• şənbə, 27 Aprel, 08:57
  • Baku Bakı 12°C

Elektromobillərin ƏDV-dən azad olunması müsbət qarşılanır

27.12.18 09:30 1337
Elektromobillərin ƏDV-dən azad olunması müsbət qarşılanır
Ölkə prezidentinin təsdiqlədiyi və 2019-cu ildən qüvvəyə minəcək Vergi Məcəlləsinə dəyişikliklərdə bir neçə maraqlı məqam var. Oxu.Azxəbər verir ki, ƏDV-nin differensiallaşması ilə bağlı artıq ilk addım atılıb və elektriklə işləyən avtomobillər ƏDV-dən azad olunub.Belə ki, millət vəkiliTahir Mirkişlinin verdiyi məlumata görə, 2019-cu ildən etibarən Azərbaycana elektrik avtomobillərinin idxalı ƏDV-dən azad edilib. Bununla yanaşı, elektrik avtomobili idxal edərkən indi yalnız avtomobilin dəyərinin 15 faizi həcmində rüsum ödəmək lazım olacaq.

Bəs görəsən qərar maşın bazarına necə təsir edəcək? Ümumiyyətlə, elektromobillərin ƏDV-dən azad olunması qərarı ölkəmizdə onlara olan marağı artıra bilərmi?

"Sirena Motors”un marketinq departamentinin rəhbəri Eyyub Əliyev deyir ki, qərar qiymətlərin az da olsa ucuzlaşmasına səbəb ola bilər: "Azərbaycan neft ölkəsi olduğuna görə, bu günə kimi elektromobillərə maraq bir o qədər yüksək olmayıb. Amma şirkət olaraq biz də 2020-ci ildən sonra ölkəyə elektromobil gətirmək haqqında düşünürük. Çünki elektriklə işləyən maşınlar ekologiyanın qorunması baxımından çox vacibdir. Elektrik avtomobillərinin ƏDV-dən azad olunması bu mənada çox müsbət haldır. Düşünürəm ki, bu qərar elektromobillərin qiymətinə də müəyyən mənada təsir edəcək. Hal-hazırda bu nəqliyyat vasitələrinin qiyməti çox bahadır. Onları ölkəyə gətirmək özü böyük xərc tələb edir. Ən aşağı parametrlərə malik olan elektromobillərin qiyməti təxminən 60 min manata yaxındır. Əslində, bu qiymətin yarısına yanacaqla işləyən başqa avtomobil almaq mümkündür. Qiymətlərin bu qədər baha olmasının əsas səbəblərindən biri də gömrük rüsumlarının çox yüksək olmasıdır. İndi elektromobillərin ƏDV-dən azad olunması haqqında qərar elektromobillərin qiymətinin nisbətən ucuzlaşmasına səbəb ola bilər. Hesab edirəm ki, qiymətlər təqribən 20-25 faizə qədər aşağı düşə bilər. Amma ümumilikdə maşın bazarında elektromobillərə birdən-birə marağın artacağını da gözləmək olmaz. Çünki qeyd etdiyim kimi, hazırda bir elektromobilin qiymətinə iki yanacaqla işləyən avtomobil almaq mümkündür. İnsanlar düşünür ki, bu qədər baha qiymətə maşın almağa dəyməz. Adətən elektriklə çalışan nəqliyyat vasitələrinə dünyagörüşü yüksək olan insanlar üstünlük verir. Düşünürəm ki, müəyyən bir müddətdən sonra elektromobillər bazarda öz yerini tuta biləcək. Gələcəkdə maşın almaq istəyənlərin 30-35 faizi elektromobillərə üstünlük verəcək. Bunun üçün isə bir qədər vaxt lazımdır”.

İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, belə bir qərarın verilməsi müsbət hal kimi qiymətləndirilməlidir: "Qərarın Azərbaycana elektromobillərin gətirilməsini təşviq edəcəyini düşünürəm. Çünki bu qərar ölkəyə benzinlə deyil, elektriklə işləyən nəqliyyat vasitələrinin gətirilməsini təşviq etmək məqsədilə verilib. Məqsəd bu sahədə stimullaşdırıcı tədbirləri artırmaqdır. Amma yaxın zamanlarda Azərbaycana gətirilən elektromobillərin sayının kəskin artacağını gözləmək olmaz. Çünki ölkəmizdə elektrik avtomobillərinin xidməti hələlik tam formalaşmayıb. Elektromobilləri ölkəyə idxal etmək mümkün olsa da, hələlik onların regionlarda servis mərkəzləri yoxdur. Eyni zamanda, ölkəmizdə elektrik avtomobillərdən istifadə ənənəsi də formalaşmayıb. Bütün bunları nəzərə alsaq demək olar ki, elektromobillərin ƏDV-dən azad olunması haqda verilən qərar müsbət məqamdır. Gələcəkdə elektromobillərə marağın artması proqnoz edilir. Bu mənada bu tip avtomobillərin ölkəmizə gətirilməsi daha da sürətlənə bilər. Amma qısa müddət ərzində Azərbaycan avtomobil parkında elektriklə işləyən avtomobillərin sayının kəskin artacağını söyləmək düzgün olmaz. Hesab etmirəm ki, bu qərar ümumi qiymətlərə bu və ya digər dərəcədə təsir etsin. Qeyd etdiyim kimi, Azərbaycanda bu tip avtomobillərin sayı çox deyil”.

Millət vəkili Azər Badamov söylədi ki, bu qərar dünyada gedən proseslərin bir tərkib hissəsidir: "Hal-hazırda ekologiyanı qorumaq ən böyük məsələlərdən biridir. Bu mənada elektrik avtomobillərin istehsalı və istifadəsinə böyük önəm verilir. Artıq Avropada yanacaqla işləyən avtomobillərə qadağa qoyulacağı haqda xəbərlər var. Gələcəkdə elektromobillərə keçidlə bağlı indidən ciddi addımlar atılır. Belə bir şəraitdə Azərbaycanın Vergi Məcəlləsinə edilən bu dəyişiklik vaxtında atılan addım kimi qiymətləndirilə bilər. Elektromobillərin ƏDV-dən azad edilməsi və onların idxal rüsumlarına müəyyən güzəştlərin tətbiq edilməsi Azərbaycanın ekologiyanın qorunmasında maraqlı olduğunu göstərir. Bildiyiniz kimi, yanacaqla işləyən avtomobillər ekologiyanın ən böyük düşmənlərindən hesab olunur. Atmosferdə zəhərli qazların çoxalması adekvat addımların atılmasını tələb edir. Hesab edirəm ki, elektromobillərin ƏDV-dən azad edilməsi maşın bazarında da yeni tendensiya formalaşdıracaq. Çünki elektrik avtomobillərinin vergidən azad olunması və onların idxal rüsumlarına müəyyən güzəştlər tətbiq edilməsi onların daha ucuz qiymətə idxal olunmasına şərait yaradacaq. Ümumilikdə götürdükdə, elektromobillərdən istifadə vətəndaşlar üçün daha səmərəlidir. Çünki yanacaq xərcləri azalacaq. Bu mənada verilən qərarı bir millət vəkili və vətəndaş olaraq çox yüksək qiymətləndirirəm”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər