AZE | RUS | ENG |

Dövlətçilik fəaliyyəti ilə yazıçılığı birləşdirən şəxsiyyət

Dövlətçilik fəaliyyəti ilə yazıçılığı birləşdirən şəxsiyyət
O, ədəbiyyatın milliliyi, xəlqiliyi, həyatiliyi, təbiiliyi uğrunda mübarizənin önündə olub

"Hüseyn İbrahimov yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyəti ilə müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş özünəməxsus yaradıcılıq üslubuna malik simalardandır. Ədibin uğurlu axtarışlarının nəticəsi kimi müxtəlif janrlarda meydana gətirdiyi əsərlərdə müasirlərimizin zəngin mənəvi aləmi dolğun əks etdirilmiş, mədəniyyət tariximizin yetirdiyi bir çox görkəmli simaların işıqlı obrazları parlaq bədii boyalarla təcəssümünü tapmışdır”. Azərbaycanın Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illiyinin qeyd edilməsi münasibətilə ölkə başçısının imzaladığı sərəncamda yer alan bu fikirlər, görkəmli şəxsiyyətin uzun illər Naxçıvanın ictimai-siyasi həyatında oynadığı fəal rol, regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideyalarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri ilə bağlı gördüyü işlərə güzgü tutur.  
 
Müəllimlikdən Yazıçılar Birliyinin sədrinədək

Hüseyn İbrahimov yarım əsrdən artıq davam edən zəngin yaradıcılığı ilə ədəbiyyatımızın və ictimai fikrimizin inkişafında mühüm xidmətləri ilə seçilən yazıçı kimi xüsusi hörmət və nüfuz qazanıb.

H.İbrahimov 1919-cu il mayın 23-də Naxçıvan Muxtar Respublikasının indiki Kəngərli rayonunun Şahtaxtı kəndində anadan olub. Qədim Şahtaxtı kəndində keçirdiyi acılı-şirinli günlər, uşaqlıq yaddaşına həkk olunmuş zəngin həyat hadisələri, ilk gənclik illərindən tanıdığı müxtəlif xarakterli və keşməkeşli taleyə malik insanlar Hüseyn İbrahimovun sonrakı yaradıcılıq prosesində daim istinad etdiyi tükənməz mənbələr olub. Akademik İsa Həbibbəyli yazır: "Araz çayının sahilində yerləşən, böyük Mirzə Cəlilin "sahibi-mənsəb və ziyalılar vətəni" adlandırdığı, milli elm, ədəbiyyat, mətbuat və incəsənətimizə qüdrətli simalar bəxş etmiş bu kəndin özünəməxsus coğrafi mövqeyi və maarifçilik ənənələri Hüseyn İbrahimovun da mənəvi təkamülündə, dünyabaxışının formalaşmasında, gələcək sənət taleyində mühüm rol oynamışdır”. 

Məktəbi bitirdikdən sonra H.İbrahimov Naxçıvan Pedaqoji Texnikumunda təhsil alıb. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olan gənc, bu ali məktəbin jurnalistika şöbəsini bitirib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində keçən təhsil illəri gənc jurnalist və yazıçı üçün ideya-mənəvi təkamül və yaradıcılıq səriştəsi baxımından xüsusi məktəb kimi əhəmiyyətli olub.

H.İbrahimov əmək fəaliyyətinə 1940-cı ildə Sədərək kənd orta məktəbində müəllim kimi başlayıb. Onun ilk qələm təcrübələri, gənclik şeirləri texnikumun divar qəzetində meydana çıxıb. Əvvəlcə Noraşen (indiki Şərur) rayonunda, sonra Naxçıvan Muxtar Respublikasında Gənclər təşkilatına rəhbərlik etməsi də Hüseyn İbrahimovun maarif işçilərinin, müəllimlərin, ziyalıların və gənclərin həyatına daha yaxından bələd olmasını şərtləndirib. Buna görədir ki, xalq yazıçısının çoxillik yaradıcılığının bütün dövrlərində maarifçi ziyalıların və gənclərin taleyi ilə bağlı mövzular, süjetlər və obrazlar üstünlük təşkil edir.

Hüseyn İbrahimov 1941-1943-cü illərdə indiki Şərur rayonu komsomol komitəsinin birinci katibi, Naxçıvan vilayət komsomol komitəsinin katibi, "Şərq qapısı" qəzetinin redaktor müavini, daha sonra isə Naxçıvan Nazirlər Soveti yanında Radio Verilişləri Komitəsinin sədri işləyib. H.İbrahimov həmçinin Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan filialının sədri, daha sonra Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində mühazirəçilər qrupunun rəhbəri, "Şərq qapısı" qəzetinin redaktoru kimi çalışıb. Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsində təbliğat və təşviqat şöbəsinin müdiri, 1970-1975-ci illərdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri, 1975-1980-ci illərdə "Şərq qapısı" qəzetində şöbə müdiri, 1977-ci ildən isə Azərbaycan Yazıçılar İttifaqı Naxçıvan şöbəsinin məsul katibi və Naxçıvan Yazıçılar Birliyinin sədri vəzifələrində işləyib.

Həyatı və insanları yaxından tanımaq

H.İbrahimovun taleyində dövlətçilik fəaliyyəti xüsusi yer tutur. O, XX əsr Azərbaycan ədəbi-ictimai fikir tarixində dövlətçilik fəaliyyəti ilə yazıçılıq işini məharətlə uzlaşdırmağı bacaran sənətkarlardandır. "Yazıçılıq - həyatı və insanları yaxından tanımaq və populyar olmaq, dövlətçilik işində Hüseyn İbrahimovun köməyinə gəlmişdir. Müxtəlif dövlət vəzifələrində çalışmaq isə Hüseyn İbrahimova cəmiyyətin "hamı üçün görünməyən” tərəflərini də görməyə, öyrənməyə imkan vermişdir. Hər iki halda - həm yazıçılıq, həm də dövlətçilik fəaliyyəti nəinki uduzmuş, əksinə, çox şey qazanmışdır. Hüseyn müəllimin timsalında yazıçılıqla dövlətçilik bir-birini tamamlamışdır”- deyə akademik İsa Həbibbəyli qeyd edir.
 
Ədəbiyyatımızın inkişafına layiqli töhfələr

Hüseyn İbrahimov Azərbaycan ədəbiyyatında tarixi və müasir mövzularda yazılmış bir sıra romanların müəllifi kimi tanınır. O, ədəbi yaradıcılığa 1940-cı illərin əvvəllərində şeirlə başlayıb. 1950-ci illərdən etibarən qələmə aldığı hekayə, povest, roman və pyeslər müasirlərimizin mənəvi zənginliyini əks etdirən dolğun sənət nümunələrinə çevrilib. Hüseyn İbrahimovun xüsusən tarixi keçmişimizdən bəhs edən əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində əhəmiyyətli rol oynayıb. Yazıçının yaradıcılığında Azərbaycan mədəniyyətinin görkəmli simalarının parlaq obrazları  bədii təcəssümünü tapıb. Tanınmış yazıçı yarım əsrdən artıq bir dövrü əhatə edən səmərəli ədəbi fəaliyyətin məhsulu olan bu əsərləri ilə ədəbiyyatımızın inkişafına layiqli töhfələr verib. H.İbrahimovun xarici dillərə tərcümə olunmuş bir çox əsərləri ölkəmizin hüdudlarından kənarda yayılaraq, ədəbiyyatımızın şöhrətini daha da artırıb. Onun tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi dəyərli nümunələri ilə tanış olmaq imkanı qazanıb. Uzun illər Naxçıvanın ictimai-siyasi həyatının fəal iştirakçısı olmaqla, Hüseyn İbrahimov regionda mədəni mühitin tarixi ənənələrinin qorunub saxlanılması və eləcə də müstəqillik ideallarına sadiq yaradıcı ədəbi qüvvələrin öz potensiallarını lazımınca gerçəkləşdirə bilmələri üçün böyük əmək sərf edib.

