• cümə, 26 Aprel, 08:55
  • Baku Bakı 12°C

Ən çox aldatmalar avtomobil sığortasında olur

21.11.13 11:14 1513
Ən çox aldatmalar avtomobil sığortasında olur
“Müştərilərin şirkətlər tərəfindən ən çox aldadıldığı dövr böhrana qədər olan vaxt idi”. Bunu fins.az saytına müsahibəsində sığorta üzrə ekspert Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, həmin vaxt müştərilərin məlumat əldə etmədən şüursuzcasına müqavilələri imzalayıb, sonra aldadıldıqları dövrlər idi: “Yəni həmin illərdə, kütləvi surətdə avtomobillərin kreditlə satışı başladı və bu, elə bir şəkil aldı ki, nəinki insanlar, heç banklar və sığorta şirkətləri də müqavilələri yazıb çatdıra bilmirdilər”.
Son dövrlər aktual olan sığorta aldatmaları ilə bağlı danışarkən mütəxəssis bildirib ki, şirkətlərin həmin dövrdəki sənədlərinə baxanda inanılmaz göstəricilərin şahidi olmaq mümkündür: “Təsəvvür edin ki, adi Rusiya istehsalı olan avtomobilə 5 min manat franşiza müəyyən olunmuşdu. Bu, faktiki olaraq o deməkdir ki, şirkətin heç bir ödəniş vermək fikri yoxdur, başqa variant ola bilməz. Bəzi hallarda isə elə gülməli qaydalar və istisnalar müəyyən edilirdi ki, bunların sayəsində müştəri heç bir halda ödəniş ala bilmirdi. Məsələn, bir qədər əvvəl bir sığorta müqaviləsinə rast gəldim. Bir nəfər bankdan kredit götürmək üçün torpaq sahəsini girov qoymuşdu. Və həmin torpaq sahəsi sığortalanmışdı. Sığorta şəhadətnaməsinə əsasən, boş torpaq sahəsini ...ildırım vurması, meteorit düşməsi və bunun nəticəsində torpaq sahəsinin məhv olması kimi risklərdən sığortalamışdılar. Bunun müqabilində də xeyli sığorta haqqı alınmışdı. İndi düşünün, boş torpaq sahəsi necə məhv ola bilər? Onun üçün hansı risk ola bilər? Bu, sadəcə gülməli hal idi və belə hallar çox idi”.
X.Məmmədxanlı deyib ki, bəzən belə hallara şirkətlərin rəhbərliyi özləri şərait yaradıb: “Bazarda elə dövrlər var idi ki, sığorta şirkətləri öz işçiləri üçün xüsusi bonus sistemi yaratmışdı. Yəni bu mütəxəssislər hər etiraz etdikləri və ya hər imtina yazdıqları müştəriyə görə, imtina etdikləri məbləğin müəyyən faizi miqdarında mükafat alırdılar. Nəticədə həmin mütəxəssislər çalışırdılar ki, nə yolla olur-olsun, müştəriyə ödənişdən imtina etsinlər”. Ekspert bildirir ki, həmin şirkətlər indi də fəaliyyət göstərir, özü də tanınmış şirkətlərdir.
Mütəxəssis qeyd edib ki, son illər sığorta şirkətlərinin müştərilərə qarşı münasibəti köklü surətdə dəyişib. Yəni şirkətlər artıq başa düşüblər ki, müştərilər onları yox, onlar müştəriləri axtarmalıdırlar. X.Məmmədxanlının fikrincə, burada mətbuatın, müstəqil ekspertlərin, maarifləndirici orqanların, nəzarət qurumlarının, Azərbaycan Sığortaçılar Assosiasiyasının da böyük rolu olub: “Yəni insanlar öz hüquqlarını yaxşı başa düşdükcə, daha tələbkar olurlar. Və bu da sığorta şirkətlərini məcbur edir ki, onlar müştərilərə qarşı münasibətlərini dəyişsinlər. Amma müştərilərin aldadılması və ya onların məlumatsızlığından sui-istifadə halları indi də var. Doğrudur, əvvəlki qədər deyil, amma yenə də mövcuddur”.
“Hazırda müştərilər ən çox hansı formada aldadılırlar?” sualına da ekspertin cavabı maraqlı olub: “Sığorta şirkətləri müştəriləri ən çox müqavilə bağlananda aldadırlar. Yəni bir çox hallarda müqavilənin bəzi müddəaları ya gizlədilir, ya müştəriyə izah edilmir. Ya da həmin müddəalar müştəriyə elə bir şəkildə izah edilir ki, o bunu qəbul edir, amma yazıda başqa məna əksini tapır. Yəni “söz uçar, yazı qalar” prinsipi əsas götürülür”.
