• çərşənbə axşamı, 01 iyul, 20:47
  • Baku Bakı 30°C

Əhalinin sosial rifah halını yaxşılaşdıracaq növbəti addım

01.05.19 20:02 912
Əhalinin sosial rifah halını yaxşılaşdıracaq növbəti addım
Əhalinin istehlak etdiyi mavi yanacağın güzəştli tariflərlə istehlak limiti Tarif Şurasının qərarı ilə dəyişdirilib. Aprelin 30-da bu barədə məlumat verən Tarif Şurasının sədri, iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, qazın aşağı tariflə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb:
"Müvafiq qərar Tarif Şurasının iclasında qəbul edilib. Bu günədək istehlak həcmi 1700 kubmetr olan tarifdən 1,5 milyon abonent və ya 6 milyon nəfər istifadə edirdi. Mövcud qərara əsasən, əlavə olaraq, 300 min abonent (1,2 milyondan çox vətəndaş) istifadə edəcək. Beləliklə, təbii qazı yalnız aşağı tariflə istehlak edən əhali abonentlərin xüsusi çəkisi 70 faizdən 85 faizə yüksələcək”.
Onu da qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qazın limiti ilə bağlı məsələyə yenidən baxılması üçün müvafiq tapşırıqlarını vermişdi. Bundan sonra Tarif Şurası mavi yanacağın güzəştli tariflərlə istehlak limitinin artırılması ilə bağlı qərar qəbil edib.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, bu gün dövlət siyasətinin təməlində Azərbaycan vətəndaşının rifahının yüksəldilməsi dayanır: "Son vaxtlar icra olunan böyük sosial proqramlar da bunun bariz göstəricisidir və əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün atılan addımlardır. Aprelin 30-da Tarif Şurasının qərarı ilə qaz limitinin 500 kubmetr artırılması da əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəlik bir addım idi. Artıq may ayının 1-dən başlayaraq əhalinin istehlak etdiyi qazın limiti 1700 kubmetrdən 2200 kubmetrə çatdırılıb. Hesab edirəm ki, bu məhz insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət edən addımdır”.
A.Badamov əlavə etdi ki, bu gün əhali qrupu üçün tətbiq edilən mavi yanacağın tarifi bir çox dünya ölkələri ilə müqayisədə aşağıdır: "Hesab edirəm ki, dövlət tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün mütəmadi olaraq bu kimi işlər davam etdiriləcək. Onu da qeyd edim ki, qaz limitinin artırılması indiki halda ölkə əhalisinin 85 faizinə öz müsbət təsirini göstərəcək. Məsələyə bu tərəfdən yanaşsaq, onu deyə bilərəm ki, bu, vətəndaşların sosial rifah halına müsbət təsir göstərəcək bir addımdır. Gələcəkdə davamlı olaraq belə addımların atılması da gözləniləndir. Dövlət başçısının da qeyd etdiyi kimi, ölkəmizdə sosial rifahın yaxşılaşdırılması istiqamətində islahatlar davamlı, ardıcıl olacaq və mütəmadi təkrarlanacaq”.
İqtisadçı alim Mahir Zeynalov bildirdi ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif Şurasının mayın 1-dən mavi yanacağın qiymətinə tətbiq edilən limitin dəyişdirilməsi haqqında qərarı istehlakçıların, xüsusən də əhalinin xeyrinə atılmış mühüm addımdır: "Belə ki, illik qaz sərfiyyatı üzrə limitin 1700 kubmetrdən 2200 kubmetrədək artırılması o deməkdir ki, istehlakçılar bu qədər qazın hər kubmetri üçün 10 qəpik ödəyəcəklər. Əgər il ərzində 170 manatlıq həcmində qazın qiyməti 10 qəpiklə ödənirdisə, mayın 1-dən 50 manat da artırılaraq bu rəqəm 220 manata yüksəldildi. 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 kubmetrə qədər, 29,76 faizi isə 1700 kubmetrdən çox qaz istehlak edib. Son dəyişiklikdən sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizini əhatə edəcək”.
M.Zeynalov təkliflə çıxış edərək bildirdi ki, dağlıq və dağətəyi rayonlarda, kənd yerlərində qaz limitinin illik 3000 kubmetrədək artırılması və yaxud ləğvi daha məqsədəuyğun olardı: "Çünki dağlıq rayonlarda soyuq günlərin sayı daha çoxdur, əhali limitdən artıq qaz işlətməmək üçün meşələri, həyətlərindəki ağacları qırıb odun kimi istifadə edir. Hətta şimal rayonlarında elə kəndlər var ki, mavi yanacaq olsa da, yerli əhalinin yarısı ödəmə qabiliyyəti aşağı olduğu üçün qazdan istifadə etmir. Bu baxımdan, regionlar üzrə diferensiallaşdırılmış güzəştli tariflərin tətbiqi həm əhali üçün, həm də regionların inkişafı baxımdan səmərəli ola bilər.
Nəzərə alsaq ki, Azərbaycanda hər il qaz hasilatı artır, daxili bazarda artıq müvafiq qaz infrastrukturu formalaşdırılıb, ölkənin 95 faizi qazlaşdırılıb, o zaman limitsiz tariflərlə regionlarda satışın həcmini artırmaqla gəlirləri yüksəltmək olar. Yəni, daxili bazarda mavi yanacağın satışı üzrə istehlakçıları əhatə etmə dairəsini genişləndirməklə, başqa sözlə yüz faizə çatdırmaqla satışdan gələn gəlirləri də artırmaq mümkündür. 2018-ci ildə əhali 3 milyard kubmetrə yaxın təbii qaz istehlak edib. Tarif Şurasının son qərarından - illik qaz sərfiyyatı üzrə limitin 1700 kubmetrdən 2200 kubmetrədək artırılmasından sonra 2019-cu ildə əhali tərəfindən istehlak olunan qazın həcminin artacağını proqnozlaşdırmaq olar. Çünki həm limitdən istifadə edən istehlakçıların sayı, həm də ona müvafiq olaraq mavi yanacaqdan istifadə və qaz sərfiyyatı 15-20 faiz artacaq”.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) hazırladığı mavi qazın qiymətinə tətbiq edilən limitin dəyişdirilməsinin iqtisadi əsaslandırmasını hökumətə təqdim edildikdən sonra bir sıra dövlət qurumlarından, o cümlədən SOCAR-dan əsaslandırmaya dair rəylər daxil oldu: "Aprelin 30-da isə Azərbaycan Prezidentinin tapşırığı ilə Tarif Şurası bu məsələni müzakirə edərək limitin 1700 kubmetrdən 2200 kubmetrədək artırılması barədə qərar qəbul etdi. Bu o deməkdir ki, vətəndaşlarımız il ərzində 2200 kubmetrədək qazın hər kubmetri üçün 10 qəpik ödəyəcək”.
V.Bayramov əlavə etdi ki, SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib: "2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 mininin illik istehlakı 1700 kubmetrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. SOCAR-ın hesablamalarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kubmetrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək, şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq.

Qərar dünəndən qüvvəyə mindiyi üçün güzəşt vətəndaşların limitinə əlavə olunacaq. Hətta limiti artıq istifadə edənlər də əlavə 500 kubmetr güzəşt əldə edə biləcəklər.
Təbii qazın qiymətinə tətbiq edilən güzəştin artırılması birmənalı olaraq müsbət haldır. CESD-in hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq bu limitə yenidən baxılması və güzəştin daha da artırılmasını məqsədəuyğun hesab edirik”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər