan yenə də danışıqlardan qaçır
Ötən cümə Rusiya tərəfinin təşəbbüsü ilə Moskvada xarici işlər nazirləri Sergey Lavrov,Elmar Məmmədyarovvə Edvard Nalbandyanın növbəti işgüzar görüşü keçirilib. Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra yayılan rəsmi məlumatda bildirilib ki, diplomatlar Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsini davam etdiriblər. Üçtərəfli görüşdə 2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb. Məlumatda qeyd olunub ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər. Eyni zamanda, nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. Üçtərəfli danışıqların yekunları əsasında onlarınATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə də görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Moskva görüşünü şərh edərkən deyib ki, Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvadakı üçtərəfli görüşündə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib. H.Hacıyev qeyd edib ki, aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.
"Danışıqlardan qaçan tərəf bir reallığı nəzərə almalıdır ki...”
Nazirlərin Moskva görüşünü "Kaspi”yə şərh edən millət vəkili Sahib Alıyev xarici işlər nazirlərinin yaydığı bəyanata diqqət çəkərək, ortada hər hansı nəticənin olmadığını vurğulayıb. O, bunu təəssüfedici məqam kimi qiymətləndirib: "Ötən ilin aprel ayında təxribata əl atan düşmənə Azərbaycan Silahlı Qüvvələrinin ön cəbhədəki kiçik birləşməsi tərəfindən layiqli cavab verildi, əks hücuma keçən ordumuz Ermənistan ordusuna sarsıdıcı zərbə vurdu. Cəmisi bir neçə gün davam edən döyüşlər nəticəsində düşmənin yüzlərlə canlı qüvvəsi, hərbi texnikası, artilleriya qurğusu məhv edildi, işğal altında saxlanılan ərazilərin bir qismi azad edildi, bir neçə mühüm strateji yüksəkliklər yenidən hərbçilərimizin nəzarətinə keçdi. Bu döyüşlər ATƏT-in Minsk qrupunun həmsədr dövləti Rusiyanın təkidi ilə dayandırıldı, rəsmi Moskva mövcud status-kvonun dəyişməsi üçün tezliklə intensiv addımlar atılacağını bəyan etdi. Ardınca prezidentlər səviyyəsində Sankt-Peterburq və Vyana görüşləri keçirildi. Amma Ermənistan rəhbərliyi danışıqlar xətrinə danışıqlara qatılmaq ənənəsinə qayıtdı, bir müddət sonra isə ümumiyyətlə danışıqları boykot etdilər. Aprelin 28-də Moskvada xarici işlər nazirləri səviyyəsində danışıqların keçirilməsi belə təəssürat yaradır ki, guya Ermənistan rəhbərliyi apreldə keçirilən parlament seçkilərini gözləyirmiş, bu seçkilərdən sonra ümumi razılıq əsasında danışıqlar davam etdirilə bilər. Lakin Moskva görüşündən sonra ortada konkret açıqlamaların olmamağı onu göstərir ki, Ermənistan tərəfi yenə də danışıqlardan qaçır. Əgər belədirsə, danışıqlardan qaçan tərəf bir reallığı nəzərə almalıdır ki, Azərbaycan aprel ayının ortalarında genişmiqyaslı hərbi təlimlər keçirdi. Bu təlimlər tam döyüş şəraitinə yaxın şəraitdə baş tutdu. Hazırda da Azərbaycan və Türkiyə ordusu 5 günlük birgə taktiki-texniki təlimlər keçirir. Bu təlimlər bir növ xəbərdarlıq xarakteri daşıyır. Düşmənə mesaj verilir ki, Azərbaycan torpaqlarını tərk etməyin zamanı çatıb. Bu proses ya substantiv danışıqlar yolu ilə baş verməlidir, ya da Azərbaycan ordusu hərbi yolla buna nail olacaq”.
"Ermənistan bu görüşdə də qeyri-konstruktiv mövqe nümayiş etdirib”

Politoloq Qabil Hüseynli də hesab edir ki, xarici işlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşü nəticəsiz bitib. Onun fikrincə, bu görüşdə diqqəti çəkən hər hansı irəliləyiş müşahidə olunmayıb: "Biz ümid edirdik ki, xarici işlər nazirləri birgə görüşlərin keçirilməsinə dair razılığa gələcək, prezidentlərin görüşü üçün şərait yaradacaqlar. Ancaq təəssüflə qeyd olunmalıdır ki, Ermənistan tərəfi bu görüşdə də qeyri-konstruktiv mövqe nümayiş etdirib, Dağlıq Qarabağın yekun statusu məsələsini öncə çəkib. Halbuki, 20 ildən artıqdır aparılan danışıqlarda Dağlıq Qarabağın yekun statusunun sonda müəyyən edilməsinə dair hər iki tərəf arasında prinsipial razılaşmalar olub. Belə görünür ki, ermənilər danışıqları pozmaq üçün sonda həll edilməli olan və prosesin canını təşkil edən məsələni önə çəkiblər. Bununla onlar danışıqlar prosesini dalana dirəmək istəyirlər. Burada Rusiyanın da mövqeyində olan qeyri-konstruktivliyi duymamaq mümkün deyil. Uzun müddətdir ATƏT ölkələri Rusiyaya təzyiq göstərirlər ki, Azərbaycan və Ermənistan vaxtilə sovetlər ittifaqında təmsil olunan ölkələrdir və onlara təsir göstərməklə sülhyaratma missiyasına töhfə verin. Rusiya isə Dağlıq Qarabağ münaqişəsinin həllini gah hər iki tərəfin üzərinə atır, bu dövlətlərin öz aralarında razılığa gəlmələrini vacib amil kimi təqdim edir, gah da özünü təşəbbüskar göstərsə də, tərəflərin öz aralarında razılığa gəlməsinin qeyri-mümkün olduğunu nümayiş etdirməyə çalışır. Rusiya formal olaraq dünyaya mesaj verir ki, Dağlıq Qarabağ probleminin nizamlanması üçün səylər göstərir. Rəsmi Moskva bu səylərin boşa çıxmasında tərəflərin özlərinin günahkar olduğunu sübut etməyə çalışır. Bir sözlə, hələlik Dağlıq Qarabağ münaqişəsi ətrafında real işdən daha çox, diplomatik oyunlar gedir. Bu diplomatik oyunların baş rejissorları da hər kəsə bəllidir. Azərbaycan tərəfi çox səmimi, real nəticəyə gəlmək üçün kifayət qədər təkliflərlə çıxış edir. Təəssüf ki, Ermənistan tərəfdən bu təkliflər razılıqla qarşılanmır”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər