Elçin Şərifov yaşadığımız mühitin
sözlə çəkilmiş şəklini təqdim edib
Adətən
tanımadığım müəllifin kitabını oxumamışdan əvvəl səhifələyər, bir cümləsini, ya
bir misrasını gözdən keçirərəm, məni tutdusa, axıracan davam edərəm. Bu dəfə də
belə oldu. Diqqətimi çəkən cümləni yazıram: "Yaşamaq öyrənmək, öyrənmək isə
yaşamaq deməkdir.” Sadə, lakin dərin fəlsəfi məna yükü olan fikrin ahəngindəki
düşündürmək qayəsi məni bir xeyli sükut içində saxladı. Həqiqəti deyə bilməyəndə
susmaq necə, görəsən, doğurdan da qızıldır? Cavabı da elə həmin səhifədə
oxudum: "Cavab tapmaq iqtidarında olmadığınız sual barədə düşünməyin mənası
yoxdur”. Təzə tanıdığım müəllifin təzə kitabını əziyyət çəkmədən, yorulmadan
başa vurdum. Rəyimi bir cümlə ilə bildirməli olsaydım, "Düşüncələr toplusu”dur
deyərdim. Kitabın müəllifi oxucusu ilə sanki dialoq qurur, söhbət edir,
duyğularına bir güzgü tutur. Ya səni əzən fikirlərdən xilas etməyə çalışır, ya
da nə gizlədim, dərdinin üstünə dərd qoyur. Məsələn, " Əvvəlki nəsillər tərəfindən
bizə çatdırılan dəyərləri qorumaq, artırmaq və tətbiq etmək bizim insanlıq
borcumuzdur, biz İNSAN adlanmaq üçün bunu etməyə borcluyuq”, digər fikir: " Bu
gün bizim cəmiyyətə xas olan qüsurların əsas səbəbi-indiyə qədər ictimai mənafeyi
şəxsi mənafedən üstün tutmağı bacarmamağımızdır. Eqoizm bizi məhv edir”. Bu, cəmiyyətimizdəki
təzaddır, deyə bilmirəm, çünki günümüzün qara rəngidir. Ağ günlər çox vaxt bir
acgözün xirtdəyinə ilişir. Nə doyur, nə əldən qoyur. Nə qədər özümüzü şən göstərməyə
çalışsaq da, üzləşdiyimiz ədalətsizlik bəzən bizi dirigözlü öldürür. Elçin Şərifovun
kitabı həyatın - yaşadığımız mühitin sözlə çəkilmiş şəklidir. Oxu, ibrət götür,
düşün, dəyiş, anla ki: "Həyat özü möcüzədir,
amma həyatda möcüzə olmur”.
Bacısı
Təranə Mahmudova göndərmişdi onun kitabını mənə. Elçin "Şərəf”, "Şöhrət”
ordenli, Əməkdar inşaatçı Abid Şərifovun oğludur. "Ot kökü üstə bitər” deyiblər. Bir də söz
adamın içinin ətridir. Bir məsələ də məni
məyus etdi ki, qəlbi böyük arzularla çırpınan, qurub-yaratmaq üçün daha
fəal mövqedə olmaq istəyən bu istedadlı insan özü demişkən yalnız fikirlərini ifadə etməyə - yazmağa, sözlə qurmağa,
yaratmağa məcburdur. Bu həm təsəllidir, həm də yaşamaqdır.
Müəllifin
esse kimi təqdim etdiyi əsərləri əslində fəlsəfi qənaətlərdir. Hər birimiz
"başqalarında səhv axtarmaqdansa, özümüz az səhv buraxmamağa çalışsaq daha
yaxşı olar”. Elçin Şərifovun təklifləri də düşündürücüdür: "... Daha əvvəl
yaradılanların düzgünlüyünü inkar etməkdənsə, malik olduğumuzu təkmilləşdirək.
Cəmiyyətin təkamül yolu ilə inkişafının gedişinə zidd olan hər hansı fikirlərə
vaxt itirmək bizi tərəqqidən yalnız uzaqlaşdıracaq.”
