AZE | RUS | ENG |

Dünya mədəniyyətinə verdiyimiz töhfələrin növbəti beynəlxalq təsdiqi

Dünya mədəniyyətinə verdiyimiz töhfələrin növbəti beynəlxalq təsdiqi
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi uzunmüddətli fəaliyyətin nəticəsidir

UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası tarixi bir hadisə ilə yadda qaldı: Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi. Qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın Ümumdünya İrs Siyahısına salınan üçüncü mədəni irs məkanı oldu. Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ildə, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu isə 2007-ci ildə UNESCO-nun İrsi Siyahısına salınıb. Şəki şəhəri isə buna qədər - 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilmiş, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilmiş, 2017-ci ildə UNESCO-nun "Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil olunmuşdur.
Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan Sarayının Ümumdünya İrs Siyahısına salınmasını Azərbaycanın UNESCO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsi kim dəyərləndirmək olar. Heç şübhəsiz, bu uğur Azərbaycanın illərdən bəri – həm ölkəmizin daxilində, həm də onun hüdudlarından kənarda dünya irsi obyektlərinin qorunması ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin məntiqi davamıdır. Bu əlamətdar hadisə, həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.
Əlamətdar hadisə münasibəti ilə xalqımızı təbrik edən ölkə başçısı İlham Əliyev "Azərbaycanın ən qədim şəhərlərindən olan Şəkinin tarixi hissəsi yüzillər boyu ölkəmizin mədəniyyət mərkəzlərindən biri kimi tanınmışdır” - deyə qeyd edib: "Unikal abidələrlə zəngin Şəki şəhərinin tarixi hissəsinin mühafizəsi və inkişafı daim dövlətin diqqətində saxlanılımışdır”. Son illər Azərbaycanın mədəni irsinin dünya səviyyəsində tanıdılması və qorunması istiqamətində çoxsaylı layihələrin həyata keçirildiyini xatırladan prezident bu fəaliyyətlərin beynəlxalq təşkilatlarla, xüsusən dünya mədəniyyəti, təhsili və elminə məsul olan UNESCO ilə sıx əməkdaşlıq şəraitində gerçəkləşdirildiyini qeyd edib: "Təsadüfi deyil ki, "İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi”, "Qobustan Qaya Sənəti Mədəni Landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısında, həmçinin xalqımızın qeyri-maddi mədəni irsinin 13 nümunəsi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısında yer alır. Bu hadisələr Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfənin beynəlxalq miqyasda bir daha etirafıdır”.
Dövlət başçısı qeyd edib ki, Şəkinin tarixi mərkəzində keçmişimizi özündə təcəssüm etdirən Şəki Xan Sarayı, karvansaraylar, məscid və minarələr, qədim körpülər, sənətkarlıq emalatxanaları və yaşayış evləri bu gündən etibarən təkcə xalqımızın deyil, bəşəriyyətin mədəni irsi hesab olunur.
Birinci vitse-prezident Mehriban Əliyeva da Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik edib: "Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik”.
 
Bəşəriyyətin tarixinə adını yazdırmaq
 
Qeyd edək ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən nominasiya müzakirə olunmuş və Azərbaycan tərəfinə ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılması, monitorinq sisteminin inkişaf etdirməsi və digər məsələlərlə bağlı tövsiyələr verilmişdi. Şəki ilə bağlı qovluq 6 ildir ki, tərtib edilib. 2016-cı ildə ICOMOS-a (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) verilmiş sənədlə bağlı müəyyən tövsiyələr olub. Bakıda keçirilən sessiyada nominasiya ilə bağlı ICOMOS-un hesabatı dinlənilib. Şəkinin tarixi, Xan Sarayında aparılmış son bərpa işləri barədə məlumat verilib. Şəhərin tarixinin iki min ilə yaxın olduğu, qədim məhəllələrin 1790-cı ildə salındığı qeyd edilib.
"UNESCO-nun Ümumdünya İrs Komitəsinin sessiyasında hansısa maddi-mədəniyyət nümunəsi, irsi ilə bağlı qərar çıxarılırsa, bu həm də həmin ölkənin bəşəriyyətin tarixinə adını yazdırması deməkdir”, - deyə mədəniyyət naziri Əbülfəs Qarayev vurğulayıb.
Sessiyada UNESCO-nun Ümumdünya İrs Komitəsi tərəfindən "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya faylı ilə bağlı "referral” qərar verilib. Yəni obyektiv olaraq abidənin müstəsna universal dəyəri Komitə tərəfindən bu mərhələdə tanınır və mühafizə, eləcə də digər məsələlərin həlli üçün Azərbaycan tərəfinə vaxt verilir.
 
Karvansaraylar, tağlı körpülər, hamamlar...
 
Şəki şəhərinin tarixi hissəsi qədim İpək Yolunun üzərində yerləşir. Şəkinin Gürcənçaya paralel olan əsas və ən uzun küçəsi tərkibində şəhərin ən mühüm arxitektura abidələrini cəmləşdirir. Qədim şəhərin bir çox küçələri tarixi və arxitektura abidələrinin mövcudluğu ilə diqqəti cəlb edir.
Şəki şəhərinin qədimliyini, ərazidə tarix-memarlıq abidələrinin çoxluğunu və bunun dünya mədəni irsində xüsusi yeri olduğunu nəzərə alaraq Respublika Nazirlər Soveti 24 noyabr 1967-cı il tarixli qərarla Şəkinin "Yuxarıbaş” hissəsini Tarix-Memarlıq Qoruğu elan edib. Memarlıq qoruğu və Şəki Xan Sarayı dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.
Şəhərin qədim hissəsini bəzəyən Xan Sarayı, Şəki xanlarının evi, dairəvi məbəd, qala divarları qoruğun memarlıq incilərindəndir. Möminlərin ibadət yeri olan Cümə məscidi, Ömər Əfəndi məscidi, Xan məscidindən başqa, məhəllə məscidləri də qoruq ərazisindədir. Ərazidə yerləşən 1 və 3 saylı ipək əyirici və burucu fabrikləri də əhalinin ta qədimdən ipəkçilikdə texniki üsullardan istifadə etmələrindən xəbər verir. O dövrdə tikilmiş beş karvansaraydan ikisi indiyə qədər qorunub saxlanılır. Mehmanxana kimi istifadə edilən Yuxarı Karvansaray indi də səyahətçilərin zövqünü oxşayan yerlərdən sayılır.
"Yuxarıbaş”ı iki hissəyə bölən Qurcana çayı üzərində xüsusi memarlıq üslubu ilə tikilmiş tağlı körpülər bu ərazini birləşdirir. Orta əsrlər memarlığının yadigarı olan Ağvanlar, Dərə və Yeraltı hamamlar bu ərazidə yerləşir.
Xalqımızın milli sərvəti və iftixarı olan diyarşünaslıq, tətbiqi sənət, eləcə də M.F.Axundovun, R.Əfəndiyevin, S.Rəhmanın ev muzeylərini və Dövlət Rəsm Qalereyasını da qoruq öz qoynuna alıb.
Xalqımızın and yeri olan Şəhidlər Xiyabanı və İkinci dünya müharibəsi illərində həlak olan şəkililərin xatirəsinə ucaldılmış abidələri ziyarət etmək istəyənlər qoruq ərazisinə gəlirlər.
Şəki xanı Hacı Çələbinin dövründə (1743-1755) tikilən Şəki Qalası – Narınqala, özünün böyüklüyü və ticarət üçün əlverişliliyi ilə bütün Zaqafqaziyada məşhur olan və dövrümüzə qədər gəlib çatmış iki karvansaray - Yuxarı və Aşağı Karvansaray, yerli əhali arasında Qız(lar) qalası kimi tanınan  "Gələrsən-görərsən” qalası, Giləhli məscidi, Xan məscidi, Ömər Əfəndi məscidi, Cümə məscidi, Kiş Alban məbədi qoruq ərazinin unikal abidələridir.

Memarlıq sənətinin incisi
 
"Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan Sarayını dünyaya göstərmək bəs edərdi” - böyük türk şairi Nazim Hikmətin uzaqgörənliklə söylədiyi bu fikirlər sarayın illər sonra dünya mirasları səviyyəsində qorunmasının təsdiqi oldu. Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayının özünəməxsus inşa üslubu var. Burada tətbiqi incəsənətin bir çox növləri, eləcə də XVIII-XIX əsrlərə məxsus divar rəssamlığı nümunələri öz əksini tapıb. Şəki xanlarının yay sarayı olan bu binanın kim tərəfindən tikdirilməsi haqqında dəqiq elmi məlumat yoxdur. Bəzi mənbələrə əsasən, saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Məhəmmədhüseyn xanın dövründə tikilib. Hüseyn xan eyni zamanda "Müştaq” təxəllüsü ilə şeirlər yazdığına görə, saray bəzi mənbələrdə "Müştaq imarəti” kimi də qeyd olunub. Tarixi mənbələrdə Hüseyn xanın əmisi tərəfindən burada əsir saxlanıldığı və boğularaq qətlə yetirildiyi göstərilir. Qeyd edək ki, Hüseyn xan Müştaq Azərbaycanın məşhur şairləri Molla Pənah Vaqif və Molla Vəli Vidadi ilə dost olub. Vidadi öz "Müsibətnamə” əsərini onun ölümü münasibətilə yazıb.
Başqa bir mənbədə isə bu binanın XVIII əsrin sonunda Məhəmmədhüseyn xanın oğlu Məhəmmədhəsən xan tərəfindən tikdirildiyi və "Məhəmmədhəsən xan divanxanası” adlandırıldığı qeyd edilir. 2 mərtəbədən, 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarət saray öz gözəlliyi, qədimliyi, qeyri-adi memarlıq üslubu ilə turistlərin ən çox üz tutduğu məkanlardandır. Sarayın qarşısında ucalan bir neçə yüzillik xan çinarlar isə sanki tarixin səhifələrindən söz açır, gələnləri XVIII əsrə dəvət edir.
Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda, həndəsi fiqurlara bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Zövqlə işlənmiş taxçalar, rəflər, güzgülü buxarılar əsl sənət nümunəsidir. Taxçalar Nizami Gəncəvinin "Yeddi gözəl”, "Leyli və Məcnun” poemalarına çəkilmiş illüstrasiyalarla bəzədilib. Salonun qalan sahəsi isə rəsmli, ornamentli şəbəkələrlə işlənib.
 
Turistlər üçün cəlbedici məkan
 
Azərbaycan incəsənətinin möhtəşəm əsəri əsarət dövrünün acı zərbələrinə sinə gərərək yaşayıb, gözəllik və əzəmətini qoruya bilib. Vaxtilə rus müstəmləkəçilərinin qəddar münasibəti ilə üzləşən, məscidi rus kilsəsinə, hərəmxanası türməyə çevrilmiş sarayda mütəxəssislər dəfələrlə bərpa işləri aparıblar və abidə ilkin halına qaytarılıb.
Ümummilli lider Heydər Əliyevin tarixi-mədəni irsimizə diqqəti sayəsində bina əsaslı təmir-bərpa olunub. Bərpa işləri 1999-cu ildə Azərbaycan hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanan "Mədəni irsin qorunması layihəsi” çərçivəsində həyata keçirilib. Görülən işlər nəticəsində sarayın özülü möhkəmləndirilib, taxta döşəmə dəyişdirilib. Sarayın divarlarında olan rəsm əsərləri yenidən bərpa olunub.
Dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mədəni irsimizə diqqət və qayğısı sayəsində UNESCO-nun Şəkini Ümumdünya İrs Siyahısına daxil etməsi isə bundan sonra qədim şəhərdə  - əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpasını, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsini, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürətləndirilməsini şərtləndirir. Bu vacib amillər, həmçinin Şəkini turistlər üçün daha da cəlbedici məkana çevirəcək.
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946