• cümə axşamı, 28 mart, 21:45
  • Baku Bakı 13°C

Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub - Deputat

28.10.20 11:00 368
Erməni kilsəsi son 200 ilə yaxın dövrdə terroru təşviq etməklə xristianlığa ləkə vurub - Deputat
Bütün ermənilərin katolikosu 2-ci Qareginin hamını müharibəyə çağırmasından qətiyyən təəccüblənmək lazım deyil, bunu normal qarşılamaq lazımdır. Çünki belə davranış erməni kilsəsi və cəmiyyəti üçün yeni bir şey olmayıb, gündəlik həyat tərzidir.
Bunu Trend-ə Milli Məclisin deputatı, tarixçi alim Musa Qasımlı deyib.
Onun sözlərinə görə, erməni kilsəsi son 200 ilə yaxın dövrdə daim terroru təşviq etməklə, terrorçuları himayə etməklə, kilsələrin və məktəblərin zirzəmisini silah və sursat anbarına çevirməklə, qadınları və uşaqları qan tökməyə sövq etməklə, islam və iudaizm dinlərinə böhtan ataraq gözdən salmağa çalışmaqla sülh və birgə yaşayış dini olan xristianlığa və xristianlara ləkə vurub.
Buna dair istənilən qədər rəsmi sənədlərin olduğunu nəzərə çatdıran M.Qasımlı qeyd edib ki, çarizm və sovet dövrlərinə aid olan bir neçə sənəd və fakt real mənzərəni aydın şəkildə göstərir:"Məsələn, çarizm jandarma sənədlərində yazılırdı ki, katolikos sülh yaratmaqdan çox uzaqdır. 1906-cı il 7 oktyabr tarixli 707 saylı məxfi məktubunda Eçmiadzindən prokuror Frenkel Qafqaz canişini dəftərxanasının direktoruna yazırdı: ”Arximandrit Abram Qasparyan Daşnaksütyunun fəal üzvlərindən biridir...” Tiflis quberniya jandarma idarəsinin rəisi 1910- cu il 5 may tarixli məxfi məktubunda Qafqaz canişininin mülki işlər üzrə köməkçisinə yazırdı: "Hazırda erməni sinodunun üzvlərinin çoxu daşnaklardır. Katolikos daşnakların əlindədir, ikiüzlüdür. Kilsə üzərində nəzarət etmək üçün daşnakların nümayəndəsi kilsədə oturur”. Bu ənənə sovet dövründə də davam etdirilib".
M.Qasımlı əlavə edib ki, sovet xarici kəşfiyyatının məlumatlarında İkinci dünya müharibəsi ərəfəsində və illərində İran ərazisindəki erməni kilsələrinin və məktəblərinin zirzəmilərində çoxlu silah və sursat saxlanıldığı yazılırdı. Eyni zamanda qeyd edilirdi ki, Cənubi Azərbaycan Culfasından 30 km aralıda - Araz çayının sahilində yerləşən Daraşan monastırında pulemyot, 600 ədəd Mauzer tipli tapança saxlanılır, keşiş əlavə olaraq 5 min Mauzer və 3 min Naqan tipli tapança alınması üçün göstəriş vermişdir:"Dağlıq Qarabağ münaqişəsi başladıqdan sonra Eçmiadzinin mövqeyinə dair bir sənəd xüsusi maraq doğurur. Sumqayıt hadisəsindən sonra Bakıdakl erməni kilsəsinin dyakonu S. S. Davtyan 1988- ci il martın 8-10-da Eçmiadzində olmuş, katolikos I Vazgenlə və digər şəxslərlə görüşmüşdü. Katolikos ondan soruşmuşdu ki, Bakı erməniləri Dağlıq Qarabağ məsələsində nə üçün bitərəf mövqe tuturlar? Davtyan cavabında demişdi ki, şəraiti gərginləşdirmək istəmirlər, çünki vəziyyətlərinə pis təsir edər. Katolikos əsəbi halda Davtyana demişdi: "Onlar böyük işlər görməyə qadir deyillər, böyük işlər böyük qurbanlar tələb edir, onlar isə qorxaqdırlar. Burada qorxulu heç nə yoxdur, Bakı ermənilərini qurban vermək olar”. Bu sözlərin nəticəsi məlumdur. 1990-cı ilin sonlarında erməni kilsəsi Bakıdakı ermənilərə qarşı təxribatların təşkilatçısı oldu. Ona görə də indi ermənilərin katolikosu 2-ci Qaregin tərəfindən belə bir bəyanatın səsləndirilməsi təbiidir. Bu, bir daha təsdiq edir ki, erməni kilsəsi və din adamları hərəkətləri ilə xristianlığa ağır zərbə vururlar”.

banner

Oxşar Xəbərlər