AZE | RUS | ENG |

Ərəblərin azad iqtisadi zonaya göstərdikləri maraq

Ərəblərin azad iqtisadi zonaya göstərdikləri maraq
Mütəxəssislər deyir ki, aparılan islahatlar Azərbaycanı xarici sərmayədarlar üçün cəlbedici məkana çevirir

Ölkəmiz iqtisadi baxımdan yüksəliş dövrü keçirir desək, yanılmarıq. Son dövrlər Cənubi Qaz Dəhlizi ilə bağlı bır sıra addımların atılması, Azad iqtisadi zona haqqında qanunun qüvvəyə minməsi Azərbaycanı xarici sahibkarlar üçün maraqlı və gəlir əldə etmək üçün perspektivli ölkəyə çevirib. Bu baxımdan sərmayə qoyuluşunda da irəliləyiş müşahidə olunur. Belə ki, Birləşmiş Ərəb Əmirliklərindən olan investorlar Ələt qəsəbəsindəki azad ticarət zonası ərazisində istehsalatın yaradılmasına 500 milyon dollar sərmayə yatırıblar. Bu barədə Trend-ə məlumatlı mənbə bildirib. Amma mənbə investisiyaların hansı layihəyə yatırıldığı barədə məlumat verməyib. Azad ticarət zonasının qaydaları rezidentlərin vergilərdən və gömrük rüsumlarından azad edilməsini nəzərdə tutur. Qeyd edək ki, zonanın yaradılması çərçivəsində konsaltinq xidmətlərini dünyanın ən iri liman operatorlarından olan "Dubai Port World" və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası həyata keçirir. Ərəblərin azad iqtisadi zonaya olan marağı onu göstərir ki, Ələt azad iqtisadi zonası perspektivli layihəyə çevriləcək. Xarici səhmdarların zonaya dərhal sərmayə yatırmasını da bunun göstəricisi hesab etmək olar. Buna, ümumiyyətlə, xarici sərmayədarları hansı sahəyə yönəltməyin daha effektli ola biləcəyi ilə bağlı məsələyə mütəxəssislərin rəyini öyrəndik. 
 
 

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü, millət vəkili  Azər Badamov deyir ki, ölkəmizdə aparılan iqtisadi islahatlar haqlı olaraq xarici sahibkarların marağını cəlb edir: "Bu gün Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitin yaxşılaşdırılması istiqamətində dövlətin apardığı islahatlar artıq öz nəticəsini verir. Hazırda  ölkəmizdə hansısa bir sahibkarın fəaliyyətə başlaması üçün bütün proseduralar sadələşdirilmişdir. Deyərdim ki, ən böyük sadələşdirmə də vergi sahəsində edilib. Sahibkarın ölkəmizə investisiya qoyması üçün tam təhlükəsiz və əlverişli iqtisadi mühit yaradılıb. Azərbaycanda makroiqtisadi və siyasi sabitliyin təmin olunması bu mühitin inkişafına təkan verir. Bu da haqlı olaraq xarici sərmayədarların marağını cəlb edir. Ölkəmiz iqtisadiyyatının rəqabət qabiliyyətinə görə də fərqlənən dövlətlərdəndir.   Həm ərəb, həm də başqa investorlar da buradakı iqtisadi mühitlə tanış olanda, görürlər ki, əsl sərmayə qoyub qazanc əldə ediləsi məkandır. Ərəblər də iqtisadiyyatdan, biznesdən kifayət qədər anlayışlıdırlar. Ona görə də, onlar Azərbaycana investisiya qoymağa üstünlük verirlər”. 
 
 
 
Millət vəkili qeyd etdi ki, iqtisadiyyatın bir çox sahəsi investorların marağını cəlb edir: "Ərəb investorları daha çox turizmə maraq göstərirlər. Çünki turizm qoyulan vəsaitin qısa müddətdə geri qayıtdığı, həmçinin uzun zaman əlavə vəsait qoymadan da gəlir əldə edilən sahədir. Ərəblər həmçinin sənaye sahələrinin də inkişafına xüsusi maraq göstərirlər, yeni sənaye obyektlərinin açılmasında yaxından iştirak edirlər. Bu gün Azərbaycan iqtisadiyyatının hər bir sahəsi sərmayədarlar üçün maraqlıdır. Həm turizm, həm kənd təsərrüfatı sahələri iqtisadi siyasətin təməlidir. Kənd təsərrüfatı da xarici investorların maraq dairəsindədir. Bu sahə iqtisadiyyatımızda həmişə önəmli yer tutub. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, təbiəti, iqlimi kənd təsərrüfatının inkişafı üçün geniş şərait yaradır. Bu sahənin inkişafı ölkəmizdə ərzaq təminatı üçün çox əhəmiyyətlidir. İl ərzində istehsal olunan məhsullarımız həm ölkə tələbatını ödəyir, həm də xarici ölkələrə ixrac olunur. Ümumilikdə isə iqtisadiyyatımızın hər bir sahəsinin inkişafı istiqamətində işlər görülür. Ölkədə aparılan iqtisadi islahatlar da buna xidmət edir. Məqsədimiz isə ölkə iqtisadiyyatının neftdən asılılığını aradan götürərək, qeyri-neft sektorunu genişləndirib inkişaf etdirməkdir. Xarici sahibkarların hansı sahəyə sərmayə qoymasının  isə fərqi yoxdur, əsas olan həmin sahənin inkişafıdır”. 
 
 

Kənd Təsərrüfatı üzrə ekspert Qadir Bayramlı bildirdi ki, bu sahəyə qoyulan sərmayə ilə böyük müəssisələr fəaliyyətə başlaya bilər: "Azərbaycanın kənd təsərrüfatı sahəsində böyük həcmdə sərmayəyə  ehtiyacı var. Xarici investorların, o cümlədən ərəblərin qoyacağı sərmayə torpaqların yaxşılaşdırılmasına, suvarma sistemlərinin yenilənməsinə, müasir standartlara cavab verən texnika və texnologiyanın tətbiqinə, ekoloji təmiz məhsulların istehsalına, böyük heyvandarlıq komplekslərinin yaradılmasına, müasir istixanaların tikintisinə yönəldilə bilər. Ən əhəmiyyətli məsələlərdən biri isə böyük kənd təsərrüfatı müəssisələrinin fəaliyyətə başlamasıdır. Bura aqroparkların sayının artırılması da daxildir. Bu kimi obyektlərin sayının çoxalması vətəndaşlar üçün yeni iş yerlərinin da yaranmasına şərait yaradacaq.  Xüsusilə də, Aqrar Universitet və kənd təsərrüfatı kadrları hazırlayan digər təhsil ocaqlarının məzunlarının iş yerləri ilə təmin olunmasında əhəmiyyətli rol oynayacaq”.
 
 
 
Ekspert deyir ki, ilk görəcəyimiz iş bu sahədə beynəlxalq standartlara cavab verən mühitin formalaşdırılmasıdır: "Kənd təsərrüfatına qoyulan sərmayənin yönəldilə biləcəyi ən vacib sahələrdən biri də aqrosənaye kompleksləridir. Çünki bu sənaye məhsulları xam kənd təsərrüfatı mallarından fərqli olaraq, daha çox gəlir gətirir və müəssisələr il boyu fəaliyyətdə olur. Ona görə bu sahəyə daha çox diqqət ayrılmasında fayda var. Həmçinin xarici investorların fəaliyyəti səmərəli şəkildə təşkil edilərsə, bu, həm kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artımına, həm də ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsinə öz töhfəsini verər. Xarici sərmayədarlar üçün beynəlxalq standartlara uyğun investisiya mühitinin yaradılması vacibdir. Bu işləri görə bilsək, yaxşı qazanc əldə edə bilərik”. 
 
Günel Azadə
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN