Dünya Bankının vitse-prezidenti ilə müzakirələr aparılıb
İqtisadiyyat naziri Şahin
Mustafayevin Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya
regionu üzrə vitse-prezidenti Siril Müller ilə görüşündə ölkəmizlə Dünya Bankı
arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərinə dair
müzakirələr aparılıb.
İqtisadiyyat Nazirliyinin və Dünya Bankının rəhbər
vəzifəli nümayəndələrinin iştirakı ilə
keçirilmiş görüşdə nazir Şahin Mustafayev vurğulayıb ki, Azərbaycan Bankın dövlət
və özəl sektorun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir. Dünya
Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl
beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin
ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Dünya Bankı
arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri
əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15
mlrd. ABŞ dolları vəsait ayırıb. Artıq 41 layihə üzrə işlər başa çatıb,
11 layihə üzrə tədbirlər isə davam etdirilir.
Dünya Bankı ölkəmizdə özəl sektorun inkişafına da dəstək
göstərir, bu sahə ilə sıx əməkdaşlıq edir. İndiyədək Dünya Bankı tərəfindən 72
layihə üzrə özəl sektora 500 mln. ABŞ dolları
vəsait ayrılıb.
Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda
"Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi uğurla icra olunub və
Dünya Bankı tərəfindən mükafata layiq görülüb. Bank tərəfindən rəqabətliliyin
artırılmasına, ölkəmizdə yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək
göstərilib. Artıq texniki dəstəyin göstərildiyi sahələr üzrə müsbət nəticələr əldə
olunub.
Nazir Şahin Mustafayev qeyd edib ki, qeyri-neft
sektorunun inkişafı və şaxələndirilməsi, biznes və investisiya mühitinin
yaxşılaşdırılması, sahibkarlığa dəstək Azərbaycan iqtisadiyyatının prioritetləridir.
Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı bu prioritetlərə uyğun olaraq davam
etdirməkdə maraqlı olduğunu bildirən Şahin Mustafayev ölkə iqtisadiyyatı, həyata keçirilən islahatlar barədə
məlumat verib, biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun maliyyə
resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair
təklifləri diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan bərk
məişət tullantılarının idarəedilməsi, sənaye parklarına və özəl sektora dəstəyin
davam etdirilməsi sahələrində Dünya Bankı ilə əməkdaşlıqda maraqlıdır.
Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə
vitse-prezidenti Siril Müller Bankın Azərbaycanla əməkdaşlığının 25 ildir ki,
uğurla davam etdiyini və təmsil etdiyi qurumun bu əlaqələrdən məmnunluğunu diqqətə
çatdırıb. Vitse-prezident Dünya Bankının Azərbaycan da daxil olmaqla 35 ölkə ilə
əməkdaşlığına rəhbərlik etdiyini, Azərbaycanın onların arasında ən dinamik
inkişaf etdiyini bildirib, 2017-ci ildə mühüm irəliləyişlərin olduğunu
vurğulayıb. Qeyd olunub ki, Dünya Bankı bir çox sahələrdə, o cümlədən Cənub Qaz
Dəhlizi layihələri çərçivəsində ölkəmizlə əməkdaşlıq edir. Siril Müller ugurla
icra olunan bərk məişət tullantılarının idarəedilməsinə dəstəyin davam etdiriləcəyini,
Dünya Bankının Azərbaycanın iqtisadi inkişafına hər zaman dəstək göstərməyə
hazır olduğunu diqqətə çatdırıb.