Əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub
Asiya İnkişaf
Bankının (AİB) yeni Ölkə Tərəfdaşlıq Strategiyası çərçivəsində bu təşkilatla əmək,
məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları
mövcuddur. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AİB-in
Bakı ofisinin rəhbəri Nəriman Mannapbekov ilə nazirlikdə keçirilən görüşdə bildirib. S.Babayev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən
əmək münasibətləri, məşğulluq, sosial müdafiə və təminat sahələri üzrə xidmətlərin
innovativ həllərin tətbiqi şəraitində vahid platformadan tam şəffaf, sadə və əlçatan
prosedurlarla təqdim edilməsi üçün aparılan islahatlar barədə məlumat verib. O,
həmçinin sosial təminat, o cümlədən pensiya təyinatı sisteminin elektron
infrastruktur üzərində təkmilləşdirilməsi üçün atılan addımları diqqətə
çatdırıb.
Nazir AİB-lə
2014-2018-ci illər üzrə "Ölkə tərəfdaşlıq strategiyası” çərçivəsində əməkdaşlıq
təcrübəsindən, həmçinin "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial
müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsindən bəhs edib. S.Babayev layihənin,
habelə Təşkilatın Ölkə
üzrə Diaqnostik Təhlilin hazırlanması ilə bağlı artıq yekunlaşmaqda olan işlərin
önəmini qeyd edib.
N.Mannapbekov Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi tərəfindən aparılan islahatları maraqla izlədiklərini və bu
islahatların təqdirəlayiq olduğunu, birgə işlərin daha geniş müstəvidə davam
etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş AİB-lə əmək, məşğulluq, sosial
müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi ilə
davam edib.