AZE | RUS | ENG |

Dövlətin aqrar sahəyə göstərdiyi diqqətin təzahürü

Dövlətin aqrar sahəyə göstərdiyi diqqətin təzahürü
Ekspertlər hesab edir ki, subsidiyaların verilməsi fermerlərin fəaliyyətini təşviq edəcək

Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına buğda və çəltik əkininə və istifadə etdikləri yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına verilən yardımların, habelə hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin, biohumusun və pestisidlərin qiymətinə tətbiq edilən güzəştin məbləğinin ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Respublika Komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat, barama emalı və ipək istehsalı müəssisələrinə təhvil verdikləri yaş baramanın hər kiloqramına görə 5 manat məbləğində subsidiya verilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin rayon (şəhər) idarələrindən daxil olmuş sənədlərə baxılıb.
Respublika Komissiyası 29 rayon (şəhər) üzrə 144 302 istehsalçıya 379 006,01 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə 26 399 889,30 manat məbləğində yardım ödənilməsi və 36 rayon (şəhər) üzrə 4186 istehsalçıya təhvil verdikləri 498 100,47 kq yaş baramaya görə 2 490 502,35 manat məbləğində subsidiyanın verilməsi barədə qərarlar qəbul edib.
Kənd təsərrüfatı məsələləri üzrə ekspert Qadir Bayramlı deyir ki, son illər ərzində kənd təsərrüfatı iqtisadiyyatın inkişafında əsas prioritetlərdən biri hesab olunur: "Bu baxımdan fermerlərə subsidiyaların verilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki bu günə kimi fermerlərə verilən kreditlərin miqdarı yetərincə deyildi, faizi isə kifayət qədər yüksək idi.  Demək olar ki, fermerlərin çox az bir hissəsi bu kreditlərdən faydalana bilirdilər. Düşünürəm ki, dövlət tərəfindən fermerlər üçün nəzərdə tutulan 29 milyon manatlıq subsidiya bu sahənin inkişafına dəstək olacaq. Amma subsidiyaların verilməsi o zaman məqsədəuyğun olar ki, o, düzgün şəkildə istifadə olunsun. Belə olan təqdirdə, böyük irəliləyiş əldə etmək olar. Ən önəmli məsələlərdən biri də subsidiyanın şəffaf şəkildə verilməsidir. Fermerlərin ehtiyacları dəqiq şəkildə araşdırılmalı və öyrənilməlidir. Yalnız bu halda ehtiyacı olan fermerlər subsidiyalardan faydalana bilər. Hesab edirəm ki, 29 milyon manat heç də az məbləğ deyil. Bu məbləğ gələcəkdə fermerlərin fəaliyyətini təşviq edəcək  və  əlavə iş yerlərinin açılmasında mühüm rol oynayacaq. Digər tərəfdən, ölkəmizin qida təhlükəsizliyinin təmin olunması və ixrac edilən kənd təsərrüfatı məhsullarının artması baxımından bu subsidiyaların verilməsi müsbət hal kimi qiymətləndirilməlidir. Bu məsələ strateji yol xəritəsində də öz əksini tapıb”.
İqtisadçı millət vəkili Azər Badamov bildirdi ki, subsidiyaların verilməsi dövlətin aqrar sahəyə göstərdiyi diqqətin bir hissəsidir: "Kənd təsərrüfatı sahəsinin inkişafına davamlı dövlət dəstəyi göstərilir. Bu dəstək mütəmadi olaraq ayrı-ayrı formalarda fermerlərə təqdim olunur. Məsələn, regionlarda aqro-servislərin yaradılması və bu servislərin vasitəsilə fermerlərə güzəştli şərtlərlə aqrotexniki xidmətlərin göstərilməsini qeyd etmək olar. Bundan başqa kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün vacib olan dərman preparatlarının, gübrələrin güzəştli şərtlərlə, yəni dəyərinin böyük hissəsinin dövlət tərəfindən ödənilərək satılmasını qeyd etmək olar. Bu kimi nümunələrin sayı çoxdur. Fermerlərə becərilən torpaqlarda istehsal olunan məhsullara görə subsidiyaların verilməsi də, bu dəstəyin bir hissəsi hesab oluna bilər. Bu dəfə ayrı-ayrı məhsul növlərinin istehsalı üçün müvafiq subsidiyalar nəzərdə tutulub. Bu subsidiyaların verilməsində əsas məqsəd fermerin çəkdiyi xərcin dövlət tərəfindən qarşılanmasıdır. Bu addım istehsal olunan məhsulun maya dəyərinin minimuma enməsinə imkan yaradır. İstehsal olunan məhsulun maya dəyəri nə qədər aşağı düşərsə, fermerin gəliri də o qədər çox olar. Belə olan təqdirdə fermer məhsul istehsalında daha da maraqlı olur. Bu mənada, fermerlərə subsidiyaların verilməsi müsbət haldır. Dünyanın əksər ölkələrində kənd təsərrüfatı ilə məşğul olan fermerlərə subsidiyalar ayrılır və təcrübə ölkəmizdə də xeyli müddətdir ki, tətbiq olunur”.
Şəbnəm Mehdizadə
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN