• cümə, 29 Mart, 00:44
  • Baku Bakı 7°C

Dünyanın kifayət qədər neft ehtiyatı var

16.09.19 19:01 848
Dünyanın kifayət qədər neft ehtiyatı var
Son bir neçə gün ərzində dünya neft bazarlarında qiymətlər kəskin şəkildə qalxıb. Buna səbəb Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına silahlı pilotsuz uçan aparatlarla təşkil edilən hücumlar olub. Geosiyasi risklərə dair narahatlıqların artması fonunda "Brent” markalı xam neftin qiyməti 10 faiz, "Light” neftinin qiyməti isə 9 faiz artıb. "Brent” markalı neftin bir barelinin qiyməti 12 dollar artaraq 71 dollara yüksələrək rekord səviyyəyə çatıb. Bu rəqəm son üç ildə ən böyük qısamüddətli artımdır.
Onu da qeyd edək ki, Abqaiqdəki dünyanın ən böyük neft emalı zavoduna və krallığın ikinci ən böyük neft yatağına hücumlarından sonra ölkədə neft hasilatı gündəlik 5,7 milyon barel geriləyib. Bu, neft bazarları üçün ən böyük istehsal itkisidir.
Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, bu itki 1979-cu ildə İslam İnqilabı zamanı İranın istehsalında qeydə alınan geriləməni də üstələyir.
Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco” neft istehsalının 3/1-ni yenidən bərpa etməyi nəzərdə tutur. Lakin şirkətdən bildirilib ki, hasilatın tam bərpası bir neçə həftə çəkə bilər.
Ekspertlərə görə isə, bu itkilər qlobal neft tədarükünün 5 faizi deməkdir və bazara təsirsiz ötüşmür. Görəsən, bu təlatümlər neft bazarına necə təsir edəcək?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev bildirdi ki, neft bazarındakı vəziyyət Səudiyyə Ərəbistanı neft infrastrukturlarına "dron” hücumları ilə bağlıdır: "Yəni, bu ölkənin şərq periferiyasında mövcud neft yataqlarına və infrastrukturuna pilotsuz uçuş aparatları hücum edib. Amma qəza ilə bağlı kifayət qədər məlumatlar yoxdur. Ona görə də bazarda bir xaos yaranıb. Görürük ki, "Brent” markalı neftin qiyməti 67-68 dollar arası dəyişir. "WT” markalı neftin qiyməti isə 58 dollara qalxıb. Lakin çox qəribədir ki, OPEK səbətinə daxil olan neft markalarının qiymətində ciddi dəyişikliklər olmadı və 60 dollar civarında qaldı. Bu səbətə İran, İraq, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Küveyt və bütövlükdə OPEK-ə daxil olan dövlətlərin neftinin qiymətləri daxildir. Səudiyyə Ərəbistanındakı qəzanın nəticələrinin hansı müddətə aradan qaldırılacağı ilə bağlı məlumatlar yoxdur. Amma qiymətlərin belə sıçrayışla qalxmasına elə ciddi narazılıq da olmamalıdır. Çünki qəzadan sonra Səudiyyə Ərəbistanı rəsmiləri bəyan etdilər ki, ixrac həcmlərində ciddi dəyişikliklər olmayacaq. Ona görə ki, Səudiyyə Ərəbistanının ixrac terminallarında hər hansı bir problem yaranarsa, alternativ variantlardan istifadə ediləcək. Hazırda Səudiyyə Ərəbistanının kommersiya təyinatlı və anbarlarda mövcud olan neft ehtiyatları 188 milyon bareldir. Bu həcmdə kommersiya neft ehtiyatlarının bir hissəsi Qırmızı dəniz sahillərində, yəni Misirə aid terminalda, bir hissəsi Baltik dənizində, Roterdam terminalında və digər hissəsi isə Yaponiyanın Akinava terminallarında yerləşir. Neft ixrac edən ölkələr həm öz ölkələri daxilində, həm də özlərinin müştəri bazarlarına yaxın ərazilərdə kommersiya təyinatlı neft ehtiyatları saxlayırlar. Bu baxımdan Səudiyyə Ərəbistanın həm Asiya, Sakit okean enerji rayonunda, həm Şimali-Qərbi Avropada, həm də Aralıq dənizi sahillərində kifayət qədər neft ehtiyatı mövcuddur. Əgər qəzanın nəticələrinin aradan qaldırılması üçün vaxt tələb olunarsa, onda həmin terminallardakı ehtiyatlardan istifadə ediləcək”.
Z.Vəliyev qeyd etdi ki, Səudiyyə Ərəbistanının daxilində neft məhsullarına olan tələbatını, eləcə də İstilik Elektrik Stansiyalarının funksional fəaliyyətini təmin etmək üçün kifayət qədər ehtiyatlar var: "Ümumiyyətlə, Səudiyyə Ərəbistanının neft məhsulları ehtiyatları təxminən 90 milyon barelə yaxındır. Yəni, xam neft və neft məhsullarının birlikdə ehtiyatları isə 285 milyon bareldən yuxarıdır. Düşünürəm ki, belə olan halda qlobal neft bazarlarında ciddi təlatümün yaranmasına səbəb yoxdur. Digər tərəfdən, OPEK daxilində də ehtiyat güclər mövcuddur. OPEK-in avqust ayında sutkalıq hasilat həcmi 29,9 milyon barel civarında qiymətləndirilir. Belə olan halda digər ehtiyat variantlar da var. Qeyd etdiyim kimi, Səudiyyə Ərəbistanı ilə yanaşı, İraqın, Birləşmiş Ərəb Əmirliklərinin, Küveytin və digər dövlətlərin ixrac həcmlərini artırmaq imkanı var. Bazarda qiymət artımı qısa müddətlidir və bunun elə bir ciddi əsasları da yoxdur. İstənilən an qlobal neft bazarlarını tələb olunan neft həcmləri ilə təmin etmək üçün həm ehtiyat güclər var, həm də imkanlar çox genişdir. Bu baxımdan düşünürəm ki, qiymət artımı qısa zaman kəsimində müşahidə olunacaq. Sonra yenidən neftin qiyməti sabit vəziyyətə gələcək. Hazırda qlobal neft bazarlarında balansın qorunub saxlanması üçün qiymət dalğalanmasının qarşısını almaq lazımdır. Ona görə də neftin qiyməti iki gün ərzində 7-8 dollarlıq sıçrayışla qalxması o demək deyil ki, bazar bu qiymətə reaksiya verəcək və mövcud qlobal iqtisadiyyat bu qiyməti həzm edəcək. Ona görə də qısa zamanda neftin qiyməti yenidən sabit bir vəziyyətə qayıtmalıdır. Bu, həm Səudiyyə Ərəbistanının, həm digər neft ixrac edən ölkələrin, həm də istehlakçı ölkələrin maraqlarına cavab verir”.
"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şabanın sözlərinə görə isə, hələ bazar iştirakçıları bilmirlər ki, Səudiyyə Ərəbistanında baş verənlərin miqyası nədir: "Eləcə də yaranmış vəziyyətin aradan qaldırılması üçün nə qədər zamana ehtiyac var. Bu məlum olandan sonra neftin qiyməti aşağı düşməyə başlayacaq. Ola bilər ki, qalxsın. Çünki hücum olan yerlərdə dağıntının miqyası da böyük ola bilər”.
İ.Şaban vurğuladı ki, yaranmış vəziyyətdə lazım olarsa, əvvəlcədən toplanmış neft ehtiyatlarından istifadə oluna bilər: "Artıq ABŞ qeyd edib ki, öz ehtiyatlarını açıb, dünyada neftə olan tələbatın ödənilməsi üçün imkanları gerçəkləşdirəcək”.
BƏXTİYAR

banner

Oxşar Xəbərlər