H.İbrahimovun Naxçıvan Yazıçılar Birliyinin sədri kimi (1997-2007) fəaliyyəti də müstəqillik dövründə Naxçıvanda yeni ədəbi mühitin canlandırılmasına xidmət etmişdir. İ.Həbibbəyli qeyd edir ki, Azərbaycan Yazıçılar Təşkilatının əllinci illərdən sonra keçirilmiş bütün qurultay və plenumlarının iştirakçısı olan H.İbrahimov həmişə ədəbiyyatın milliliyi, xəlqiliyi, həyatiliyi, təbiiliyi uğrunda mübarizə hərəkatında fəal görünüb: "Naxçıvanda ədəbi mühitin və yeni yaradıcı nəslin nağılları Hüseyn İbrahimovun məqsədyönlü fəaliyyəti sayəsində daim özünün müsbət həllini tapmışdır”. Naxçıvanda yaşayıb-yaradan yaradıcı qüvvələrin ilk ədəbi almanaxı olan "Səadət mahnıları" (1955) Hüseyn müəllimin təşəbbüsü ilə nəşr olunub. Səksəninci illərdə "Araz" almanaxının üç sayının və "Qoy tanısın dünya səni" adlı şeir toplusunun nəşri də onun səmərəli təşkilatçılıq işinin nəticəsidir: "O, 1958-ci ildə özünün "Baharın hekayəsi" povesti ilə yanaşı, qələm dostlarından Müzəffər Nəsirlinin "Mənim muxtar respublikam", Hüseyn Razinin "Kəndimizin səhəri" adlı ilk şeir kitablarını, habelə Hüseyn Cavidin anadan olmasının 100 illiyi ilə əlaqədar kiçik şeir toplusunu da vaxtilə (1982) Naxçıvanda daxili imkanlar hesabına nəşr etdirməyə müvəffəq olub”. "Azərbaycan dövlətçilik tarixinin müxtəlif mərhələlərindən - Atabəylər dövründən, sovet hökumətinin qurulmasından, qaçaqçılıq hərəkatından, repressiya illərindən, müstəqillik uğrunda mübarizədən yazdığı əsərlərin, habelə əsərlərindəki raykom katibi, istehsalat rəhbəri, komsomol katibi, məktəb direktoru və s. kimi obrazların uğurlu alınmasında dövlətçilik təcrübəsi öz "sözünü" demişdir” - deyə akademik İ.Həbibbəyli qeyd edir: "Hüseyn İbrahimov ömrünün sonuna kimi qədim diyarın ədəbi mühitinə ağsaqqallıq edib. Bu diyarda yazıb-yaradan yeni yaradıcı nəslin bir çox nümayəndələri məhz Hüseyn İbrahimovun zəmanəti ilə Yazıçılar Birliyinin üzvlüyünə daxil olmuşlar. Onun işlədiyi dövrdə Naxçıvanda Yazıçılar Birliyinin üzvləri 16 nəfərdən 60 nəfərə çatıb. Hüseyn müəllim Naxçıvan ədəbi mühitində təmsil olunan istedadlı yaradıcı gənclərin bir çoxu haqqında mətbuatda "uğurlu yol" xarakterli məqalələr yazmış, onlara xeyir-dua vermişdir. Onlarla kitabın ön sözü xalq yazıçısı Hüseyn İbrahimova məxsusdur. Nəhayət, 1999-cu ildə İran İslam Respublikasında iki dildə nəşr olunmuş irihəcmli "Səhər nəğmələri" ədəbi almanaxı ümumən ədəbi əlaqələrimizin daha da genişlənməsinə, Naxçıvan ədəbi mühitinin inkişafına xalq yazıçısı Hüseyn İbrahimovun sanballı töhfəsidir”.

Yazıçının yarım əsrdən artıq dövrü əhatə edən çoxşaxəli fəaliyyətinə 100-ə yaxın hekayə, 20-dən çox novella, 3 pyes, 8 povest, 5 roman və dünya ədəbiyyatının dəyərli nümunələrinin tərcüməsi daxildir. Əsərləri bir çox xarici dillərə tərcümə edilib.

Hüseyn İbrahimovun ictimai fəaliyyəti də zəngin olub. O, üç çağırış Naxçıvan Ali Sovetinin və bir çağırış Naxçıvan Ali Məclisinin deputatı, 1963-cü və 1967-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib.

Hüseyn İbrahimovun Azərbaycan ədəbiyyatının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilib. O, müstəqil Azərbaycanın ali mükafatlarından olan "Şöhrət” ordeni ilə təltif edilib.
 
Təranə Məhərrəmova
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8726
GEL 1 1 Gürcüstan larisi 0.5734
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1163
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7042
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2908