• şənbə, 20 Aprel, 06:19
  • Baku Bakı 14°C

Epizodun dahisi

17.06.20 10:00 1836
Epizodun dahisi
Onun aktyorluğu rejissorluğunu üstələyirdi
Rejissor Qaydayın sevimlisi, epizodun dahisi, kooperativ kinonun ulduzu... Sovet kinosu onu bu adla tanıyır. 84 yaşında dünyasını dəyişən Rusiyanın Xalq artisti Mixail Kokşenov sovet kinosunun ikinci planda olan rollarının ifaçısı kimi yadda qaldı. Personajlara öz xarizması və komedik talantı ilə parlaqlıq qatan aktyor, Leonid Qayday, Eldar Ryazanov, Aleksandr Mitta, Mixail Şveyser və Vladimir Motıl kimi yerli kinematoqrafın klassikləri sayılan rejissorların filmlərində oynayıb. Leonid Qaydayın «Ola bilməz». "Peterburqdan gizli gələn”, «Deribasovskda hava yaxşıdır...» , "İdman lotosu-82”, Vladimir Motılın «Jenya, Jeniçka və Katyuşa» dramında, Eldar Ryazanovun «Qaraj» və bir çox filmlərində məşhurluq qazanıb.Hətta baş rollardan uzaq qalması da ona olan xalq sevgisinə və populyarlığa mane ola bilməyib. Sovet kinosu tənəzzülə uğrayanda o, kinematoqrafiyanı kooperativ kino ilə dəyişə bildi. Baha olmayan ucuz filmlərdə aktyor, rus qəlbinin sosial durumunu canlandırdı.
Bəs mən nə üçün bacarmıram?
Mixail Kokşenov 1936-cı ilin 16 sentyabrında Moskva yaxınlığında doğulub. O, bütün ömrü boyu şəhər ətrafında keçən günlərini sevgi ilə xatırlayır və oranı "paytaxtın ürəyi” adlandırırdı. Mixail doğma yerlərə nadir hallarda baş çəksə də, Moskvada yaxınlığındakı kommunal və mehriban həyətlərinin qeyri-adi ab-havasını unutmurdu. Ola bilər ki, iş məşğuliyyəti onu, yaşadığı qəsəbədən qoparmışdı, amma ürəyi oralarda qalmışdı.
Atası müharibədə həlak olmuşdu. Anası Qalina Vasilyevna ikinci dəfə ailə qurmadı. Kişi diqqətinə ehtiyac duysa da, ömrünü övladına həsr etdi. Mixail uşaqlıqda idmanla məşğul olur çoxlu kitab oxuyurdu. Dərslərinə o qədər də həvəs göstərmirdi. Hərdən ona cib xərcliyi verəndə, həmin pulu kinoteatrlara sərf edirdi. Bir dəfə seansların birində «Anam aktrisa olmaq istəyirdi, ancaq nə üçünsə ola bilmədi. Bəs mən nə üçün bacarmıram?»- deyə düşündü. Məktəb illərində Mixail kinoman kimi tanınırdı. Hollivud gözəllərinin cazibədar ayaqlarını mütləq öz həyatı və peşəsi arasında birləşdirməyi arzulayırdı. O, əvvəlcə babasının izi ilə getmək istədi. Mühəndis-mexanik, rus-yapon müharibəsinin veteranı olan babası sonda dənizçi olmuşdu. 7-ci sinifdən sonra Mixail sənədlərini dəniz texnikumuna verdi. Ancaq görmə qabiliyyətinin zəifliyi ucbatından daxil ola bilmədi. Onu Moskva Sənaye Texnikumunun geokəşfiyyat bölməsinə qəbul etdilər. Geoloq peşəsi də onun üçün qeyri-adi idi. Yay tətillərini ekspedisiyalarda keçirirdi. O, işlə yaxından tanış olmaq üçün neft zavodunda işə düzəldi.
M.Kokşenovu teatr aləmi hələ də özünə çəkirdi. 1958-ci ildə Şukin adına məktəbə daxil olmaq üçün sənədlərini verdi, ancaq daxili görkəmi mane oldu. «Dərhal başa düşdüm ki, mən qəhrəman obrazlarına uyğun deyiləm»- deyərək, ümidsizliyə də qapılmadı. İnqilaba qədərki rus teatrlarında aktyorun ampluasını dəqiq təyin etmək mümkün idi: sevgi qəhrəmanı, sadəlövh, komik – daha bu ənənəni unutmuşdular. Ancaq növbəti cəhdi uğurlu alındı. Mixail bir neçə səhnəni özü qurmuşdu. Onun hiyləgərliyi pedaqoqların xoşuna gəldi. Hətta, imtahan götürənlərdən «Afərin» sözünü də eşitdi. Anası dəhşətə gəlmişdi, oğlu gəlirli peşədən aktyorluğa üstünlük vermişdi. Ancaq Mixail uşaqlıq arzusu haqqında düşünəndə qürur duyurdu.
1963-cü ildə aktyor Şukin məktəbini bitirdi. Mayakovski adına teatr onun xoşuna gəldi və bu sənət ocağında 3 il çalışdı. Xırda rollardan başladı və bədii rəhbər Nikolay Oxlovkovun etimadını qazandı. Teatrın truppası ilə bütün ölkəni gəzdi və hər yerdə aktyoru anşlaqla qarşıladılar. 1967-ci ildə isə o, «Jenya, Jeniçka, Katyuşa» filminin çəkilişlərinə görə teatrı tərk etdi. Kinoya məhəbbəti onu teatrdan ayırdı.
Mixail tələbəlik illərindən filmlərə çəkilmişdi. «Həmkarlar», «Gülən adam» və hətta, əfsanəvi "Qızlar» filmlərində rol almışdı. Təəssüf ki, bu filmin titrlərində onun adı yer almamışdı. Aktyorun Bulat Okudjavanın «Sağlam ol, məktəbli» filmindəki yefreytor Zaxar Kosıx rolu ekran əsərinin əsas personajlarından idi: "Rejissor Vladimir Motıl məni kasıb, acgöz və qısqanc yefreytor Zaxar roluna xarici baxımdan uyğun gəldiyim üçün seçdi. Aktyorların sınağında ssenari müəllifi Okudjavanın özü də məni bəyəndi”.
«Jenya, Jeniçka, katyuşa» filmindən sonra isə aktyor səhər yuxudan məşhur oyandı. O, oynadığı obrazla rejissorun «Sivilizasiya yanımızdan ötdü» fikrini bütün mənası ilə əks etdirə bilmişdi. Bu filmin çəkilişlərində aktyor Oleq Dalla dostluq etməyə başladı. Hər ikisi Motılın «Füsunkar xoşbəxtliyin ulduzu» filmində rol aldılar. Onlar «Tayqanın sahibi» filmində də birlikdə oynamışdılar. Həmçinin gənc aktyora Vladimir Vısotski və Valeriy Zolotuxin kimi aktyorlarla birlikdə işləmək nəsib olmuşdu. Bu filmdə çəkilərkən Mixail az qalmışdı ki, çayda boğulsun. Bəxtindən, su çox da dərin deyildi. O, su ilə dolmuş çəkmələrini çıxarıb özünü çətinliklə də olsa qayığa çatdıra bildi.
Komediya xəstəliyi
1973-cü ildə Kokşenovun iş yeri Mərkəzi Studiya oldu. O gündən başlayaraq çəkilişlər onun həyatının əsas hissəsinə çevrildi və il ərzində Kokşenovun iştirakı ilə bir neçə film ekrana çıxırdı.
1975-ci ildə Kokşenov Leonid Qaydayın «Ola bilməz» komediyasında rol aldı. Əfsanəvi rejissor aktyoru komediya xəstəliyinə yoluxdurdu. O, səbirsizliklə yeni əməkdaşlıqlar üçün imkanlar gözləyirdi. Belə bir imkan isə 1977-ci ildə «Peterburqdan anonim adam» filmində oldu. Ancaq hansısa səbəbdən film xalq tərəfindən qəbul edilmədi. Kokşenovun filmoqrafiyasında yeganə musiqili film Leonid Kvinixidzenin «31 iyun» oldu. 1982-ci ildə o, yenidən Qaydayla çəkiliş meydanında görüşdü. Bu dəfə tamaşaçılar Kokşenov -Stepan və San Saniç- Mixail Pudovkin tandemini layiqincə qiymətləndirdilər. Aktyorun filmdəki «Kiminə portağallar, kiminəsə vitaminlər» sözü aforizmə çevrildi. Mixail Kokşenov və Mixail Puqovkinə sonradan da komediya personajları oynamaq təklif olunurdu. «Ən cazibədar və füsunkar» filmində İrina Murovyova və Aleksaandr Abdulovla birgə çəkilməsi də onun populyarlığının təsdiqi idi. Kokşenovun özü, həyatda həmişə öz qəhrəmanlarının antipodu idi: "Komediya qəhrəmanın ampluası ən çətin və eyni zamanda maraqlıdır. O siyasətdən, yaşdan kənardır – əbədidir». Kokşenov «Fitil» və «Yeralaş» yumoristik jurnallarının da çəkilişlərində iştirak edirdi. Onun həmkarları bu səhnələrdə Natalya Kraçkovskaya, Leonid Kurovlyov, Mixail Puqovkin və başqa məşhur aktyorlar idi.
Rejissor kimi uğursuzluq
90-cı illərdə bir çox məşhur aktyorlar böhranla üzləşdilər. Ekrana kommersiya lentlərinin axını başladı. Döyüş filmləri, üçüncü sort komediyalar çəkildi ki, Kokşenov onlarda oynamaq istəmirdi. Mixail öz filmlərini çəkmək ideyası ilə yaşayırdı. O, demək olar ki, başqa rejissorların filmlərində çəkilməyə son verdi. Arkadi İnınla əməkdaşlığı nəticəsində ssenari yazıldı, həmçinin pul da tapıldı. Rejissor Mark Ayzenberqlə birlikdə «Russayağı biznes» komediyasını çəkdilər. Mixail Kokşenov filmdə baş rollardan birini oynayırdı. Bu filmdən sonra isə «Russayağı haqq-hesab» və «Russayağı möcüzə» filmlərini çəkdi. Onun rejissor kimi yaradıcılığında 12 film yer aldı, ancaq onların heç biri tamaşaçı rəğbəti qazanmadı. Kokşenovun özünün də rol aldığı bu filmlər göstərdi ki, onun aktyorluq karyerası rejissorluq karyerasını üstələyir.
Evlilikdə üç sınaq
Mixail Kokşenov 3 dəfə ailə qurub. 1984-cü ildə onun stüardessa Nina Vokroş ilə macərası başlayır. Bir sıra mənbələrdə isə səhv olaraq aktyorun birinci arvadının rəssam Alla olduğu qeyd edilir. Stüardessa Mixaildən 20 yaş kiçik idi. Yarım ildən sonra onlar evləndilər. Ancaq onların ailə həyatı uyğun gəlmirdi. Nina daim işlə bağlı səfərlərdə olurdu. Hər gün ölkənin ayrı-ayrı bucaqlarında yaşayırdılar. Buna baxmayaraq, 1987-ci ildə onların Aliftina adlı qızları dünyaya gəldi. Uşağın tərbiyəsinə görə o, arvadından razılıqla ayrıldı. Qızın 10 yaşı olmamış, Mixail demək olar ki, övladının həyatında iştirak etmirdi, sonra isə bütün ünsiyyəti kəsdi. 2-ci arvadı Yelena ilə aktyor banan növbəsində olarkən tanış oldu. Qızın 19, Mixailin isə az qala 50 yaşı vardı. Məlum oldu ki, Yelena «Mosfilm»də assistent işləyir. Onlar iş mövzusunda ümumi dil tapa bildilər. Və tezliklə evləndilər. Onlar birlikdə 20 ildən çox - Mixail Yelenanı başqasına dəyişdiyi günə qədər xoşbəxt yaşadılar. Üçüncü arvadı Natalya Lepixinovla isə onlar təyyarədə tanış oldular. Danışdılar, içdilər, telefon nömrələrini dəyişdilər... Moskvaya qayıdandan sonra aktyor yeni tanış olduğu qadınla görüşməyə cəhd göstərdi. Nəhayət, bir yerdə axşam yeməyinə razı oldular. Görüş zamanı Kokşenov heyrət yaradan xəbərlə qarşılaşdı. Əlbəttə, onsuz da o, Natalyanın kasıb qadın olmadığını hiss etmişdi, yoxsa o, aktyorla biznes-klassda uça bilməzdi. Natalyanın böyük bir neft şirkətinin direktoru olduğunu öyrənəndə isə heyrətdən donub qaldı. İş qadını Mixaillə evlənməyə razı oldu. Bunun üçün isə günlərin birində ərinə Mixaillə evləndiyini demək və ondan ayrılmaq lazım gəlirdi. Natalya bunu etməyi bacardı. 2010-cu ildə onlar evləndilər. Toydan sonra onların böyük ailəsi yarandı: qızları, Olya, Tatyana, hətta nəvəsi Eliza. Ər-arvadın Barselonada, Varnada, Burqasda daşınmaz əmlakları vardı ki, onlar tez-tez həmin yerlərə istirahətə gedirdilər. Ancaq aktyor arvadlarından xoşluqla ayrılırdı. Hətta sonradan onlara kömək də edirdi. Məsələn, Yelenaya mənzil almışdı.
Son illər Mixail Kokşyonov demək olar ki, filmlərdə çəkilmirdi. Səhhətində problemlər yaranmışdı. 2017-ci ildə insult keçirmişdi. Onda Kokşenovun qulluqçusu təcili yardım çağırdı. Onu Birinci Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirdilər. Xəstəxanadan çıxandan sonra isə kütlə arasında görünmədi. Bu yaxınlarda isə aktyorun yaxın rəfiqəsi Lyudmila Voropayeva Mixailin 84 yaşında vəfat etməsi xəbərini yaydı.
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər