Elektronlaşan biznes
Ekspertlər hesab edirlər ki, 2021-ci ildə ölkəmizdə
elektron biznesin inkişafı ilə bağlı ciddi nailiyyətlər əldə ediləcək
Azərbaycan
2021-ci ildə elektron biznesi genişləndirməyi hədəfləyir. Bu barədəİqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
direktor əvəzi Arzu Hüseynova deyib. Onun sözlərinə görə, 2021-ci ildə Azərbaycanın
sosial-iqtisadi siyasətinin əsas prioriteti COVID-19 pandemiyasından təsirlənən
ölkə iqtisadiyyatının bərpası olacaq. "COVID-19 pandemiyasının təsiri
artıq iqtisadiyyatın müxtəlif sahələrində dəyişikliklərə səbəb olduğundan,
2021-ci ildə iqtisadiyyatda informasiya və rabitə texnologiyalarının rolunun
artacağını gözləyirik" - A.Hüseynova qeyd edib.
Mütəxəssisin
vurğuladığı kimi, Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetləri həm
müvafiq dövlət proqramlarında, həm də strateji yol xəritələrində öz əksini tapıb.
Onun sözlərinə görə, qeyd olunan istiqamətin inkişafı 2021-ci ildə də davam edəcək.
İxtisaslı kadrların hazırlanması mövzusuna toxunan icraçı direktor, ölkədə mütəxəssislərin
hazırlanması üçün vaxtaşırı böyük işlərin görüldüyünü vurğulayıb. Maraqlıdır,
qoyulan hədəfə çatmaq üçün hansı addımlar atılmalıdır, elektron biznesin genişlənməsi
bizə nə verəcək, hansı müsbət və mənfi nəticələri ola bilər?
İqtisadçı Pərviz Heydərovun sözlərinə görə, iqtisadiyyatın elektronlaşması
strategiyası əvvəldən vardı, sadəcə, pandemiya bu istiqamətdə atılacaq
addımları tezləşdirib: "Ümumiyyətlə, son dönəmlər iqtisadiyyatın ayrı-ayrı sahələrində
informasiya texnologiyalarından istifadə etmək, yararlanmaq ənənəsi bir müddət əvvəldən
başlanıb. Sadəcə olaraq, pandemiya şəraiti nəinki Azərbaycan, bütün dünya
iqtisadiyyatı üçün bu məsələnin daha tez həll olunmasının vacib olduğunu göstərdi.
Hətta, pandemiyanın yayıldığı, yəni aprel, may, iyun ayları ərzində elektron
vasitələrdən istifadə üzrə statistikaya nəzər yetirsək, qeyri-nağd ödənişlərin
hansı səviyyədə genişləndiyinin şahidi olarıq. Amma biznesin elektronlaşması,
sadəcə, ödənişlərin nağdsız aparılması deyil. Bu, ümumiyyətlə, iqtisadiyyatda
bütün fəaliyyət sahələrinin işində elektron vasitələrdən istifadənin genişləndirilməsini
özündə ehtiva edir. Əvvəldə də qeyd etdiyim kimi, bu məsələ pandemiyadan da əvvəl
nəzərdə tutulduğu üçün belə bir strategiya var idi. Sadəcə olaraq,
koronavirusun yayılması ilə bağlı yaranmış vəziyyət bu istiqamətdə atılması gərəkən
addımların daha tez bir şəkildə reallaşması zərurətini yaratdı. Hesab edirəm
ki, 2021-ci ildə həqiqətən də Azərbaycanın sosial-iqtisadi siyasətində elektron
biznesin inkişafı ilə bağlı ciddi nailiyyətlər əldə edəcəyik”.
İqtisadçı Turab Rzayev post-pandemiya dönəmi üçün hansısa iqtisadi,
sosial planın olmasını sevindirici hal olduğunu bildirir: "Çünki bizdə, adətən
iqtisadiyyatda orta və ya uzunmüddətli planlaşdırılma ilə bağlı boşluqlar olub.
Təbii ki, elektron biznesə keçid əhəmiyyətli addımdır. Amma bu, elə də asan
başa gələcək iş deyil. Bunun üçün uyğun baza olmalıdır. İlk olaraq bu suala
cavab tapmaq lazımdır ki, elektronlaşma biznesin hansı sahələrinə aid ediləcək?
Çünki elektron iqtisadiyyatın inkişaf etdiyi ölkələrdə bunun bir texnoloji elmi
bazası var. Həmin baza vasitəsilə yeni texnoloji vasitələrdən istifadə olunur.
