• cümə axşamı, 30 yanvar, 03:11
  • Baku Bakı 9°C

Elektron növbə üçün səhər saat 6-da oyanmaq?

18.12.20 20:08 1190
Elektron növbə üçün səhər saat 6-da oyanmaq?
Vətəndaşlar dövlət qurumlarının xidmətlərinin elektronlaşmasının üstünlük qazandırdığını, amma çatışmazlıqlar da olduğunu deyirlər
Mağazada 30 manata köynək bəyəndin və almaq istədin. Yanındakı dostun dedi ki, həmin köynəyi başqa mağazalarda bir az da ucuz qiymətə tapmaq olar. Yarım saat, bir saat başqa mağazaları gəzirsiniz və 24 manata o köynəyi alırsınız. Bu zaman sən qazandın? Əvvəlki əsrləri deyə bilmərəm, amma XXI yüzillikdə itirmiş sayılırsan, vaxtını.

Çünki XXI əsr sürət əsridir, iş çoxdur, vaxt isə getdikcə daha dəyərli olur. Ucuzu mal axtarmağa sərf etdiyin vaxtı dəyərli edə bilərsən. Bu səbəbdən bütün dünyada, eləcə də Azərbaycanda insanların vaxtını alan məsələlərin elektronlaşması tələbi yarandı və getdikcə də artır.

Öz ölkəmizi götürək, insanların vaxtını ən çox alan nə idi? Yəqin ki, hamı dövlət qurumlarının yerində göstərilən xidmətini deyər. "İki kağız parçası üçün niyə 4-5 yerə getməliyəm?” deyənlər çox idi. Bu kimi məsələlər ölkəmizdə də elektronlaşmanı zəruri edib. Məqsəd elektron dövlət qurmaqdır. Elektron dövlətin bir qolu da elektron hökumətin formalaşdırılmasıdır. Elektron hökumətin qurulması üçün isə dövlət qurumlarının təqdim etdikləri xidmətlərdə sürətli şəkildə elektronlaşma gedir. Say etibarilə rəqəmlər böyükdür, bəs keyfiyyət necə, vətəndaşları qane edirmi? Elektron xidmətlərin gətirdiyi üstünlüklər və bu xidmətlərdə qarşılaşdıqları əngəllər nələrdən ibarətdir?

Elektron növbə, 1 saat gözləmək...

Təşkilatçı Nisə Rəhimova deyir ki, vaxta qənaət cəhətdən mümkün qədər bütün xidmətlərin elektron versiyasından yararlanır. Elektron növbə sistemini bəyənir, amma təyin olunan vaxtda xidmət göstərilirsə: "Növbə onlayn deyilsə, bunun üçün xidmət aldığın mərkəzə gedirsən, növbə götürürsən, çox vaxt növbədə nə qədər adam olduğunu bilmədən gözləyirsən ki, sənə nə vaxt xidmət göstəriləcək. Amma onlayn növbədə vaxtını tənzimləyə bilirsən. Sistemdə 15:00 üçün növbə götürürsən, həmin vaxt orda olursan. Ancaq bizdə yazıldığın vaxt xidmət almağın bir az çətin məsələdir. "ASAN xidmət”də 15 dəqiqə əlavə gözləməli oldum. Vergi departamentində isə yazıldığım vaxtdan bir saat gec xidmətə aldılar. Onlayn növbədirsə, göstərilən xidmət üçün dəqiq vaxt hesablanmalı və ona uyğun növbə olmalıdır. Hesablanma ilə işlənsə, xırda nə isə problem olarsa, 5 dəqiqə gecikmə olsun. Amma vətəndaş yarım saat, bir saat gözləyirsə, deməli, işin elektronlaşmasında ciddi problem var”.

N.Rəhimova qeyd etdi ki, növbə götürmək üçün vətəndaş səhər saat 6-da oyanmaq məcburiyyətində qalmamalıdır: "ASAN xidmət”dən onlayn növbə götürmək istəyirsənsə, gərək səhər 6-da durub növbə götürəsən. Çünki günorta sistem çökmüş vəziyyətdə olur. Niyə növbə götürmək üçün tezdən 6-da oyanmalıyam? Əvvəllər hardasa tez xidmət almaq üçün gərək tezdən gedib orda duraydın ki, ofis açılanda, sən ilk sıralarda qəbul edilənlərdən olasan. Bax, ona bənzədi. Deməli, texniki olaraq sistem güclü deyil”.

"Elektron proseslərin icrası gecikir”

"USE Study Group”un rəhbəri Mehman Bədəlzadə deyir ki, əvvəllər elektron xidmətlərdən normal şəkildə istifadə edib, amma pandemiya dövründə elektronlaşmaya tələb yarananda, artıq aldığı xidmətlərdə gecikmə hiss edir: "İşimizlə bağlı mövcud bütün xidmətləri elektron almağa üstünlük vermişik. İşlərimiz Vergilər Nazirliyi, "ASAN xidmət”, Dövlər Sosial Müdafiə Fondu (DSMF) ilə olur. Əvvəllər xidmət normal idi, amma indi pandemiya ilə bağlı elektron xidmət alanların sayı da artıb və elektron proseslərin icrası gecikir. Bir sualın cavabı normal vaxtdan daha gec gəlir. Belə çıxır ki, hamı işini elektron görsə, burda çətinliklər olar”.

"Sən hələ burda qeydiyyatdasan...”

"Üç nöqtə” qəzetinin əməkdaşı Emin Nəbilinin elektron xidmətlərdə bəyəndiyi və çatışmazlıq hiss etdiyi məqamlar var: "Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası "Səlis.az” portalı yaradıb. Mükəmməldir. Əvvəllər kağız formasında idi, uzun-uzadı proses gedirdi. İndi elektronlaşıb, heç yerə getmədən otur kompüterin qarşısında, layihəni, hesabatını təqdim elə, müqaviləni imzala.

Ümumilikdə, elektron xidmətlər deyəndə, ağıla birinci "ASAN xidmət” gəlir. Çünki bu sahədə həqiqətən öndədir. Amma burda da çatışmazlıqlar olur. Məsələn, sən qeydiyyatda olduğun rayonun "ASAN xidmət” mərkəzinə müraciət edib qeydiyyatdan çıxırsan və Bakıdakı "ASAN xidmət” vasitəsilə Bakıda qeydiyyata düşürsən, burda yeni şəxsiyyət vəsiqəsi alırsan. 2-3 il sonra əvvəlki qeydiyyatda olduğun rayonun hansısa bir idarəsindən sənə nəsə müraciət olunur ki, hələ burda qeydiyyatdasan, filan məsələ var. Axı adam "ASAN xidmət” vasitəsilə həmin ünvandan çıxıb. Belə çıxır ki, "ASAN xidmət”in elektron xidmətlərinin digər dövlət qurumları ilə inteqrasiyasında nəsə problem var. Ola bilər ki, əlaqə saxlayan həmin qurumlarda elektron xidmətlər qurulmayıb, ona görə, məlumat onlara çatmır. Amma inteqrasiya hansısa formada olmalıdır. Bəlkə də ciddi problem deyil, amma belə çatışmazlıqlar var”.

"Telefonla daxil olanda, mobil yox...”

"EduOnline.Az” portalının təsisçisi Toğrul Bayramlıdeyir ki, elektron xidməti qəliz edən bəzi məsələlər var, onlar aradan qaldırılsa, yaxşı olar: "Mən daha çox "my.gov.az”, "e-sosial.az”, "e-taxes.gov.az”-dan istifadə edir. "My.gov.az” yeni yaradılanda, bildirildi ki, dövlət qurumları ilə bağlı nə sənədlərin varsa, girib baxa bilərsən. Belə sistemin olması çox yaxşıdır. İstifadə edirəm, amma orda hələ demo versiyadır, yenilənməyib, təkmilləşdirilməyib. Bir də, bu yaxınlarda oxudum ki, eyni parolla bir çox dövlət qurumunun sisteminə daxil olmaq mümkündür. Çünki hamısı "ASAN imza” və "Elektron imza” ilə əlaqəlidir. Bunun özü çox yaxşıdır.
VÖEN-lə bağlı e-taxes.gov.az-dan istifadə edirəm. Vergilərin VÖEN hissəsinə daxil olanda, elə bil "Windows”un ən köhnə versiyasını istifadə edirsən. Dizayn baxımından köhnədir. Telefonla daxil olanda, mobil versiyası açılmalıdır, amma kompüter versiya açılır və istifadə rahat olmur. Daha rahat, yeni dizaynda olsa, yaxşı olar. Bir də qurumların hər birinin tətbiqi olması da, məncə, elektronlaşmaya effektiv təsir edər”.

"Filan sənəd çatmır”

Baş mühasib Sonarə Vəliyevanın sözlərinə görə, hazırda bir neçə dəqiqəmizi alan elektron xidmətləri almaq əvvəllər vətəndaşlara bir neçə günə başa gəlirdi: "DSMF, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) kimi qurumlardan nə isə sənəd lazım olanda, vətəndaş qurumun özünə getməli olurdu. Bəzən bir qurumdan digərinə göndərirdilər. Əvvəllər dövlət qurumlarında savadlı kadrlar az idi və bu da yerində xidmət alanlara böyük problem yaradırdı. Bəzən əməkdaş sualına cavab verə bilmirdi, gedib öyrənib gəlirdi, sən də gözləyirdin. Bir də baxırdın ki, saatlarla vaxtın gedib. Əvvəllər işçi, hamiləliyə görə məzuniyyətə çıxanda, onun sənədləri yığılıb DSMF-yə müraciət edilirdi. Əməkdaş orda nə qədər növbə gözləyirdi, sənədləri təhvil verib gəlirdi. İki gün sonra hansısa savadsız işçi deyirdi ki, burda filan sənəd çatmır. Bizim əməkdaş yenidən başqa sənəd dalınca düşürdü, o sənədi bir qurumdan alıb yenidən ora aparırdı. Bu da məzuniyyət pulunu almağı nə qədər gecikdirirdi. Elektron versiyaya keçədən sonra elektron hökumət portalında hansı sənədlərin lazım olduğu qeyd olunur, ona uyğun, kadr həmin sənədlərin elektron versiyasını yükləyir və xidmətini alır.

Gömrük idxal rüsumu ödəyəndə, yaxud gömrük bəyannaməsi tərtib edəndə, həm gömrük idarəsində çox vaxtın gedirdi, həm də bəyannamənin təsdiqlənməsi gec olurdu. Ödənişlər də gec baş verirdi, məhsulun idxalı prosesi uzanırdı. Amma sonra bu elektronlaşdı, bəyannaməni elektron doldurursan, elektron olaraq təsdiqlənir və sadəcə olaraq məhsulu götürəndə gedirsən”.

"5-6 gün sonra cavab gəlir ki, siz haqlı idiniz”

S.Vəliyeva bildirdi ki, elektron xidmət yerində xidmətdən daha az vaxt aparmalı olduğu halda, əksi də müşahidə olunur: "Vergilər Nazirliyində elektron müraciətlər çox gec icra olunur. Məsələn, Vergilər Nazirliyi borc bildirişi göndərir, sən də cavab verirsən, amma buna baxmayaraq həmin məktubdakı borc sənin hesabından silinir. 5-6 gün sonra cavab gəlir ki, siz haqlı idiniz, həmin məbləğ ödəmə şəklində Şəxsi Hesab Vərəqənizə geri qaytarılacaq. Bu vəsait isə bank hesabından silinən vəsait qədər önəm daşımır. Amma həmin bildiriş gələndə, Vergilər Nazirliyinin özünə birbaşa müraciət edəndə, məsələ daha tez həll olunmuşdu, pul bank hesabından silinməmişdi. Yaxud nazirlikdən borcun olub-olmaması haqqında arayış almaq istəyirsən, elektron müraciət edəndə, 5 iş günü ərzində həyata keçirilməlidir, amma bu müddət bəzən daha çox çəkir. Birbaşa gedəndə, bir-iki günə həll edilir”.

Ən vacib elektron xidmətlərdən biri...

Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin fəaliyyətində elektron xidmətlər xüsusi yer tutur. Birliyin rəhbəri Xahid Vahidoğlu deyir ki, dövlət qurumlarının xidmətinin elektronlaşması vətəndaşların işini xeyli asanlaşdırıb: "Vətəndaşların ən çox müraciət etdiyi və Elektron Hökumət Portalı üzərindən elektron xidmət aldığı sahə arayışlardır. İş yerindən arayış, yaşayış yeri üzrə arayış, şəxsiyyəti təsdiq edən arayış, diplomla bağlı arayış və s. bir çox arayış növləri var ki, onlar çox insana və tez-tez lazım olurdu. Əvvəl bu arayışları almaq üçün vətəndaşlar saatlarla dövlət qurumlarının qarşısında növbə gözləyirdi, bir neçə arayış lazım olurdusa, ayrı-ayrı qurumlara baş çəkməli olurdu. Bu gün onları bir dəqiqəyə telefon və kompüterimizlə istifadə edə bilərik. Ən vacib elektron xidmətlərdən biri DSMF-yə ödəmələr ilə bağlıdır. Hansısa qayda pozmuşuqsa, bunu elektron formada öyrənə bilirik. İki ildir ki, my.gov.az saytı yaradılıb. Bu portal üzərindən vətəndaşlar özləri ilə bağlı məlumatlarla tanış olmaq, müvafiq çatışmazlıqlar gördükdə, aradan qaldırılması ilə bağlı elektron müraciət etmək, etibarnamələri elektron vermək hüququna malikdir. Bu gün həyatımızı asanlaşdıran 443 xidməti elektron ala bilirik. Bu, bizə vaxta qənaət imkanı yaradır, bürokratik əngəllərdən, rüşvət korrupsiya kimi neqativ hallardan qoruyur”.

"Birinin verdiyi elektron sənədi o biri qəbul etmir”

X.Vahidoğlu deyir ki, elektron xidmətlərlə bağlı vətəndaşları qane etməyən məsələlər də çoxdur: "Birincisi, elektron xidmətlərin çoxu informativdir. 2003-cü ildən elektronlaşma istiqamətində işlərə başlanıb, 17 il keçib. Bu müddətdə xeyli məsafə qət etmək olardı. Biz o məsafəni bu gün tam qət etdiyimizi deyə bilmərik. Dövlət qurumları elektron xidmətləri istifadəyə verdiyini deyir, amma bu xidmətlərin bir çoxu informativdir, interaktiv formada xidmət ala bilmirik.

İkincisi, bir dövlət qurumunun verdiyi elektron sənədin digər dövlət qurumlarında qəbul edilməməsi halları var. Hələ də bizdə sarı kağızlarla işləyən məmurlar var. Elektron arayış təqdim etdikdə belə, vətəndaşdan tələb edirlər ki, aparın möhür vurdurun. Bunlar hər ikisi dövləti təmsil edirlər və amma birinin verdiyi elektron sənədi o biri qəbul etmir.

Üçüncüsü, dövlət qurumları arasında inteqrasiyanın olmamağıdır. Bir dövlət qurumunun digər dövlət qurumun məlumat bazasına çıxışı yoxdur. Bu da ona səbəb olur ki, dövlət qurumundan sənədi elektron alsaq belə, digər dövlət qurumuna əl ilə aparıb təhvil verməli oluruq. Çünki həmin qurum digər dövlət qurumunun informasiya bazasından o sənədi götürə bilmir. Deyilənə görə, bu istiqamətdə iş aparılır, amma hələ də başa çatmayıb.

Dördüncüsü, vətəndaş elektron müraciət edəndə, sənədi də elektron ala bilmədiyi hallar da var. Məsələn, Ədliyyə Nazirliyinin (ola bilər ki digər dövlət qurumlarında da belə hallar var) həyata keçirdiyi bir sıra xidmətlər var ki, vətəndaş sənədi almaq üçün elektron müraciət edir, amma sənədi ya gedib poçtdan götürməlidir, ya da qurumun özündən. Elektron müraciət edilirsə, elektron da verilə bilər.

Məhz bu kimi hallar ona gətirib çıxarır ki, vətəndaş elektron xidmətə deyil, qurumun ofisinə gedib birbaşa xidmət almağa üstünlük verir. Bu da elektronlaşma prosesini əngəlləyən səbəblərdir. Biz insanları elektronlaşmaya öyrətmək istəyiriksə, bu kimi maneələri aradan qaldırmalıyıq”.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər