• cümə, 26 Aprel, 04:45
  • Baku Bakı 16°C

Dünya brendləri Azərbaycanda

19.11.14 15:53 2498
Dünya brendləri Azərbaycanda
“Ölkəmizdə hər sahə inkişafdadır, o cümlədən turizm sahəsi. Son illərdə Azərbaycana gələn turistlərin sayının artması və yeni otellərin açılışı ölkəmizin dinamik inkişafını göstərir. Çünki bundan sonra biz qeyri-neft sektorunun inkişafı ilə daha da ciddi məşğul olacağıq və ölkəmizi hərtərəfli - həm iqtisadi cəhətdən, həm regional baxımdan inkişaf etdirəcəyik. Bu, özlüyündə bir göstəricidir. Çünki bu, Azərbaycanın inkişafına inamın əlamətidir. Azərbaycan inkişaf edir”. Bu fikirləri bu ilin may ayında “Şamaxı Palace Platinum By Rixos” otelinin açılışında iştirak edən prezident İlham Əliyev səsləndirib. Azərbaycanda turizmin inkişafı ilə bağlı böyük addımlar atıldığını qeyd edən ölkə başçısı paytaxt Bakıda, xüsusilə bölgələrdə bir neçə beşulduzlu otelin istifadəyə verildiyini, yeni turizm mərkəzlərinиn açıldığını qeyd edib: “Azərbaycanın turizm potensialı artıq ölkəmizin inkişafına, xalqımızın rifah halının yaxşılaşmasına xidmət göstərir. Əminəm ki, Azərbaycan vətəndaşları getdikcə daha çox ölkə daxilində istirahətə üstünlük verəcəklər. Çünki Azərbaycanda yaradılan imkanlar dünya səviyyəsindədir. Bunu bizim vətəndaşlar da, xaricdən gələn turistlər də qeyd edirlər. Yəni, qeyri-neft sektorunun inkişafı ilə bağlı bu istiqamət də çox önəmlidir”. Hazırda Bakıda dünyanın bütün əsas otel şəbəkələrinin fəaliyyət göstərdiyini qeyd edən ölkə başçısı son 2-3 il ərzində şəhərimizdə beşulduzlu altı otel tikildiyini və bütün bu otellərin ən yüksək səviyyədə xidmət göstərdiyini qeyd edib: “Baxın, cəmi iki il ərzində Bakıda “Marriott”, “Hilton”, “Kempinski”, “Jumeirah”, “Fairmont”, “Four Seasons”- dünya miqyasında ən birinci sırada olan altı otel fəaliyyət göstərir. Ondan sonra “Sheraton”, “Hyatt”, “Radisson”. Ölkə başçısı otel biznesi keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını həmçinin investorların Azərbaycanın gələcəyinə inamının göstəricisi kimi qiymətləndirib. Hazırda Bakıda yenə də otellərin tikildiyini bildirən dövlət başçısı “İnturist” otelinın yenidən tikilməsini tarixi ədalətin bərpası kimi qiymətləndirib. Belə ki, Bakının vaxtilə - 1950-1960-cı illərdə ən məşhur oteli “İnturist” yenidən tikilir. “Mən çox şadam ki, hazırda biz bu tarixi ədaləti bərpa edirik. “İnturist” oteli tikilir. Adı da “İnturist” olacaqdır. Təxminən əvvəlki “İnturist”in yerinə çox yaxın bir yerdə tikilir. Dənizə mənzərəsi açılır və Yeni Bulvarın arxasında yerləşir. Eyni zamanda, Ağ şəhər bulvarında - bulvarın əks istiqamətində yeni böyük otel tikilir. Beləliklə, Bakıda beşulduzlu otellərin sayı ən azı ona çatacaqdır. Yəni, bir neçə il ərzində beşulduzlu on otelin fəaliyyətə başlaması özlüyündə ölkəmizin nə qədər sürətlə inkişaf etdiyini göstərir”.
Turizm sektoru iqtisadiyyatın aparıcı sahələrindən biri kimi

Zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkədə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanların olması nəzərə alınaraq, ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Bu proqramın həyata keçirilməsi nəticəsində turizmin inkişafı üçün münbit şərait yaradılıb, beynəlxalq turizm bazarına inteqrasiyanın təmin olunmasının əsası qoyulub, milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlib. Azərbaycanda turistlərin yerləşdirmə biznesi də dinamik surətdə inkişaf edib. Hazırda da turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Ölkə başçısı İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” da ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsi və turizm sahəsinin daha da inkişaf etdirilməsinin təmin edilməsi üçün hazırlanıb. Proqramdan irəli gələrək aidiyyəti dövlət qurumları, xüsusən də iqtisadiyyat və sənaye, mədəniyyət və turizm nazirliklərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Həmin vəzifələrin uğurla həyata keçirilməsi nəticəsində isə son illər Azərbaycanda əldə olunan sosial-iqtisadi irəliləyişdə turizm sektorunun payı əhəmiyyətli dərəcədə artıb, yeni-yeni turizm obyektləri, otellər, mehmanxanalar istifadəyə verilib. Təkcə bir faktı qeyd edək ki, əgər 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövrlər ərzində onların sayı dəfələrlə artıb.
Otellərin tikintisi ölkədə gedən ümumi proseslərin təzahürüdür. Fərəh doğurası məqamlardan biri də budur ki, ölkə başçısının müxtəlif illərdə imzaladığı sərəncamlarla həyata vəsiqə alan regional inkişaf üzrə Dövlət Proqramlarının uğurla icrası, sahibkarlığa, sahibkarlara göstərilən dövlət dəstəyi, ölkədə əlverişli investisiya mühitinin yaradılması turizmin inkişafı baxımından artıq bölgələrimizin də mərkəz şəhərimizlə rəqabətinə gətirib çıxarıb. Son illər regionlarda dünyaca məşhur brend otellərin istifadəyə verilməsi deyilənlərə əyani sübutdur.
Paytaxtdan əlavə, bölgələrdə tikilən otellər də öz müasirliyi ilə turistləri cəlb edir. Belə ki, Qəbələ şəhəri artıq Azərbaycanın turizm mərkəzinə çevrilib. Rayonda bir neçə beşulduzlu otel fəaliyyət göstərir. Regionların sosial-iqtisadi inkişafı layihələri çərçivəsində istifadəyə verilən turizm obyektləri sırasında adları sadalananlarla yanaşı, Gəncədə “VEGO” , Naftalanda “Chinar Hotel & SPA Naftalan”, “Naftalan Hotel by Rixos”, “Qarabağ SPA and Resort”, Qusarda “Şahdağ”, “Pik Palas”, Qaxda “El Resort”, Tovuzda “Ayan Palace” otellərini, Şəmkirdə “Excelsior Hotel Shamkir”, Şəkidə “Green Hill İnn” mehmanxanalarını və Şəkidə “Shaki Palace” oteli və s. müasirliyi ilə diqqət çəkir. Təbii ki, bütün bunlar qeyri-neft sektorunun, xüsusən də turizmin inkişafına gözəl nümunələrdir.
İnvestorların fəaliyyəti

Heç şübhəsiz, bu gün beynəlxalq səviyyəli şirkətlərin Azərbaycan bazarına maraq göstərməsi ölkəmizdə istər yerli, istərsə də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühitindən irəli gəlir. Yerli və xarici sahibkarlara dövlətin dəstəyi isə Azərbaycanda iqtisadi layihələr həyata keçirmək, sərmayə yatırmaq istəyənləri bir qədər də həvəsləndirir. Məhz bu amilin nəticəsidir ki, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi respublikamızda turizmin inkişafı sürətlənir və otel biznesi daha da genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Qeyri-neft sahələrinin yüksəlişi ilə davamlı iqtisadi inkişafın təmin edilməsinin müasir dövrdə ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri olması öz təsdiqini tapır. Tədqiqatlar göstərir ki, turizm də öz perspektivliyinə görə qeyri-neft sahələri arasında aparıcı mövqelərdən birini tutur. O mənada ki, hazırda turizm planetar miqyasda sürətlə inkişaf edən biznes sahələrindəndir. Statistik göstəricilərə əsasən, dünya üzrə ümumi milli məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür, göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir. Dünyada əməkqabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Turizm biznesinin inkişafı bizim ölkəmizdə əhalinin işlə təminatında böyük rol oynayır.
Ölkədə otel biznesinin inkişafında investorların fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Əgər Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf müşahidə edilməsəydi, investorlar üçün əlverişli imkanlar yaradılmasaydı, sahibkarlara dövlət dəstəyi olmasaydı, bu nailiyyətlərə imza atmaq da qeyri-mümkün olardı. Həm yerli, həm xarici investorlar turizm, otel sektorlarına, böyük maraq göstərirlər, investisiyalar qoyurlar və beləliklə, ölkəmiz bu gün dünyada turizm mərkəzi kimi tanınır. Ölkə rəhbərinin dediyi kimi, bu sahəyə qoyulan sərmayə uzun müddətə, Azərbaycanın gələcəyinə qoyulan sərmayədir: “Əgər investorların da inamı olmasaydı, Azərbaycana bir manat da qoymazdılar”.
Otel biznesinin inkişafı həmçinin ölkəmizin dünyada tanınmasına xidmət edir. İldən-ilə ölkəmizə səyahət edən turistlərin sayı artır. Hər gələn qonaq Azərbaycanın müəyyən bir guşəsi ilə yaxından tanış olur, ölkəmizin mədəniyyəti, tarixi, insanları, bölgələri, təbiəti və s. haqqında bilgilənir. Bu, Azərbaycanın dünyada tanınması istiqamətində mühüm addımlardan biridir.
Hazırda turizm Azərbaycanda ən sürətlə inkişaf edən sahələrdən biridir. Bu faktı beynəlxalq qurumlar da təsdiqləyir. Dünya Turizm Təşkilatının rəhbərliyi Azərbaycanda görülən işlərə çox yüksək qiymət verir. Tam əminliklə demək olar ki, görülən işlər, həyata keçirilən layihələr gələcəkdə Azərbaycanı bölgənin və dünyanın turizm mərkəzlərindən birinə çevirəcək. Dünyada neftinə, qazına görə tanınan Azərbaycan həm də təbiətinin gözəlliyi, təhlükəsizliyi, turizm mərkəzi kimi də tanınacaq. Bunun üçünsə bütün imkanlar var: füsunkar təbiət, tarixilik, əlverişli iqlim, bacarıqlı insanlar, sabitlik və təhlükəsizlik...
Təranə Məhərrəmova
Məqalə Mədəniyyət və Turizm Nazirliyinin keçirdiyi müsabiqəyə təqdim etmək üçündür

banner

Oxşar Xəbərlər