Tərəqqiyə,
sülhə, mənəvi saflığa, qurmağa, yaratmağa, çalışmağa, bəşəriyyəti düşündürən
problemlərin həllinə, birliyə... çağırış var bu esselərdə. Şüar şəkilində,
şablon ifadələrlə yox. Müəllifə görə, həqiqəti müəyyən etmək üçün ziddiyyətlərin
mövcudluğu vacibdir. Bu halda mənim düşüncəmə görə də bütün yaxşıların var
olması pislərin yaşamını da şərtləndirir. Vaxtı ilə dünya ədibləri bir-birlərilə
bəhsə girərək söz döyüşdürürdülər ki,
dünyanı gözəllik xilas edəcək. Bu hələ ki, baş verməyib. Dünya özü boyda bir
qaynar qazana dönüb. Gözəllik də solur, ədalət də susur. Ümid ölür də, doğulur
da... Elçin Şərifovun nidası yeni bir səda gətirir: "Xeyirxahlıq dünyanı xilas
edəcək”. Pisliklərə son qoymaq, xeyirxah əməllərə rəvac vermək. Bu, bütün bəşəriyyətin
devizi olmalıdır. Amma elə bütün hökmləri də əslində zaman özü verir. Ən qadir
hökmdar da, kral da, fatehlər də həmişə zaman adlı hakimin dəyişməz qərarına
baş əyməli olublar. Kitabdan oxuyuruq: "Zamanın hökmü ilə hesablaşmaq bacarığı
prinsipsizlik deyil, müdrikliyin təzahürüdür.”
Elçin
Şərifov demokratiyanı təqdir edən, daxili azadlığı dəyərləndirən bir şəxsiyyətdir.
Esselərində də bu ali məqamların təsiri aydın görünür. O, buxovlanmış sözü
sevmir, amma çərçivəsizliyi də qəbul etmir. Sərhəddən kənara çıxmaq... Həyatda
bunun müəyyən bəndləri var: icazəli, icazəsiz... Sözdə, hərəkətdə, əxlaqda isə ən
yumşaq tənqidi mənəviyyatsızlıq adlanır. Müəllif yazır: "Şüurumuzun hansı inamı
üstün tutması o qədər də əhəmiyyətli deyil, daha əhəmiyyətlisi əxlaq
kateqoriyasıdır. Əsas odur ki, bu əxlaq prinsipləri cəmiyyətin tərəqqisinə zidd
olmasın.”
Şəki
folklorunun kamil tədqiqatçısı, qələminə, şəxsiyyətinə böyük hörmətim olan Hikmət
Əbdülhəlimov "Elçinin mənəviyyat dünyasına bir baxış” adlı məqaləsində yazır:
"Nəslə, soya, kökə, yaddaşa bağlılıq, keçmişə körpü, əsillik və əsilzadəlik əlamətidir.
Əsl insanın bir ayağı keçmişdə, digəri yaşadığı çağdaş dövrdə olur. Elçinin
timsalında biz onun bu keyfiyyətləri əxz etdiyini görürük”. Hikmət müəllim
haqlıdır, Elçinin esselərində həm də müəllifin obrazı var, ən çox da bir
filosof qələm sahibinin özünəməxsus düşüncələrilə tanış oluruq. Bu, onun ilk nəşri
olsa da, sanki minilliklərin dərin qatlarından keçib gələn qədim kitab təsiri
bağışlayır. Bu köhnə təzəliyin ahəngindəki yeniliklər isə bambaşqadır. İnsanı
düşüncələr aləminə apara bilir.
"Həyat
qaynağı” adlı essesində bizi əhatə edən aləmin, yaşadığımız cəmiyyətin, təhsilin,
çoxumuzu məşğul edən iqtisadiyyatın, gələcək nəslin düzgün formalaşmasına əngəl
ola biləcək problemlərin aradan götürülməsinin yolları elə aydın səslənir ki...
Müəllif yazır: "Hər şey ilk növbədə təhsil təsisatına-ictimai təhsil müəssisələrinə
və cəmiyyətin rüşeymi olan ailəyə əsaslanmalıdır. Bütün təlim-tərbiyə kompleksi
həyatımız boyu insanlara müsbət emosiyalara nail olmaq vərdişləri aşılanmasına
yönəldilməlidir. Əlbəttə, dəyərli müsbət emosiyaları qəbul etməyi öyrənmək
lazımdır, çünki bu həm də maarifçilik
funksiyasına daxildir”. Düzgün yanaşmadır. Bütün uğurların əsası ailədə
qoyulur.
Müdriklər
doğru qənaətə gəliblər ki, hədəflər dəqiq müəyyən edildikdə ona çatmaq da asan
olur. Seçim və cəhd həmişə qələbənin reallaşdırılmasında vacib rol oynayır. Bu
baxımdan Elcinin düşüncələri də maraqlı və aktualdır: "İqtisadi nailiyyətlər
olmasa, münasibətlərin həmahəng olması real deyildir”. Bəs nə etməli? Müəllifin
təklifi çıxış yolunun əsas bəndi kimi səslənir: "...bu problemlə yalnız
iqtisadiyyatın müxtəlif aspektləri üzrə xüsusi biliklərə malik insanlar məşğul
olmalıdır. Yəni mənim fikrimcə, bütövlükdə iqtisadiyyata qloballaşma mövqeyindən
yanaşma yolverilməzdir və buna iqtisadiyyatın bütün sahələrinin birgə səyləri
sayəsində nail olmaq mümkündür.”
Elçin
Şərifovun valideynləri ilə bağlı etiraflarında da əsl azərbaycanlı ailəsinin
simasını görür və belə bir mühitdə tərbiyə alan, böyüyən, formalaşan insanın qətiyyətli,
mərd xasiyyətinə, uzaqgörənliyinə, başqalarından çox fərqləndiyinə təəccüb
etmirsən. Bu kitab əslində Şərifovlar ailəsinin həyat manifestidir.
Burada
müəllifin şeirləri də yer alıb. "Özümüzə gözəl günlər yaşadaq” - deyən, ya bəlkə
də arzulayan Elçin Şərifovun ürəyindən su içən misralarında da mənəvi
dünyasının işıqları sayrışır. "Gələcəyi keçmiş üstə qurmasaq” bütün dəyərlər itər,
tərəqqi yox, uğursuzluq baş verər. Həqiqətən bizə qalanları qoruyub gələcəyə
ötürməsək, sonradan yaranan boşluğu heç nə ilə doldurmaq mümkün olmayacaq.
Kitabda
" Ön söz”ün müəllifi Xalq yazıçısı Çingiz Abdullayevdir. Əslində mən bunu belə
adlandırmazdım, çünki Elçin Şərifovun əsərləri
nə təqdim, nə də təhlil olunur. Bu yazı
ön sözdən daha çox yeni bir üslub, orijinal yanaşmadır. Sanki Çingiz Abdullayev
öz hiss və duyğularını müəllifin düşüncələrinin ahəngində bəyan edir: "İşıqla
Zülmətin mübarizəsi təkcə bizim dünyamızda yox, həm də bizim qəlbimizdə gedir.
Maraqlıdır ki, "Həyat qaynağı” essesində qeyd edilir ki, insanın həyatı iki ən
mühüm emosional kateqoriyadan ibarətdir. Və bu, tamamilə doğru fikirdir.
İdealda, əgər "Biz müsbət emosiyalar bağışlamağı və onları qəbul etməyi öyrənməliyik”
sözləri həyata keçsəydi, əla olardı. Amma əslində insanın mövcudluğu - bir-biri
ilə növbələşən qara və ağ zolaqlardır”. Bax, səsləşmək, birləşmək budur.
Ayrı-ayrı təfəkkürün eyni düşüncə tərzi. Bu həm də istedadlı insanların ruh
birliyinin təsdiqidir.
Yazımın
sonunda bir məsələni də vurğulamaq istəyirəm, təkcə tikinti sahələrində qurub
yaratmırlar ki... Söz meydanının da zəhmətkeş qurucuları var. Sözlə yaradılan
abidələr də öz möhtəşəmliyi ilə fərqlənir. Bir soyadın iki nümayəndəsi Abid və
Elçin Şərifovlar. Atanın qurduğu nəhəng tikililər, oğulun yaradığı və
yaradacağı söz mülkləri... Hər ikisinin xidməti əbədiyyətə, ədəbiyyata
ünvanlanıb. Çox sevdiyim bir müdrik kəlamı təkrar etməkdən məmnunluq
duyuram:
-Ömür itmir, bitmir davam edir...