AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Döyüşən əsgər arxa cəbhədə ailəsindən nigaran qalmamalıdır”

“Döyüşən əsgər arxa cəbhədə ailəsindən nigaran qalmamalıdır”

Cəmiyyət
31 Oktyabr 2020, 14:00 859

Bu gün hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun qaydalara elan etməsi cəbhədə vuruşan əsgərlərimizin sağlamlığı üçündür

Son statistikaya görə, Azərbaycanda koronavirusa yoluxma rekord həddə çatıb. Oktyabrın 28-də 988, 29 oktyabrda isə 1015 yeni yoluxma faktı qeydə alınıb. Pandemiyanın qarşısının alınması məqsədi ilə Nazirlər Kabinetinin qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddəti dekabrın 1-i saat 06:00-dək uzadılıb. Əgər yoluxma artan tendensiya ilə davam etsə, karantin rejiminin sərtləşdirilməsi gözlənilir. Bəs müharibə dövründə sərt karantin, qapanma hansı problemləri yarada bilər? Nə etməliyik?

"Kim təminat verə bilər ki əsgərlərimiz yoluxmayacaq?”

Deputat Elman Nəsirov deyir ki, müharibə şəraitində pandemiya ilə mübarizə aparmaq böyük məsuliyyət tələb edir: "Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan iki cəbhədə müharibə aparır. Birinci cəbhə Ermənistanla olan cəbhədir və burada Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ali Baş Komandamızın rəhbərliyi altında düşmənə sarsıldıcı və ölümcül zərbələr endirir. Bu cəbhədə qələbə bayrağımızın qaldırmasını və işğalda olan bütün torpaqlarımızın qaytarılmasını biz böyük səbirsizliklə gözləyirik. İkinci cəbhə isə COVID-19 pandemiyası ilə bağlıdır və müharibə dövrünün reallıqları fonunda pandemiya ilə mübarizə  artıq yeni bir məzmun kəsb edir. Biri var müharibə olmasın və dövlət pandemiya ilə mübarizə aparsın bu zaman işimiz asanlaşır. Lakin real döyüşlərin, hərbi əməliyyatların baş verdiyi bir vəziyyətdə pandemiya ilə mübarizə aparmaq tam başqa bir məsələdir. İndiki vəziyyət daha böyük məsuliyyət tələb edir. Məsələ ondadır ki, pandemiyanın qarşısı lazımı səviyyədə alınmasa və onunla mübarizə səmərəli təşkil edilməsə, kim təminat verə bilər ki əsgərlərimiz yoluxmayacaq? Əsgərlərimizin bu xəstəliyə yoluxmasının hansı problemlər yarada biləcəyini yəqin ki, təsəvvür etmək çətin deyil. Buna görə də bu gün hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun sağlamlığı cəbhədə vuruşan əsgərlərimizin sağlamlığıdır. Həmçinin döyüşən əsgər arxayın olmalıdır ki, arxa cəbhədə olan ailə üzvləri sağlam və salamatdır. Yəni əsgərin döyüşərkən arxa cəbhə ilə bağlı heç bir nigarançılığı olmamalıdır. Bu, psixoloji cəhətdən də çox önəmli məsələdir və döyüşdə qazanılan qələbələrin əsas amillərdən biridir”.

"Məsuliyyət vətəndaşların üzərinə düşür”

Deputat vurğuladı ki, pandemiyaya qarşı mübarizə zamanı hər bir vətəndaşdan böyük məsuliyyət və nizam-intizam tələb olunur: "Necə ki, bu nizam-intizamı biz pandemiyanın birinci dalğasında nümayiş etdirdik və dünyada bu xəstəliklə daha səmərəli şəkildə mübarizə aparan ölkələrin sırasında olduq. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, indiki halda biz bu məsələyə daha da ciddi məsuliyyət və nizam-intizamla yanaşmalıyıq. Şübhəsiz ki, bu vəziyyətdə karantin rejiminin daha da sərtləşdirilməsi prosesi dönməz məna kəsb edir və buna dair məsuliyyət ilk növbədə vətəndaşların üzərinə düşür. Buna görə də, üzümü hər bir Azərbaycan vətəndaşına tutub deyirəm ki, olduqca məsuliyyətli olsunlar. Özünüzün, ailənizin və ilk növbədə cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı naminə bu çağırışa əməl edin. Döyüşən əsgərlərimizin sağlamlığı, onların rahat döyüşməsi naminə pandemiya ilə mübarizə prosesində hər birimiz nümunə olmalıyıq. Nümunə olmaq üçün də şərtlər çox sadədir: maska taxmaq, sosial məsafə saxlamaq, müvafiq dezinfeksiya və gigiyena vasitələrdən istifadə etmək. Bu üç mühüm şərtə əməl etmək çox asandır. Hər bir vətəndaş yanındakı vətəndaşdan maska taxmağı tələb etməlidir. Bu işdə heç kəsin imtiyazı olmamalıdır”.

