Dubay Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat naziri, Azərbaycan
Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi,
ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev ölkəmizdə
səfərdə olan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Əl Gurairi ilə görüşüb. İqtisadiyyat
nazirliyinin mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, görüşdə nazir Şahin Mustafayev Azərbaycan və Birləşmiş Ərəb
Əmirlikləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu, ölkələrimizin
iqtisadi əlaqələrin genişlənməsinə önəm verdiyini vurğulayıb. Bildirilib ki,
Azərbaycan-BƏƏ əməkdaşlığının inkişafında və iş adamları arasında əlaqələrin
genişlənməsində Dubay
Ticarət və Sənaye Palatasının fəaliyyəti
əhəmiyyətlidir. Təsadüfi deyildir ki, Palatanın MDB üzrə ilk beynəlxalq nümayəndəliyi 2012-ci ildə Azərbaycanda
açılıb. Şahin Mustafayev Dubay Ticarət və Sənaye Palatasının Azərbaycan şirkətlərinin təqdimatına dəstək göstərməsinin əhəmiyyətli
olacağını bildirib.
2016-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan-BƏƏ
ticarət əlaqələrinin 24% artdığını
qeyd edən İqtisadiyyat naziri kənd təsərrüfatı, emal, turizm, yük daşımaları,
neft-kimya sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın
olduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidentinin islahatlar paketi
çərçivəsində ökəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması,
sahibkarlığın inkişafı, iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata
keçirilən tədbirlər barədə məlumat verən nazir Şahin Mustafayev bu islahatların
iş adamları arasında əlaqələrin genişləndirilməsinə əlavə imkanlar yaratdığını
vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, "Made in Azerbaijan”
brendinin təşviqi tədbirləri çərçivəsində noyabr ayının sonunda Dubaya mineral
sular, meyvə şirələri, ət və süd məhsulları, meyvə-tərəvəz, bal
istehsalçılarından ibarət ixrac missiyası təşkil ediləcəkdir. Bundan başqa, qida
sektorunda fəaliyyət göstərən Azərbaycan sahibkarları 29 noyabr-1 dekabr tarixlərində
Dubayda keçiriləcək sərgidə iştirak edəcəklər.
BƏƏ investorlarının
iştirakı ilə Azərbaycanda yeni emal müəssisələrinin yaradılması üçün potensial
genişdir. BƏƏ şirkətləri ölkəmizdə fəaliyyət göstərən sənaye parklarında yaradılmış
imkanlardan yararlana bilər. Xəzər Dəniz Limanının tikintisi layihəsi üzrə I
mərhələnin başa çatması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı
istiqamətində işlərin davam etdirilməsi bu sahədə əlaqələrin
genişləndirilməsinə, BƏƏ yüklərinin Azərbaycan üzərindən daşınmasına geniş imkanlar
yaradır. Dubay
Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Əl Gurair Azərbaycana səfərindən məmnunluğunu bildirib,
səfər çərçivəsində regionlarda olduğunu, ölkəmizdəki quruculuq-abadlıq
işlərinin onda böyük təəssürat yaratdığını vurğulayıb. Dövlət başçılarının siyasi
iradəsinin ölkələrimiz arasında əlaqələrin inkişafına böyük stimul verdiyini
qeyd edən Məcid Saif Əl Gurair iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq
imkanlarına dair fikirlərini bölüşüb.