Ekspert bildirib ki, bir çox şirkətlərin sığorta müqavilələrində çox mühüm şərtlər kiçik şriftlə yazılır ki, müştəri oxuya bilməsin: “Müştəri bunu görmür və ya diqqət yetirmir. Bunlar hansı hallardır? Hadisə barədə məlumat verilməsi, avtomobili sürmək hüququ olan şəxslər barədə və ya avtomobil 21 yaşdan aşağı sürücülər tərəfindən sürüləndə nə baş verir (bu zaman əlavə franşizalar tətbiq edilir) və s. Məsələn, avtomobil sığortalanır və müqavilədə kiçik bir şriftlə yazılır ki, avtomobili sürən şəxsin yaşı 21-dən az olsa, o, qəza törədəndə franşiza məbləği artacaq. Sabahı gün onun 20 yaşlı oğlu tərəfindən hadisə törədiləndə və o, ödəniş üçün sığorta şirkətinə gələndə, sığorta şirkəti həmin şərti göstərir ki, axı müqavilədə yazılıb ki, sürücünün yaşı 20-dən aşağı olanda franşiza məbləği 25% artacaq. Belə şriftləri oxumaq üçün isə bəzən lupa lazımdır”.
X.Məmmədxanlı daha çox sığorta predmeti olan avtomobil qəzaları zamanı avtomobil sahiblərinin ən çox rastlaşdığı aldatma halları barədə də danışıb. Onun sözlərinə görə, bu mənada rastlaşdığı ən maraqlı və ən çox rast gəlinən aldatma halları avtomobil sahibinin özünün adının sürücülərin siyahısına daxil edilməməsidir: “Yəni vətəndaş avtomobilini sığorta etdirir. O, avtomobilin sahibidir - maşın ona məxsusdur, sığorta müqaviləsini o imzalayır, sığorta ödənişini də o edir. Amma müqavilədə avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısına onun adını daxil etmirlər. Sabah sığortalının özü sükan arxasında hadisə törədəndə sığorta şirkəti ona bildirir ki, ödəniş olmayacaq. Çünki sənin adın avtomobili sürməyə hüququ olanlar siyahısında yoxdur. Halbuki, qeyd etdiyimi kimi, bu adam avtomobilin sahibidir. Onun adının ayrıca qeyd edilməsi vacib deyil, çünki bu, avtomatik belə olmalıdır. Amma bir çox şirkətlər bu nüansdan istifadə edərək, xüsusən də, qanundakı “müqavilədə başqa cür nəzərdə tutulmayıbsa” ifadəsindən sui-istifadə edərək müştəriyə ödənişdən imtina etməyə çalışırlar. Halbuki bu, tamamilə qanunsuzdur”.
Ekspert “Qəzaya uğramış avtomobilin hadisə yerindən kənarlaşdırılması da sığorta ödənişinin verilməməsi üçün əsas ola bilərmi?” sualına cavabında bildirib ki, buna sırf hüquqi baxımından yanaşanda, qanunvericilikdə, daha dəqiqi, Mülki Məcəllədə belə bir müddəa var: sığortalı zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün mümkün olan bütün ağlabatan tədbirləri görməlidir, əgər müştəri bu tədbiri görməzsə, sığorta şirkəti ödənişdən imtina etmək hüququna malikdir: “İndi isə belə bir vəziyyət təsəvvür edin ki, qəza baş verib, maşının bir tərəfinə, məsələn, 500 manatlıq ziyan dəyib. Qəza şosse yolunda baş verib, ətrafda maşınlar şütüyür və müştəri başa düşür ki, hələlik zərər böyük deyil, amma maşın burda qalsa, ona dəyə biləcək ikinci maşın zərərin məbləğini ikiqat artıracaq. Bu isə Mülki Məcəllənin yuxarıda xatırlatdığımız maddəsinə görə, sığorta şirkətinin ödənişdən imtina etməsinə səbəb ola bilər. Bunu nəzərə alan müştəri maşını kənara çəkir. Nəticədə belə bir mübahisə yaranır: sığorta şirkəti müştərini maşını yerindən tərpətməkdə günahlandırır, çünki müqavilədə yazılıb ki, sığorta eksperti gələnədək maşın tərpənməməlidir, müştəri isə bildirir ki, tərpətməsəydi, ziyan daha böyük olacaqdı. Hüquqi baxımdan hər iki tərəf haqlıdır. Buna görə də belə vəziyyətə xoş niyyət prinsipi ilə yanaşmaq lazımdır. Yəni həqiqətən də məlum olsa ki, müştəri maşını yalnız təhlükəsizlik məqsədilə çıxarıb, sığorta şirkəti belə bəhanələrlə müştərini incitməməli və ödəniş verməlidir”.
Həbibə ABDULLA
banner

Oxşar Xəbərlər