 "Yoluxma tempi hərbçilərimiz üçün ciddi təhlükədir”

Milli Məclisin deputatı Sədaqət Vəliyeva vurğulayır ki, koronavirusa yoluxma hallarının kütləviləşməsi hazırkı müharibə dövründə bütün cəmiyyətimiz, xüsusilə də döyüş meydanında düşmənlə ölüm-dirim savaşına çıxan hərbçilərimiz üçün ciddi təhlükədir: "Bu gün özümüzü koronavirusdan qorumaqla ön cəbhədə döyüşən hərbçilərimizi də xəstəlikdən müdafiə etmiş olarıq. Ona görə də, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejiminin qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir. Bütün bunları nəzərə alaraq hamı xüsusi karantin rejiminin qaydalarına riayət etməli, maska taxmalı, şəxsi gigiyenasını gözləməlidir. Hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalı, nümunə göstərməli, qaydaların pozulmasına dözümsüzlük nümayiş etdirməlidir”.

İnfeksiyanın artma səbəbinə gəldikdə isə deputat deyir ki, bəzi insanlar karantin qaydalarına riayət etmir: "Havaların soyuması, virus infeksiyalarının artması, immunitetin zəifləməsi kimi obyektiv faktorlarla yanaşı, bəzi insanların karantin qaydalarına ciddi riayət etməməsi yoluxmanın artmasına səbəb olub. Aparılan müşahidələr onu göstərir ki, vətəndaşlar tərəfindən qoruyucu vasitələrdən istifadə səviyyəsi aşağıdır, sosial məsafə saxlanılmır, yoluxmanın qarşısının alınması üçün digər tövsiyələr lazımınca riayət olunmur. Ticarət, məişət-iaşə obyektlərində, ictimai nəqliyyatda təhlükəsizlik qaydalarına riayət olunması səviyyəsi qənaətbəxş deyil. Görünür, bir aydır torpaqlarımızın erməni işğalçılarından azad olunması istiqamətində gedən Vətən müharibəsi də cəmiyyətimiz üçün pandemiyanı arxa plana keçirib və təhlükəli virusunla mübarizədə arxayınlıq yaranıb”.

"Sərt qərarların verilməsinin zamanıdır”

Professor Adil Qeybulla sərt karantin tədbirlərinin görülməsini vacib hesab edir. Həkimin sözlərinə görə, artıq sərt qərarların verilməsinin zamanıdır: "Çox çətin vəziyyət yaranıb. Biz nə bilirik ki, bayıra çıxan xəstə koronavirusdur, ya yox. Ancaq müayinə olunanların xəstə olduğu bilinir. Virusa yoluxanlar çölə çıxdıqda, xəstələrin sayı artır, həmin şəxslərin infeksiyaya yoluxduğu aşkara çıxana qədər xeyli adamı yoluxdurur. Vəziyyət də dramatikləşir. Bu baxımdan da düşünürəm ki, sərt karantin tədbirləri görməliyik. Bu da ondan ibarətdir ki, birinci növbədə karantin qaydalarını gözləməyən şəxslər mütləq cəzalandırılmalıdır. Onlardan karantin qaydalarına əməl edilməsi tələb edilməlidir. İkincisi, əgər bir şəxs koronavirusa yoluxduğunu bilə-bilə çıxıb gəzirsə, bu, daha böyük məsuliyyət yaratmalıdır. Hesab edirəm ki, bu gün bizim ən böyük problemimiz elə insanların bu təsəvvürlərinin yanlış olmasıdır. Bunun hesabına da xeyli insan xəstələnib. Qarabağ ətrafında gedən savaşdan sonra rayonlarda da yoluxma artdı. Sanki bu emosional vəziyyət koronavirusu arxa plana keçirdi. Amma bir şey var ki, onu biz qətiyyən nəzərə almaya bilmərik. Çünki bu gün bizim iki düşmənimiz var: biri koronavirusdur, digəri ermənilər. Hər ikisi ilə münasibətdə eyni intensivlikdə, eyni səviyyədə olmalıdır. Hər ikisinə vətəndaş məsuliyyəti ilə yanaşılmalıdır”.
 
Dünyada vəziyyət necədir?

Məlumat üçün bildirək ki, pandemiya dünyada da ən sərt üzünü göstərməkdə davam edir. Bu ilin onuncu ayı COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparmaqla başa çatır. Lakin hələ də infeksiyanın sürətlə yayılmasının qarşısını tam almaq mümkün olmayıb. Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 45 milyon nəfəri ötüb. Oktyabrın 29-da dünya üzrə rekord sayda - 545 min 945 nəfər koronavirus infeksiyasına yoluxub. Həmçinin ötən sutka ərzində 7 min 172 nəfər COVID-19 xəstəliyi səbəbindən dünyasını dəyişib. Dünya üzrə indiyədək koronavirusa yoluxanların sayı 45 milyon 347 min 700 nəfərə, infeksiya səbəbindən ölənlərin sayı isə 1 milyon 186 min 393 nəfərə çatıb. Eyni zamanda, 32 milyon 995 min 952 nəfər sağalıb, müalicəsi davam edən 11 milyon 165 min 355 xəstədən 82 min 300 nəfərin vəziyyəti ağır qiymətləndirilir. ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 9 milyon 210 mini ötüb. Hindistanda 8 milyon 88 min, Braziliyada 5 milyon 496 min, Rusiyada 1 milyon 581 min, Fransada 1 milyon 282 min yoluxma qeydə alınıb. Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 234 min 177 nəfər. İlk beşliyə daxil olan Braziliyada 159 min 33, Hindistanda 121 min 131, Meksikada 90 min 773, Böyük Britaniyada isə 45 min 955 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.

Aygün ƏZİZ