İkinci məsələ isə iqtisadiyyatın özünün bu tətbiqə hazır olmasıdır. Yəni
iqtisadiyyatda yeni elektron vasitələrdən istifadəyə tələbat yaranmalıdır.
Açığı, iqtisadiyyatımızın bu keçidə tam hazır olduğunu düşünmürəm. Yəni biznesdə
elektron vasitələrin tətbiqi uğurlu başlanğıc ola bilər, amma tam istifadə üçün
hələ tezdir”.
"Hazırda
dünyada süni intellektə maraq yaranıb” deyən iqtisadçı qeyd edir ki, bizdə də
süni intellektin tətbiq oluna biləcəyi sahələr seçilə və bu istiqamətdə inkişaf
etdirilə bilər: "Qonşu ölkələr üçün süni intellektlə çalışacaq vasitələrin
istehsal olunacağı bir xab yaratmaq olar. Digər bir addım isə regional internet
xabın yaradılmasıdır. Necə ki, MDB ölkələrindən olan Estoniyada bu təcrübə
artıq var. Elə bir xab ki, orada yeni texnoloji proqramlar hazırlanacaq,
texnoloji yeniliklər tətbiq ediləcək, biznes inkubatorları olacaq. Bütün
bunları həyata keçirmək üçün bizim texnoloji bazaya ehtiyacımız var. İndiki vəziyyətdə
sadəcə elektron biznesə keçidi stimullaşdıra bilərik. Digər tərəfdən hazırda
mövcud vəziyyətlə bağlı bir çox xidmət sahəsi onsuz da elektonlaşmaya keçid
edib. Sadəcə bunu bir az da genişləndirmək üçün baza formalaşdırmalıyıq”.
T.
Rzayev elektronlaşmanın müsbət və mənfi tərəflərindən də danışdı: "Elekton
iqtisadiyyatın gətirəcəyi üstünlük, xərcləri aşağı salmasıdır. Yəni insanlar
elektron xidmətə keçəndə obeykt üçün verdikləri yer pulu, kommunal xərclər
olmur, bu da istənilən halda sərfiyyatın aşağı olması ilə nəticələnir. Bu,
alıcı tərəf üçün də sərfəlidir. İstehlakçı mağazaya getmədən istədiyi əşyanı
sifariş verir və vaxtına qənaət etmiş olur. Hazırda dünya təcrübəsinə baxsaq,
görərik ki, bir çox məşhur satış obyektlərinin heç realda mağazası yoxdur, sadəcə
internet üzərindən xidmət göstərir. Düşünürəm ki, bu, növbəti mərhələdə Azərbaycanda da genişlənəcək. Biznesin
elektronlaşması həm də kölgə iqtisadiyyatının aradan qaldırılmasına xidmət
edir. Nağdsız ödənişlərin genişlənməsi İqtisadiyyat Nazirliyinin kölgə
iqtisadiyyatından çıxma vasitələrindən biridir. Lakin elektron iqtisadiyyatın əks
effekti isə iş yerlərinin azalması ola bilər. Çünki onlayn şəkildə fəaliyyət
göstərən mağazalarda satıcılara və digər işçilərə ehtiyac olmayacaq”.
Azərbaycan İnternet Forumunun prezidenti Osman
Gündüz deyir ki,
pandemiya dünyada rəqəmsallaşmanı xeyli stimullaşdırdı, yəni bu dövrdə rəqəmsal
mühit xeyli canlandı: "Bizim vətəndaşlarımızın xaricdən onlayn məhsul sifariş
verməsi də son dövrlərdə xeyli canlandı. İndiyə qədər insanların böyük əksəriyyəti
xarici ölkələrdən, daha çox da Türkiyədən məhsul sifariş edirdi. Türkiyədən
alış həcmi artıq milyon dollarla ölçülürdü və bununla bağlı Azərbaycanda 50-yə
qədər karqo şirkətləri də var idi. Ancaq daxili elektron ticarət, ölkə daxilində
olan mağazaların elektronlaşması və vətəndaşların onlayn alış etməsi yetərincə
inkişaf etməmişdi. Pandemiya dövrndə daxili onlayn ticarət də bir qədər inkişaf
etdi. Artıq ölkə daxilində onlayn alış-veriş və çatdırılma ilə bağlı bir neçə
yeni şirkətlər yaranıb. Bu istiqamətdə bir dinamika var və hesab edirəm ki, bu
sahədə inkişaf davam edəcək”.
Günel
Azadə