• şənbə, 27 Aprel, 02:09
  • Baku Bakı 14°C

Dollar kreditləri məhdudiyyəti nədən qaynaqlanır?

12.05.16 11:14 1594
Dollar kreditləri məhdudiyyəti nədən qaynaqlanır?
Dollar kreditlərinə qoyulan bir aylıq məhdudiyyət tam aradan qaldırılmayıb. Banklar qarşıdakı dövrlərdə də dollarla kredit verə bilməyəcək. Belə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı yeni kreditləşmə modelinin detallarını açıqlayıb. O bildirib ki, yeni kreditləşmə modelinə əsasən xarici valyutada istehlak kreditlərinin verilməsinə olan qadağa qüvvədə qalmaqdadır: "Burada iki istisna var. Birinci istisna odur ki, əgər müştəri əvvəllər xarici valyuta ilə kredit alıbsa və bu gün həmin kreditlərin vaxtı bitibsə və ya vaxtı tamamlanmayıb, lakin banklar bu kreditləri restrukturizasiya edirlərsə, belə müqavilələrin imzalanmasına yol verilir. Bu, daha çox əhalinin kredit yükünün və ona xidmət etmək imkanlarının sadələşdirilməsi və sağlamlaşdırılması məqsədini daşıyır. İkincisi, əgər kiminsə xarici valyutada gəlirləri və ya xarici valyutada bankda depoziti varsa və bu depoziti girov qoyaraq xarici valyutada borc almaq istəyirsə, belə kreditlərin də verilməsinə icazə verilir. Yerdə qalan hallarda xarici valyutada istehlak kreditlərinin verilməsinə qoyulan qadağa qüvvədə qalır”.
Belə görünür ki, hökumət dollarla kredit vermənin tərəfdarı deyil. Qoyulmuş məhdudiyyət bankların krediti manatla verməsinə nail olmaq məqsədi daşıyır. Bəs MBNP bu məqsədinə nail ola biləcəkmi? Bu qadağanın uzun müddət qüvvədə qalmasının səbəbi nədir?
Bank sahəsi üzrə mütəxəssis Rauf Ağayev deyir ki, son zamanlar banklar fəaliyyətini dayandıraraq MBNP-nin hansı qərar qəbul edəcəyini gözləyirdilər. Nəhayət, Nəzarət Palatasının qəbul etdiyi yeni qərara əsasən kimin dollar depoziti varsa, həmin şəxslərə dollarla kredit vermək mümkün olacağı bildirildi: "Qeyd edim ki, fiziki şəxslərin ölkə banklarında dollarla olan depozitlərinin ümumi miqdarı 11 milyard manat ekvivalentindən bir qədər artıqdır. Manatla olan əmanətlərin həcmi isə 1 milyard 800 milyon manat həcmindədir. Beləliklə, bank əmanətçilərinin 90 faizinin əmanəti xarici valyutadadır. Bu Mərkəzi Bankın statistikasıdır. Deməli, belə aydın olur ki, MBNP qərar qəbul edib ki, dollarla depoziti olan şəxslərdən başqa heç kimə dollarla kredit verilməsin. Amma əslində bu qərarla Nəzarət Palatası dollarla kredit vermək istəyən banklar üçün yol açmış oldu”.
Bundan sonrakı proseslər üçün proqnoz verməyin bir qədər çətin olduğunu deyən ekspertin sözlərinə görə, banklar özləri də manatla kredit verməkdə maraqlı deyillər. Çünki bankların manata inamı yoxdur: "Əslində, bu, qəbulolunmaz bir şeydir. Əgər banklar manatla kredit versələr, əhali də milli valyutaya qarşı inamlı olar. Bu həm də manatın gələcəyinə ümid verərdi. Unutmaq lazım deyil ki, əhalinin çoxu vəsaitlərini itirmək qorxusu ilə manat depozitlərini banklardan geri çəkib, dollara çevirərək yenidən banka qoymuşdular. İndi həmin psixoloji baryeri aşmaq lazımdır. Bunun üçün isə bəzi işlər görülməlidir. Bu işlər görülmədiyinə görə banklar manatla kredit verməkdə maraqlı olmurlar. Odur ki, manat daha da gözdən düşür. Bankların taleyi isə müştəri -bank münasibətlərindən asılıdır”.
R.Ağayevin sözlərinə görə, banklar artıq müəyyən güzəştlərə getməyə məcburdur: "Bankın ayaqda qalması onun kapital vəziyyəti, maliyyə dayanıqlılığından və likvidliyindən asılıdır. Loru dillə desək, bazarda kifayət qədər müştərisi olan banklar işləyəcək. Ona görə də banklar əhalinin etibarını itirməməlidir. İstər problemli kreditlərdə, istər kreditin verilməsi zamanı müəyyən şərtlərdə güzəştə gedilməlidir. Qeyd edim ki, dollarla kredit verilərkən neçə faizlə verilməsi barədə heç bir məlumat yoxdur. Gərək bu barədə qərar qəbul olunsun, yaxud tövsiyə verilsin. Çünki bank xarici valyutada 3-4 faizlə depozit götürdüyü halda krediti 24-25 faizlə verirsə, bu, yolverilməzdir. Dünya praktikasında da belə bir fakta rast gəlinmir. İstər Mərkəzi Bank, istər MBNP bununla bağlı təcili qərar qəbul etməlidir. Əgər depozit 3-4 faizlə götürülürsə, kredit də heç olmasa 10-12 faizlə verilməlidir. Əks təqdirdə müştəri-bank münasibətləri pozula bilər ki, bu da son nəticədə bankın müflisləşməsinə yol açar”.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Nicat Hacızadə qəzetimizə açıqlamasında bildirdi ki, istehlak kreditlərinin dollar şəklində verilməsinin əleyhinədir: "Bir ölkədə milli valyuta varsa, biz dollarla kredit verilməsini müzakirə etməli deyilik. İstənilən halda əsas kredit götürmə Azərbaycan manatı vasitəsilə həyata keçirilməlidir. Qeyd etmək istərdim ki, hazırkı dövrdə dollarla olan kreditlər MBNP tərəfindən hesablanır və qəbul olunan bu iki maddə uzun müddət öz təsirini saxlayacaq. Digər qaydalarla hansısa kreditlərin minimallaşdırılmasına nail olunacaq. MBNP çalışmalıdır ki, kommersiya bankları manatla olan kreditləri bərpa etsinlər. Bu bərpa olunduqdan sonra hər hansı xarici valyuta ilə kredit verilməsinə ehtiyac olmayacaq. Dollarla kredit götürənlərin əksəriyyəti biznesmenlər və iş adamları olub ki, onlar hər hansısa bir malı alarkən dollarla kredit götürür və dollarla da əldə edir. Əgər kredit götürən şəxs yerli vətəndaşdırsa və istehlakçı krediti götürürsə, daxili istehsalla bağlı müəssisədə fəaliyyət göstərirsə, həmin şəxsə dollar lazım deyil. Bu baxımdan manat qıtlığının aradan qaldırılması çox vacibdir. MBNP bu istiqamətdə Mərkəzi Bankla olan münasibətləri tənzimləməklə kommersiya banklarına dəstək göstərməlidir. Banklara olan manat dəstəyi nağd və kredit, yaxud kömək şəklində həyata keçirilə bilər”.
N.Hacızadənin sözlərinə görə, xarici valyuta ilə kredit götürmə üzərinə qoyulan məhdudiyyətin uzun müddət davam etməsi problemli kreditlərin artmasının qarşısını almaq məqsədi daşıyırdı: "Dollarla kredit götürən şəxslər kreditlərini ödəyə bilmirdi, çünki həmin şəxslərin aylıq gəlirləri manatla idi. MBNP ümumiyyətlə dollarla gəliri və ya depoziti olmayan şəxslərin dollarla kredit götürməsinin qarşısını almağa çalışır”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər