• şənbə, 27 Aprel, 07:15
  • Baku Bakı 12°C

Ərdoğan Aşqabadı razı sala biləcəkmi?

08.11.14 09:33 1531
Ərdoğan Aşqabadı razı sala biləcəkmi?
Regional təhlükəsizlik və enerji məsələləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfərində prioritet təşkil edib. Srağagün paytaxt Aşqabada təşrif buyuran Türkiyə prezidenti Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla enerji sahəsində əməkdaşlıq, xüsusən də türkmən qazının Türkiyə ərazisindən Avropaya nəqli məsələlərini müzakirə edib. Bundan əvvəl il ərzində iki dəfə Türkiyədə olan Türkmənistan prezidenti bu məsələ ilə bağlı müəyyən razılaşma əldə edib.
Oğuzxan Sarayında qəbulda Ərdoğan əvvəlcə ölkə başçısı seçildikdən sonra andiçmə mərasimində iştirakına görə Berdıməhəmmədova təşəkkür edib. Türkiyənin Türkmənistanın inkişafına yardım etməkdə davam edəcəyini vurğulayan Ərdoğan, “Türkiyə ilə Türkmənistan arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə inanıram” deyib. Berdıməhəmmədov isə ziyarətə tarixi əhəmiyyət verdiklərini ifadə edərək, imzalanacaq müqavilələrin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrini gücləndirəcəyini söyləyib. Görüş zamanı maraqlı bir kurioz da yaşanıb. Ərdoğan hərbi mərasimin sonunda saraya daxil olub və bu zaman yerdəki bayraqlar onun diqqətini çəkib. Prezident Türkiyə və Türkmənistan bayraqlarını yerdən götürərək cibinə qoyub.
Yeri gəlmişkən, Qərb və Rusiya nəşrləri bu səfərlə bağlı müxtəlif mülahizə və fikirlər irəli sürürlər. Qeyd edilir ki, sentyabrın sonunda Həştərxanda Xəzəryanı dövlət başçılarının sammiti Berdıməhəmmədovun qaz məsələsində canfəşanlığını bir növ soyutmuş oldu. Xəzərin dibi ilə çəkilməsi planlaşdırılan və türkmən sahili ilə Azərbaycan, Türkiyə və oradan Avropaya gedib çıxaracaq Transxəzər boru xəttinin Rusiyanın razılığı olmadan baş tutmasının mümkün olmadığı bəlli oldu. Rusiya açıq-aydın bəyan etdi ki, dənizin dibi ilə hər hansı boru xəttinin inşasına qarşı çıxacaq. Mərkəzi Asiya üzrə ekspert Arkadi Dubnov isə hesab edir ki, Ərdoğan bu səfərlə Berdıməhəmmədovu yenidən Transxəzər boru xətinin inşasına maraqlandırmağa çalışır: “Bu məsələnin həlli Ərdoğan üçün fövqəladə dərəcədə əhəmiyyət kəsb edir. “Cənub qaz kəməri”nin bir qolu olan Transxəzər layihəsinin reallaşması Türkiyəni böyük bir enerji mərkəzinə çevirə bilər. Bu, ən əsası Avropanın Moskvadan asılılığına son qoya bilər. Ərdoğana isə uzun illər üçün siyasi yaşamını təmin etmiş olar”. Ən maraqlısı isə odur ki, bu layihənin başlıca lobbiçiləri sırasında Ukrayna da çıxış edir. Bu günlərdə Aşqabadda olan bu ölkənin xarici işlər naziri Pavel Klimkin əməkdaşlıq məsələləri ilə bağlı rəsmi Aşqabadla danışıqlar aparıb. Qeyd edək ki, Ukrayna 2009-cu ildə Türkmənistandan qaz alırdı.
Rusiya Strateji Tədqiqatlar İnstitutunun eksperti Əjdər Kurtovun qənaətincə, Türkiyə Transxəzər boru xəttinin reallaşmasında heç də başlıca oyunçu deyil: “Ərdoğan və Bedrıməhəmmədov enerji layihələrindən çox, Türkmənistandan Türkiyəyə enerji daşıyıcılarının çatdırılmasını müzakirə edirlər”.
Yeri gəlmişkən, bəziləri isə bu qənaətdədir ki, Aşqabaddakı danışıqlarda həm də əsas məsələ qərb kontingentinin Əfqanıstanı tərk edib getməsindən sonra yaranmış məsələlər olub. “Ərdoğan prezident seçildikdən sonra ilk təmaslarından birini yeni seçilən əfqan həmkarı Əhmədzay ilə görüşə həsr etmişdi. Ankara Əfqanıstanın şimal vilayətlərinin liderlərinə çox güclü təsir etmək imkanına malikdir. Son vaxtlar isə onlar Türkmənistanı hücumlarla hədələyirlər” - deyə Arkadi Dubnov bildirib. Ekspertin qənaətincə, bu təhlükə rəsmi Aşqabadı Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TAPİ) qaz kəməri layihəsindən əl çəkməyə vadar edir. Aşqabada iri dividentlər gətirəcək bu layihə Türkmənistanın azalan dövlət büdcəsi fonunda hava-su kimi gərəkdir. Son vaxtlar türkmənlərin qazın satışından əldə etdikləri gəlirlər azalmağa doğru gedir. Bundan əlavə, əfqan yaraqlıları mütəmadi olaraq Türkmənistan üçün başağrısı yaradırlar. Aşqabad isə bunların öhdəsindən təkbaşına gəlmək iqtidarında deyil. Bu problemi Berdıməhəmmədov bu günlərdə özbək həmkarı İslam Kərimovla da müzakirə edib. Elə Kərimovun da yaxınlarda türkiyəli həmkarı Ərdoğanla bu məsələni müzakirə edəcəyi gözlənilir. Təsadüfi deyil ki, türkmən lider ordunu gücləndirmək niyyətində olduğunu da açıqlayıb. Bu işdə isə ona əsas yadımı Türkiyə edə bilər. Türkiyə tək regionda deyil, dünyada güclü hərbi sənaye kompleksinə malik bir dövlətdir. Türkiyə həm də zabit heyətinin təlimini də həyata keçirə bilər. Analoji proqram isə hazırda Azərbaycanla birgə həyata keçirilir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər