AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

"Dostluq" yatağı ilə bağlı memorandum tarixi əhəmiyyət daşıyır - Deputat

Cəmiyyət
21 Yanvar 2021, 18:30 190
Xəzər dənizi sülh, dostluq, mehriban qonşuluq və əmkdaşlıq dənizidir. 12 avqust 2018-ci ildə Xəzəryanı ölkələri tərəfindən imzalanmış "Xəzər dənizin hüquqi statusu haqqında” Konvensiya Xəzər dənizində əməkdaşlığın yeni formatını formalaşdırıb.

Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, Konvensiya imzalanana qədər Xəzər dənizinin dibinin işlənməsi ilə əlaqədar ölkələr arasında müəyyən fikir ayrılığı yaranırdısa, artıq bu problem öz həllini tapıb: "O cümlədən, Xəzərin Azərbaycan - Türkmənistan hissəsində dəniz dibinin ortaq hissəsində neftçilərimiz tərəfindən kəşf edilmiş böyük karbohidrogen ehtiyatına malik bizim Kəpəz, Türkmənistan tərəfinin Sərdar adlandırdığı yataq istismar olunmurdu. Həmin yataq artıq "Dostluq" yatağı adlandırılır və bu yatağın birgə işlənməsi ilə əlaqədar 21 yanvar 2021-ci ildə Azərbaycan Hökuməti ilə Türkmənistan Hökuməti arasında Anlaşma Memorandumu imzalanıb. İmzalnmış memorandum ölkələrimiz üçün böyük tarixi əhəmiyyət daşıyır. Azərbaycan və Türkmənistan eyni soykökə malik, hətta öz dilində danışanda bir-birini başa düşən dost ölkələrdir. Bu birgə memorandumu ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsinin simvolu adlandırardım”.

A.Badamov vurğulayıb ki, Türkmənistan və Azərbaycan beynəlxalq platformalarda bir-birini dəstəkləyən, yeni beynəlxalq nəqliyyat dəhlizlərinin ərsəyə gəlməsində eyni mövqedən çıxış edən ölkələrdir: "Xəzər dənizində birgə fəaliyyət formatının formalaşması ölkələrimizin gələcək perspektivində bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəkdir. "Dostluq" yatağı böyük neft-qaz resursuna malikdir. Azərbaycan Avropaya qədər karbohidrogen resurslarını ixrac etməyinə imkan verən boru xətlərinə malikdir. Bu kəmərlər "Dostluq" yatağında istehsal olunacaq neft-qazın daşınmasında əsas rol oynaycaq. "Dostluq" yatağının birgə işlənməsi gələcəkdə Xəzər dənizin Türkmənistan sektorunda istehsal olunan neft-qazın Azərbaycan üzərindən tranzit daşınmasının əhəmiyyətini artıracaq. Təbii ki, tranzit daşınmalar ölkəmizin iqtisadiyyatı üçün gələn əlavə gəlirlərdir. O cümlədən, "Dostluq" yatağının işlənməsi Azərbaycan və Türkmənistan respublikalarının eyni yataqdan mənfəət qazanması deməkdir. Azərbaycan neftçilərinin Xəzər dənizində neft-qaz istehsal etmək təcrübəsi böyükdür. Neftçilərimiz Xəzərin dərin qatlarındakı karbohidrogen resurslarının əldə edilməsinə imkan verən texnologiyalara malikdir. Düşnürəm ki, "Dostluq" yatağının birgə istismarı Xəzərdə Türkmənistanla birgə yeni yataqların istismar edilməsi üçün başlanğıc rolunu oynayacaq”. (Trend)