AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Dünyada neftə  olan tələbat azalıb

Dünyada neftə olan tələbat azalıb

İqtisadiyyat
08 Sentyabr 2020, 15:58 1550

 
"Bir neçə ay öncə neftin qiymətlərindəki artım heç də tələbatın bərpa olunması ilə bağlı deyildi. Qiymət artımına gətirib çıxaran faktorlar arasında fundamental faktorlar yox idi”. Bu fikirləri Kaspi.az-a açıqlamasında enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyib. Onun sözlərinə görə, bu məsələdə yan təsirlər var ki, bunların da bir hissəsi maliyyə bazarlarındakı durumla əlaqədar idi: "Neftin qiymətinə təsir edən iki əsas faktor var. Birinci, tələb-təklif, ikinci isə maliyyə bazarlarındakı vəziyyət. Son bir neçə həftədə neftin qiymətində artmaların bir səbəbi ABŞ-ın Federal Ehtiyatlar Sisteminin yürütdüyü pul-kredit siyasəti ilə bağlı idi. Yəni dolların dünyanın aparıcı 6 maliyyə aləti qarşılığında ucuzlaşması ilə əlaqədar idi. Bu faktor neftin qiymətini bir neçə dollar yuxarı çəkdi. Amma bu, o demək deyildi ki, tələbat yüksək səviyyədədir. Yox, bu, elə deyil. Çünki neft zavodlarda emal edildikdən sonra alınan neft məhsullarının bir neçəsinin tələbatı bazarlarda təhdid altındadır. Məsələn, təyyarə yanacağı. Hazırda beynəlxalq uçuşlar yoxdur. Neft məhsullarına tələbat o anda yüksək səviyyədə olur ki, sərnişin, işgüzar, eləcə də istehsal, sənaye aktivliyi olsun. Bunların əksəriyyəti pandemiya ilə bağlı aşağı səviyyədədir. Keçən ilin analoji dövrü ilə müqayisədə bu il yollarda avtomobil sıxlığı aşağı səviyyədədir. Sərhədlərin bağlanması, karantin rejiminin bu və ya digər formada tətbiqi, yükdaşımanın səviyyəsinin aşağı düşməsi və sair amillər neft məhsullarına olan tələbatı aşağı salır”.
Z.Vəliyev qeyd etdi ki, son dövrlər qlobal neft bazarlarında ağırlıq mərkəzi dəyişib: "OPEC və müttəfiq dövlətlərin Vyana sazişi çərçivəsində bazara etdikləri intervensiyaların qarşılığında balans əldə olunmayıb. Yəni, yüngül neftlə ağır neftin balansı yoxdur. Son zamanlar ABŞ-dan  Avropa, Asiya bazarlarına tələbatdan artıq yüngül neft daxil olub. Bu da artıq Nigeriya, Anqola kimi dövlətlərə məxsus yüngül nefti bazarlardan sıxışdırıb. Bazarlarda yüngül neftin artıqlığı, yəni profisiti yaranıb. Belə olan təqdirdə yüngül və ağır neftin balansı pozulub və  bazarda tələbatdan artıq neft həcmləri dövr etməkdədir.
Digər bir faktor, Çində idxal həcmlərinin avqust ayı ilə müqayisədə  iyun, iyul aylarında aşağı düşməsidir. Məsələn, iyun ayında sutkalıq neft idxalı haradasa 12,9 milyon bareldirsə, iyul ayında bu rəqəm 12,2 milyon barelə düşüb. Avqust ayında isə bu rəqəm 11 milyon 330 barelə enib və kifayət qədər azalmalar var. Qarşıdakı aylarda da Çində idxal həcmlərində azalmalar müşahidə olunacaq. Bu da  anbarlarda tələbatdan artıq neft həcminin formalaşması və neft emalı zavodlarında emal marjının aşağı düşməsi ilə əlaqədardır. Ona görə də neftə olan tələbat da aşağı düşüb. Bazarda neft həcmləri günü-gündən artmaqdadır. Avqust ayına kimi OPEC və müttəfiq dövlətlərin kəsintilərlə bağlı yürütdükləri siyasət ondan ibarət idi ki, dünyanın bütün enerji rayonlarında, yəni bütün ticarət platformalarında mövcud stasionar və üzən anbarlarında neft həcmlərinin səviyyəsini aşağı salsınlar. Amma buna nail ola bilmədirlər. Bütün bu amillərə görə neftin qiyməti də aşağı düşməyə başlayır”. 
 
BƏXTİYAR