AZE | RUS | ENG |

Dünya bazarına çıxa biləcək ənənəvi sahə

Dünya bazarına çıxa biləcək ənənəvi sahə
İqtisadçıların fikrincə, xalçaçılığın inkişaf etdirilməsi qeyri-neft sektorunun genişləndirilməsi ilə yanaşı, ölkəyə daxil olan valyutanın həcminin artmasına gətirib çıxara bilər

Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, kollegiya iclasında bir çox məsələlər barəsində müzakirələr aparılıb. Həmçinin, qeyd edilib ki, ölkəmizdə ənənəvi sənaye sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etdirilməsi məqsədilə "Azərxalça” ASC-nin təşkili işləri aparılır. Azərbaycanda bölgələrdə 10 xalça istehsalı müəssisəsinin, Sumqayıtda isə əyirmə-boyama müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu müəəsisələrdə 1700-ə yaxın iş yerinin açılması planlaşdırılır. Xalça istehsalı müəssisələrinin sayının gələcəkdə 30-a çatdırılması və 5000 nəfərin işlə təmin olunması gözlənilir.

Bununla yanaşı, "Azərbaycanda xalçaçılığın inkişafı üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanıb və hazırda aidiyyatı qurumlarla razılaşdırılma mərhələsindədir. Xalça və xalça məmulatlarının istehsalı və ixracının genişləndirilməsi məşğulluğun artırılmasında mühüm rol oynayacaq.

İqtisadçı alim Vüqar Bayramov deyir ki, xalçaçılıq vaxtilə ölkəmiz üçün prioritet sahələrdən biri olub. Azərbaycan xalçaları uzun müddət həm regionda, həm də dünya bazarında ən çox satılan və öz mövqeyi olan xalçalardan olub. Amma təəssüf ki xalçaçılıqda Azərbaycanın mövqeyi xeyli dərəcədə zəifləyib. İqtisadçı deyir ki, bu zəifləmənin müxtəlif səbəbləri var: "Əvvəla, xalçaçılığa maraq azalıb. Aqrar sektorda xalçaçılıq üçün xammal xeyli dərəcədə azaldı, bazara çıxış imkanları məhdudlaşdı. Eyni zamanda, ölkəyə xaricdən saxta xalçalar ayaq açdı. Ölkə daxilində istehsal olunan xalçalar Çindən və digər Asiya ölkələrindən gətirilən saxta xalçalarla rəqabət apara bilmədi. Nəticə etibarilə xalçaçılıq sektoru tənəzzülə uğradı. Bu kontekstdə də, təəssüf ki, Azərbaycan xalçalarının bir qismi qonşu ölkələrin məhsulu adı ilə bazara çıxarıldı. Buna görə bizim xalçanın dünya bazarında mövqeyi bir az zəifləmiş oldu. Amma Azərbaycan xalçalarının dünyada həmişə mövqeyi var. Birmənalı şəkildə Azərbaycan xalçaçılığı və xalçaları dünya bazarında öz mövqelərini bərpa etmək imkanlarına malikdir. O baxımdan Azərbaycanda xalçaçılığın inkişafı prioritet sektor olaraq çox vacibdir. Ona görə də xalçaçılıq sektorunun dəstəklənməsi, bu istiqamətdə dövlət dəstəyinin genişləndirilməsinə ehtiyac var”. 

İqtisadçının sözlərinə görə, bu sahədə inkişafa nail olmaq üçün müəyyən addımların atılmasına ehtiyac var: "Xalçaçılıq istehsalı müəssisələrinin qurulması vacibdir. Bu istiqamətdə atılan addımlar da təqdirəlayiqdir. Sahibkarlara dəstəyin verilməsinə ehtiyac var. Sahibkarlar dövlətdən güzəştli kredit formasında dəstək almalıdırlar. Çünki xalçaçılıq zaman tələb edir, texniki, innovativ sənətdir. Xüsusilə istehsal olunan xalçaların xərcinin aşağı olması üçün güzəştli kreditlərin verilməsinə ehtiyac var. Əksər ölkələrdə bu kimi sənətlər vergidən azaddır. Çünki vergi güzəştləri istehsal olunan xalçaların xərcinin aşağı düşməsinə gətirib çıxarır, xalçaçılığın gəlirli sektora çevrilməsinə imkan verir”.

V.Bayramov bildirdi ki, bu sektorun inkişafı ölkəmizə valyuta gətirmək cəhətdən də vacibdir: "Azərbaycana daha qısa zamanda valyuta gətirə biləcək sektorlardan biri xalçaçılıqdır. Çünki xalçaların bazarı var. Xüsusilə MDB ölkələrinə çıxış imkanları var. Deməli, daha qısa zamanda dünya bazarına çıxmaqla gəlir əldə etmək mümkündür. Xalçaçılığın inkişaf etdirilməsi nəinki qeyri-neft sektorunun genişləndirilməsi, eyni zamanda ölkəyə daxil olan valyutanın həcminin artmasına gətirib çıxara bilər”.

İqtisadçı qeyd etdi ki, ölkəmizdə xalçaçılıqla bağlı ənənə olduğu üçün bu sektorun qısa zamanda inkişafı mümkündür: "Bazara çıxış imkanları, xüsusilə valyutanın ölkəyə daxil olması baxımından, dünya bazarına daha çox xalça çıxarılması zaman tələb edir. Amma 2017-ci il ərzində bu ənənəni bərpa edib, istehsalı genişləndirmək olar. 2019-cu ildən isə dünya bazarına daha çox xalçaların ixrac edilməsinə nail olmaq olar”. 

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov deyir ki, Azərbaycan xalçasının dünyada hər kəsə bəlli olan öz brendi mövcuddur: "Ölkəmizdə yüz illər boyu bu sənət inkişaf edib və təkmilləşib. Təəssüflər olsun ki, sovetlər birliyi dağıldıqdan sonra bu sənətə olan diqqət bir xeyli azaldı və xalçaçılıq sənəti bir qədər kölgədə qaldı. Lakin son illər bir çox sahələr kimi xalçaçılığın da inkişafına dövlət səviyyəsində diqqət xeyli artıb. "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin bu ilin may ayının 5-də imzaladığı Sərəncam ölkədə xalçaçılığın inkişafına geniş yol açdı. Sərəncamın icrasını diqqət mərkəzində saxlayan ölkə başçısı iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında Azərbaycanda xalçaçılığın sürətli inkişafını təmin etməklə bağlı konkret tapşırıqlar verdi. Bu sahədə çalışanların sayının başlanğıcda min nəfərə, sonradan isə beş min nəfərə çatdırılması hələ son demək deyil. Dünya bazarlarında Azərbaycan xalçasının öz yeri, öz çəkisi var”.
F.Yusifov hesab edir ki, dövlətin xüsusi qayğısı ilə inkişaf etməyə başlayan bu sənət öz əvvəlki nüfuzunu qısa vaxt ərzində bərpa edə biləcək: "Digər tərəfdən, xalçaçılığın inkişafı ölkədə yeni iş yerlərinin açılmasına və xarici valyutanın gəlməsinə səbəb olacaq. Biz bu gün ölkədə qeyri-neft sektorunun bütün sahələrinin inkişafını təmin etməklə, çox keçməz ki, ölkə iqtisadiyyatının neftdən asılılığını tam optimal bir həddə çatdıra bilərik”.

Aygün Asimqızı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6308
GBP 1 İngilis funt sterlinqi 2.2135
TRY 1 Türk lirəsi 0.3020
KWD 1 Küveyt dinarı 5.6066
SEK 1 İsveç kronu 0.1881
EUR 1 Avro 1.9479
CHF 1 İsveçrə frankı 1.7064
USD 1 ABŞ dolları 1.7000